Qadın

Müəllif: aliceWOnDer
Şərhlər: 3
Baxılıb: 2 360
Səs ver:
(səs: 1)
QADIN
Anaları anam, qızları bacım bildim…
Bütün bunları bizləri atasiz böyüdən anamız öyrətdi.
Bu yazını anam Qüdrət Bəhramqızının simasinda butun analara həsr edirəm.

Bu gün bəşəriyyətin qəddarcasına istismar olunma düşüncə tərzinə yuvarlanmasının əsas amillərindən biri də insanları "gender bərabərliyi” adı altında yaşanılan inkişafın modern düzəni ilə dərin siyasətlər aparılmasıdır. Yaradılışın ən zərif və incə varlığı olan qadına hüquqlar verməklə əslində onun ağır məşəqqətlərə düçar edilməsi anlayşı elə bu düşüncənin məhsuludur. Qadına hüquq verməklə, onun qadınlığının əlindən alınması, bizim fikrimizcə dünyanın ən qəddar və murdar siyasətidir. Qadına hüquq verməklə ona olan qayğının göstərilməsi anlamı da beləcə məhv edilmişdir. Vizual və virtual baxımdan istənilən qadın bu gün azaddır. Mənəvi və psixoloji baxımdan, yaradılış anlamından isə o dünyaya gəldiyi gündən qula çevrilib. Guya islamda və digər dinlərdə qadına çox geniş hüquqlar və dəyərlər verilir. Əsil reallıqda isə qadının istismar edilməsi və onun hər anda alçaldılmasında bütün dinlər də daxil olmaqla "din pərdəsi” adı altında onlar qəddarcasına, acımadan böyük məharətlə "hüquqsuzluq” predmetinə çevrilirlər.

Qula çevrilmənin təməli
Bəşəriyyətdə mövcud olan toplumlarda qadına münasibətdə fərqli yanaşma, ad vermə, fəlsəfi-ictimai baxşlar mövcuddur. Bu gün dünyanın aparıcı təməl baxışlarında yer alan əsas amil qədim Misir mədəniyyəti prinsiplərinin yer almasıdır. Bunun da əsas səbəbi yaradılışın haradan qaynaqlanması deyil, güclünün başqasına qul təfəkkürü ilə yanaşması anlamında formalaşmasıdır. Qədim Misir mədəniyyətinin əsas prinsipi sayılan kopt düşüncə tərzində güclü olanın tanrılaşdırılması, onun magik qüdrətinin güc kimi qəbul etdirilməsi başlıca dəyərlərdən biri idi. Yaradılışın və cəmiyyətin, zərif və incə varlığı olan qadına koptlar "arpad” və ya indiki şəkildə "arvad” deyə müraciət olunardı. Bu sözün hərfi və məntiqi anlamı isə "qul” deməkdir. Məhz buna görə də, Orta Doğuda daim mövcud olan dövlətlərdə quldarlıq və qul olma prinsipləri üzərində düşüncə tərzi hakim olmuşdur. Yaranan hər bir dini, mistik, hətta mədəni prinsiplərin əsas qayəsi hər şeyə hakim olmaq dəyərlərinə bağlanmışdır. Misir, Akkad, Elam, Amorey, Assur, Kassit, Hett, Uqarit, Kadeş, Megiddo, Mesopatamiya, Finikiya və digər dövlətlərin tarixində yer alan estetik anlayışlara görə cəmiyyətdə qadına qul düşüncəsi ilə yanaşılması əsas prinspilərdən biri sayılmışdır. Çünki, bütün bunlarda yer alan başlıca zikkurat anlamı və yanaşma tərzi hakim hesab edilmişdir. İeroqamiya baxışları sayəsində qadın "İnianna” və ya "Anat”, yəni sadəcə məşuqə sayılırdı. Tarixin ilkin ortaçağ dönəmində isə daha da irəli gedən dini-mistik baxışlar Marduk, Aşşur, Kumarbi, Teşub ideyalarına pərçimləndi. Dünya mədəniyyətinin ən qədim sivilizasiyası kimi qürurla xatırladılan Hind və Çinin kulturoloji sistemində də qadının cəmiyyətdə rolu qul olmaq anlayışı ilə ölçülüb. Çünki, bu iki Asiya sivilizasiyasında yer alan buddizm təfəkkür tərzində qadın sadəcə kişinin, yəni güclünün qulu, onun şəhvani ehtiraslarının əsiri kimi sayılmışdır. Hətta buddizm təlimində yer alan "şiva” düşüncə tərzi indinin özündə belə, davam etməkdədir. Beləliklə son beşyüz ildə dünya mədəniyyətinə zorla aşılanan və qədim dünya tarixində yer alan Misir, Hindistan və Çin mədəniyyətinin prisinpləri əsasında demokratik cəmiyyətə doğru atılan qanunlar toplusunda irəli sürülən hüquqi baxışlar yalnış bir yolla addımlamışdır. Əslində cəmiyyətin demokratizmi, sosial mənşəyinin hansı düşüncə tərzinin kültürünə bağlı olması aparıcı meyara çevrilməliydi.

Türkün qadın anlayışı
Əgər qadına olan baxışlar qədim türklərin anlayışı ilə yanaşılsaydı, bəşəri anlamda dünya mədəniyyətində türklərin özgür və hürr yaşam tərzinin qanunlarına söykənilsəydi, daha fərqli cəmiyyət və sivilizasiyanın şahidi olardıq. Çünki, türklərdə hər zaman qadına qul kimi deyil, ana, xatun, emegen, xanım,bəyim deyə müraciət edilmişdir. Bu sözlərin hər birinin funksionallığı isə xüsusi anlam daşıyır. İndinin özündə belə, minillərin yaddaşı kimi türklər qadını ən şərəfli varlıq kimi saymışlar. Türk xalqlarının dilində ana sözü vahid deyimlərdən biridir. Bu sözün hərfi mənası anım, yəni yaradanım və hər zaman unuda bilməyəcəyim ilahi varlıq deməkdir. Məntiqi anlamı isə, şərəf və ləyaqətimin uca zirvəsi məvhumu ilə bağlıdır. Ona görə də, türklərdə ana söyüşü ən böyük təhqiramiz məna ilə ölçülür. Xatun sözünün mənasında duran başlıca qavram soyun, ulusun və dövlətin hamisi və başbuğu Xaqanın aristokratik və genetik dəyərlərinin tacı mənasını daşıyır. Xanım deyimində hər bir ailənin məşvərətlə idarə olunmasının, övladların təlim-tərbiyəsinin hamisi olan Xan kəlməsinin ən məhrəm və funksional dəyəri kimi qəbul edilir. Burada "ım” şəkilçisinin artırılması həmin məsuliyyətini artırmaqla yanaşı, həm də qadına verilən ən yüksək dəyər verilməsi deməkdir. Emegen sözündə kosmoqonik və ilahi inanc kultunun varlığına olan inamın ən dəyərli yanaşma forması mənasını verir. Ailə, soy və ulus tərəfindən ağbirçəyin əcdad kultu səviyyəsində qiymətləndirilməsinin mənası, onun müqəddəs varlıq, əcdadlarının ululuğna verilən qiymətin zərifliyi kimi qəbul edilir. Banu gənc qadının kübarlığı, onun həm əcdad kultu, həm də gələcək nəslin altunu sayılır. Ona görə ki, Banu adlandırılan qadın yaşına görə həm mənsub olduğu nəslin örnəyinə çevrilməyi bacarmalıdır, həm də ulularının malik olduğu dəyərlərə bunca erkən yaşlarından sahib çıxmaq istedadına yiyələnməlidir. Banu sözünün başqa bir mənası türk qadınının gəncliyinin nümusu, şərəfi və ləyaqət simvoludur. Türklərdə gənc qadının ailə və soyun davamçısı, dünyaya gələn körpələrin dayəsi və hamisi statusunu öz zəhməti, tərbiyəsi, ləyaqəti ilə qazanmağı bacarana Banu deyilir.

Yırtıcı kapitalizm düşüncəsində qadın
XVIII yüzillikdən başlayaraq, kapitalizm münasibətləri intişar tapdıqca, feodoal-patriarxal düşüncə tərzinin mirası olan bir çox ənənələrə bu dəfə hüquqi don geyindirilməsinə başlanıldı. Çünki, krallıq rejimindən respublika hakimiyyətinə keçid ərəfəsində bütün bunlara zərurət yaranmışdı. Feodalizmdə qadının hüquqları tamamilə inkar edilirdisə, kapitalizmdə ona hüquq verməklə, yeni istismar düzəninə təkan verildi. Beləliklə qadın gündə 12-15 saat yırtıcı kapitalistlər üçün işləmək məcburriyyətində qaldı. XX yüzillikdə isə Ziqmund Freyd və onun fəlsəfi-estetik tərəfdarları cəmiyyətin daha qəddarcasına idarə olunması üçün daha asan yolları təqdim etdilər. Bu, qadının istismarında yeni mərhələnin başlanğıcı kimi yırtıcı kapitalizmin əsas gəlir mənbələrindən birinə çevrilməsi demək idi. Bu gün "gender bərabərliyi” adı altında qadına dövlət qayğısı deyil, onun daha çox istismar edilməsinin prinsipləri də məhz buradan qaynaqlanır. İngiltərədə XI yüzilliyə qədər qadın "murdar” məxluq sayıldığı üçün "İncil” kitabına əl vura bilməzdi. Ərəblərdə bu günün özündə belə, adi bir dəvənin qiyməti qadından min dəfələrlə dəyərli sayılır. Qadının ən dəyərsiz əşya kimi qiymətləndirilməsi qədim Babil qanunlarının timsalında hələ də ərəblərdə ehkam kimi qəbul edilməkdədir. Buna görə də poloqamiya (çoxarvadlılıq) düşüncə tərzi Orta Doğunun əsas bəlası olaraq qalmaqdadır. Qədim yunanlarda qadın "şər”in təmsilçisi sayılırdı. Bu gün özlərini bəşəriyyətin ən sivil mərkəzi sayılan Avropada qadın haqları ilə bağlı çoxlu qanunlar qəbul edilməsinə baxmayaraq, genetik baxımdan bütün bunlar göründüyü kimi deyil. Ona görə ki, yırtıcı kapitalizmin maraqlarında məhz "insan alveri” (ən çox da qadın) siyasəti ilk sırada dayanır. Budda təliminə görə isə, qadın sadəcə eyş-işrət üçün bu dünyaya gəlmişdir
 
Türk irqində qadın obrazı
Bu günün özündə belə Altay, Toleut, Telengit türklərində bir insanın dayı, əmi, bibi və xalası qızı ilə evlənməsi ən böyük günah sayılır. Çünki, bu zümrədən olan qadınlar həm də evlənmək istəyən gənc oğlan onun bacısı hesab olunur. XIV yüzillikdə yaşamış məşhur İtaliya səyyahı Marko Polo Türküstan səfəri zamanı yol qeydlərində bunları yazırdı: "Türklərdə qadının özəl yeri vardır. Onlar ömür-gün yoldaşını seçməkdə tam sərbəstdirlər. Qadına xatun, banu, bəyim, xanım və emegen deyə müraciət edirlər. Bunun mənası isə, qadının ailədə hər şeydən uca sayılması, ona olan müqəddəs varlıq kimi baxılmasıdır. Çünki, qadın öz ömür-gün yoldaşı kimi kişinin evdəki dirəyi sayılır. Türklər uzaq səfərə çıxdıqda ailənin hakimiyyəti ananın üzərinə düşür. Biz qərblilərdə belə bir anlayış yoxdur. Türklər qadın olmadan hər hansı bir qərarı verməzlər. Bir sözlə qadın türk kişisinin yanında onun tamamlayıcısıdır”. Türklərdə kişilər ancaq bir qadınla ailə qura bilərdilər. Onlarda poloqamik baxışlar məhz ortaçağ düşüncə tərzinin dəyişməsi sayəsində baş vermişdir. Ümumiyyətlə cağdas türk mədəniyyətində yamaq kimi görünən əməvi (ərəb) mədəniyyəti demək olar ki, Türk Dünyasına hakim ola bilməyib. Onu da qeyd etmək lazımdır ki, islam dini adı altında ərəb mədəniyyəti həm tarixi keçmişimizdə, həm də bu gününün özündə belə, var gücü ilə nə qədər çalışsa da, bu mədəniyyət türklər arasında heç zaman tam yayğın xarakter daşımamışdır. Qədim türklərdə "Xaqan buyurur” ifadəsi heç bir hüquqi statusa malik deyildi. Əgər "Xaqan və Xatun, Bəy və Bəyim, Xan və Xanım, Er və Emegen buyurur” yazılırdısa, həmin göstərişlər qanuni sənəd sayılırdı. Qədim türklərdə başqa qadına qarşı hansısa zina əməlində bulunmanın cəzası həmin şəxsin iki yerə parçlanması ilə nəticələnərdi. Bilgə Xaqanla bağlı kitabələr bununla başlayır: "Sizlər anam xatun, böyük analarım...” Əski türk inanclarında Ağ Ana, Kubay Ana, Gün Ana, Umay Ana, Maygıl Ana, Od Ana, Su Ana, Yel Ana, Ulu Ana kimi obrazlar da qutsal qoruyucular- müqəddəs ilahələdrir. Dünyanın başqa xalqlarının tarixi, mədəniyyətində və genetik baxımdan bunca qadın uca sayılmamış və tutulmamısdır.

Çağdaş dünyamızda qadın anlayışı
Bu gün dünyada ən çox çiçəklənən biznes sahəsi məhz turizmdir. Burada isə təbii ki, qadın alveri daha amansızcasına inkişaf etməkdədir. Avropada qadın hüquq və azadlıqları demokratiya pərdəsi altında aparılan dərin siyasətlər inkişaf etməkdə olan dövlətlərə də sirayət edilməkdədir. Bu mənada qadına dövlət və ailə qayğısı anlayışı daha da məhv olunmaqdadırr. Freydizm nəzəriyyəsinə aludə olan və şüuraltı düşüncə tərzinə uyğun şəkildə hər şeyə heyvani və mistik ehtiraslar şəklində yanaşmaqla kişilərdə qadınlara qarşı qəddarlıq duyğuları da beləcə inkişaf edir. Bizlər unuduruq ki, qarşımıza çıxan qadın və ya qıza öz anamız, bacımız gözündə baxmaqla digər sorunlarımızı da asanlıqla çözə bilərik. Çünki, biz necə və hansı şüurla həyatımıza bağlıyıqsa, bütün bunlar hər zaman çox asanlıqla qarşımıza çıxır. Fikrimizcə hər hansı bir dinin və ehkamı, "gender bərabərliyi” qanunları ilə deyil, insanlıq vəzifəsi kimi yanaşma tərzi ən ali dəyərə çevrilməlidir. Qadın kimdir? Bu suala cavab vermək üçün, ilk öncə anamızı, bacımızı, qızımızı, həyat yoldaşımızı, digər yaxınlarımız olan qadınları göz önünə gətirməliyik. Dövlət düzənində və qanunlarda isə, qadına dövlət qayğısı anlamına bağlı olan hüquqlar daha çox təsbit edilməlidir. Bəzən qadına o qədər hüquqlar və azadlıqlar verilir ki, o, artıq özünü kişidən daha çox üstün saymaq təfəkkürünə yiyələnir. Beləliklə təbiətin yaratdığı bu incə varlıq tədricən ən hüquqsuz bir əşyaya çevrilir. Çünki, onun ağlında hər şeydən üstün olma anlayışı təməl prinsiplərə çevrilib. Çağdaş dünyamızda texnologiyaların inkişaf etməsi o demək deyil ki, təbiətin və yaranışın ən füsunkar varlığı olan qadının qadınlığını onun əlindən almış olsun.

Bu günkü Azərbaycanda qadının durumu və rolu
Çağdaş Azərbaycan cəmiyyətində qadının rolu çox da ürəkacan deyil. Biz hər yerdə qadınların ayrıseçkiliyə məruz qalmasının şahidi oluruq. Azərbaycan qadını yüksək vəzifələrə irəli çəkilmir, hakimiyyətdə düznənində isə, qadın yox dərəcəsindədir. Bu gün Avropa məkanında Azərbaycandakı qədər qadınlar istismar olumurlar. Tez-tez qadınların qətil edilmələrinin, onların müxtəlif cinayətlərə görə həbsə atılmalarının şahidi oluruq. Bu gün Azərbaycanda qadınlara qarşı münasibətdə kişilərimiz sirf əməvi (ərəb) mədəniyyətinin konseptual vərdişləri ilə davranır. Ölkədə hacıların sayı artdıqca insanlıq və humanislik də tədricən yox olmaqdadır.

Yuxarıda qeyd etdik ki, qədim türklər qadına xatun, banu, bəyim, xanım və emegen deyə müraciət edirdilərlərsə, onların arxasında duran kişilərə isə Xaqan, Xan, Bəy, Ərən deyə müraciət edilməlidir. Ancaq, bu gün hökumətin kişilərə rəsmi müraciət forması ərəbcədir-cənablar. "Xanımlar və cenablar”. Yəni xatun, banu, bəyim, xanım qadınların arxasinda türkün Xaqan, Xan, Bəy, Ərən deyimləri deyil, ərəbcədə deyildiyi kimi "cənablar"rı görmək istəyirlər. Əgər cənab deyə müraciət edirsinizsə, onda xanım sözünü də işlətmək lazım deyil. Elə qadınlara da ərəbcə müreciət etmək olar-"cənabələr”. "Cənablar və Cənabələr!!...”

Azərbaycanda prezident, baş nazir, nazir, parlament spikeri, hətta müdafiə naziri işləməyə layiq xatun, banu, xanım, bəyim qadınlarımız az deyil. Cox təəssüflər olsun ki, bəzən bu adlara layiq olmayan qadinlar irəli cəkilir...

Unutmaq olmaz ki, millətin varlığı qadınların çiynində olar. Qadın Anadır, Qadın Millətdir, Qadın Vətəndir. Bizlər bir cox xalqlar kimi ata vətən deyil, vətənimizə Ana vətən deyirik. Qadınlarımız başqa millətin kişilərinə ərə gedir, ancaq onlar assimilasiya olmurlar. Əksinə yenə evdə türk övladi böyüdür. Kişilərimiz isə basqa millətin qadınları ilə evlənəndə elə bil ki, gedib quyuya düşür. Donub olur özgə millət. Ona görə ki, biz müsəlman olsaq da, qədim inanclarımız və adətimiz üzrə bütün bunların əcdad kltuna sahib olan millətik. Çünki, bizdə Ana faktoru müqəddəsdir. Bizlər bir cox xalqlar kimi ata vətən deyil, vətənimizə Ana Vətən deyirik. Əgər vətənimizə ana deyiriksə, o zaman analara vətən kimi baxmağı da öyrənməliyik...

Qadın zərifliyi və həyat
Qadın anadır, bacıdır, ömür-gün yoldaşıdır, ailənin təməldaşıdır. Bizlər kulturoloji və etnik mədəniyyət dəyəri kimi belə bir mühitin içində dünyaya gəlmişik. Yaşadığımız sosial həyat tərzinin bütün acılarına və özü ilə birgə gətirdiyi bəlalara baxmayaraq, daim qadını uca tutmaq hər birimizin insanlıq borcumuzdur. Qadını kölə və qul gözündə görmək, bu təfəkkürlə ona yanaşmaq elə kişinin diriykən insanlıq dəyərini və vəzifəsini birdəfəlik itirməsi deməkdir. Qadına heyvani baxışla yanaşmaq isə quldarlıq düşüncə tərzinin irsi xəstəliyinin geri dönməsidir. Qadın canlı varlıqların ən zərif və ən müqəddəs varlığıdır. Onu həyata bağlayan nə kimi incə şeylər varsa, bütün bunlar həm də biz kişilərin bacarığı ilə birbaşa bağlıdır. Çünki, qadın incə varlıq olmaqla yanaşı, kişinin şərəf və namusunun simvoludur. Çox istərdik ki, Cəfər Cabbarlının "Ana", Əli Kərimin "Qaytar Ana borcunu”, Ramiz Rövşənin "Qara paltarli qadın" şerlərini hər kəs əzbərdən öyrənsin. Ananın, qadının bir anlıq nəvazişini dünyada heç kimsə çəkmək qüdrətində ola bilməz. Qadın bax bu deməkdir. Onun zərifliyi və həyatımızdakı önəmli rolu bax bundan ibarətdir. O qadın kiminsə anası, kiminsə bacısı, kiminsə həyat yoldaşıdır. Bizlər yol getdimizdə, hansısa minikdə olduğumuzda, iş yerimizdə, bir sözlə hər yerdə qadını uca saymalıyıq ki, bu qayğının dəyəri daha üstün səviyyəyə qalxsın. Hansı cəmiyyətdə qadına qayğı varsa, orada möhkəm təməllərə bağlı milli iradə də vardır. Biz hər zaman bu anlamda qadını uca saymaqla millət kimi inkişaf edə bilərik. Qadına dəyər verməklə, həm də özümüz də dəyərimizi artırmış oluruq.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 2 360
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri