Evyıxan Facebook...

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 3 031
Səs ver:
(səs: 1)
 
Sosial şəbəkələri indi ekspertlər əsrimizin bir növ internet əjdahası və fenomeni də adlandırırlar. Kimimiz onun xeyrini görürük - çünki informasiya tələbatımızı ödəyir, intellektimizi gücləndirir, biliyimizi təkmilləşdirir, yeni tanışlıqlar yaradırıq. Kimimiz zərərini görürük - virtual aləmin köləsinə çevrilirik, sosial şəbəkələrdə "yaşayırıq", psixologiyamıza, səhhətimizə zərərli vərdişlər qazanırıq. Bu mövzumuz sosial şəbəkələrin, xüsusilə də, ölkəmizdə daha populyar olan Facebook-un həyatımızda rolu barədədir.

Facebook bizə nə verir?

Son illər sürətlə insanların həyatlarına daxil olan sosial şəbəkələrdən biri ölkəmizdə daha məşhurdur. Böyükdən-kiçiyə hamımız buraya "doluşmuşuq". Facebook bizə çox şey verir, bizim yeni dostlarımız olur, münasibətlərimiz genişlənir, yoldaşlığımız sərhəd tanımır. Onun sayəsində fəaliyyətimiz genişlənir, fikirlərimizi daha geniş auditoriyaya çatdıra bilirik. Amma bunlar məsələnin bir tərəfidir. Bizə gizli qalan tərəfdə başqa şeylər də baş verir.

Hər nə qədər gizli qalsa da, sosal şəbəkələr ucbatından bizim ölkəmizdə də ailələr dağılır. Düzdür, çoxları heç bilmir ki, bu ailə nə səbəbdən dağıldı, çünki məhkəmə onları "anlaşmazlıq”, "davamlı mübahisə”, "yola getməmək” kimi qərarlarla boşayır. Əslində, ailələrin bəzilərində boşanma səbəbi belədir: "qadın və ya kişi davamlı olaraq Facebook-da olduğuna və bir-biri ilə ünsiyyət saxlamadığına görə ailədaxili söz-söhbət yaranıb və tərəflər boşanmağa qərar veriblər.

Əziz oxucu, bu cümlələri oxuyanda sənin ürəyindən keçənləri təxmin etdim: "Hamı eyni deyil, Facebook-u yaxşı məqsədlər üçün istifadə edənlər daha çoxdur, bir-iki nəfər pis məqsədlə istifadə edirsə, ondan asılı hala gələrək ailəsini unudursa, bu, onların problemidir”.

Mən sənə haqq verirəm, sözün haqdır. Şəxsən öz təcrübəmdən bilirəm, sosial şəbəkə mənə heç vaxt qazana bilməyəcəyim qədər dostluqlar və işgüzar əlaqələri qurmağa yardımçı oldu. Əsas olan odur ki, sən bu imkanı hansı yöndə istifadə etməyə meyllisən. Yəni mütləq yaxşı, mütləq pis olan yoxdur, hər şeyin öz funksiyası, təyinatı var. Bıçaqla çörək doğramaq da olar, adam öldürmək də.

Amma sən də ətrafındakı insanların hamısını öz arşınınla ölçmə, hələ şəxsiyyəti "oturuşmamış”, yetkinlik yaşına çatmayan, ağı qaradan seçə bilməyən, tez təsir altına düşən o qədər gənc var ki... Bu nəsil üçün Facebook əyləncə məkanıdır. Nəticə nədir? Onu-bunu "dürtmələmək”, bekarçılıqdan lazımsız qruplar açmaq, bol-bol saxta profillər yaratmaq, axmaq şəkillər və ya videolar yükləyib boş-boş "laqqırtı vurmaq”. Buna isə kifayət qədər böyük vaxt və enerji sərf olunur.

Facebook Amerikanın "evini yıxır"

Bu yaxınlarda Amerikada yekunlaşdırılan bir araşdırmaya görə, boşanma məhkəmələrində ən əhəmiyyətli dəlillərdən biri kimi Facebook göstərilir. Daha dəqiq desək, məhkəmədə tərəflər bir-birini Facebook-a yüklədiyi şəkillər və bu şəkillərə yazılan rəylərə görə ittiham edirlər.

ABŞ Ailə Vəkilləri Akademiyasının apardığı bu araşdırmaya görə, sosial şəbəkələrə görə dağılan ailələrin 66%-nin Facebook, 15%-nin MySpace, 5%-nin isə Twitter mesajları səbəbindən dağıldığı məlum olub. Amerikalı vəkillərin 81%-i son beş ildə məhkəmələrdə əsas dəlillərin sosial şəbəkələrdəki rəsm və mesajlar olduğunu bildirib.

Vəkillər bildiriblər ki, müvəkkillərə ilk növbədə Facebook hesablarını bağlamağı məsləhət görürlər. Göründüyü kimi, bizə cəlbedici və üstün cəmiyyət kimi görünən Amerikada belə, bu cür problemlər var.

Facebook-da əri ilə tanış oldu, otelə görüşə çağırdı

Son vaxtlar dünya mediasında sosial şəbəkələrin ailə dağıtması ilə bağlı çox yazılır. Xəbər saytlarının manşetindən düşməyən bu mövzu ən çox oxunan xəbərlər siyahısında olur. İnsanların beynində belə bir fikir formalaşır ki, sosial şəbəkələr potensial ailə düşməni, ara sözü ilə desək, "evyıxandır”. Təbii ki, hamının düşüncəsi belə deyil.

Bu yaxınlarda yerli xəbər saytlarının birində bir məqalə oxudum. Qadın öz həyat yoldaşını sınamaq qərarına gəlir və Facebook-da onunla yazışır, münasibət qurur, görüşə dəvət edir. Münasibət otel otağında hər şeyin üstünün açılması və boşanma ilə nöqtələnir. Yazı elə Facebook-da paylaşıldı, yazılan rəylərə əsasən deyə bilərəm ki, əksəriyyət hər şeyin günahını sosial şəbəkədə gördü.

Lakin heç kim o kişinin əxlaqi vəziyyətini, həyat yoldaşına nədən xəyanət etdiyinin səbəblərini axtarmadı. Çoxları anlamaq istəmədi ki, məqsəd olanda vasitələr əhəmiyyətsizdir. İnsan xəyanət etmək istəyirsə, nikahdankənar cinsi münasibətlərdə olmağı arzulayırsa, onu heç nə dayandıra bilməz, istər internetlə, istər başqa yolla öz əməlini gerçəkləşdirəcək.

Haşiyə: Bir nənəm vardı, həmişə deyərdi ki, pis əməl edəcək birinin əl-qolunu bağlayıb qıfıllı sandıqda saxlasan da, istədiyini etmək üçün bir yol tapacaq. Çünki bu, onun qanında var, etmədən dura bilməz...

Facebook qadınları yoldan çıxarır?

Ailəsində problem olan, həyat yoldaşı ilə münasibətində anlaşılmazlıqlar yaşayan, virtual məkanda "vaxtını öldürən” kifayət qədər evli qadın var. Bəlkə də ilk baxışda bütün qadınlar düşünürlər ki, mən özümü bilirəm, iradəmə hakiməm, yetkin insanam, kimsə məni "yoldan çıxara” bilməz. Buna şübhəmiz yoxdur, amma çox qadın etiraf edir ki, ona gələn səmimi mesajlara cavab yazmaya bilmir.

Hər şey adi bir salamla başlayır bəzən, səmimi ünsiyyət yaranır, ortaq maraqlar olur. Söhbət getdikcə irəliləyir, özəl münasibətlərə qədər. İlk vaxtlar sadəcə virtual bir dostu ilə söhbət etdiyini düşünən qadın özü də bilmədən həyat yoldaşında tapa bilmədiklərini o dostunda axtarır, axtarır və tapır.

Hər ikisi bir-biri ilə ünsiyyətdən məmnundur, vaxtlarının çoxunu kompüter başında söhbətlə keçirirlər. Qadın bir zaman ayılır ki, həmsöhbətinə vurulub. Bunu etiraf etməkdən də çəkinmir bəzən. Qarşı tərəfdən də eyni münasibəti görür və beləcə ərinə virtual xəyanətə başlayır.

Psixoloq: "Sosial şəbəkələr ailə dağıda bilməz"

Psixoloq Elnur Bayramov hesab edir ki, insanların xarakterləri müxtəlifdir və hər kəsin sosial şəbəkələrə münasibəti birmənalı deyil: "İnternet insanları fərdiləşdirir, canlı ünsiyyətdən çəkindirir. Fərdlər üzbəüz deyə bilmədiklərini internet vasitəsi ilə çatdırırlar. Hisslərə qapılaraq öz düşüncələrində çarəsiz olduqlarını düşünürlər və anlaşılmaz vəziyyətə düşürlər. Bunun sonu çox vaxt intihar olur. İntihar edən şəxs bir cox hallarda intihardan öncə hər hansısa bir mesaj verir və bu mesajı da çox vaxt sosial şəbəkədə yazır”.

Psixoloqa konkret sual ünvanladıq - "Sosial şəbəkələr ailə dağıda bilərmi?”, belə cavab verdi: "Bu suala birmənalı yanaşmaq olmaz. Əgər cütlükdən hər hansı biri ittiham edirsə ki, digəri internetdə kiminləsə yazışırdı və bu səbəbdən ayrıldıq, bu, doğru olmazdı. Əslində, sosial şəbəkələri bəhanə edərək ayrılan insanların bu qərarını illərlə üst-üstə yığılmış problemlərinin pik nöqtəsi hesab etmək olar. Bir şeyi də qeyd edim ki, internetdə
- darıxıram;
- kim var, kim yox?;
- mən yenə də təkəm və s. bu kimi statuslar real həyatda gücsüzlüyün, özündən narazılığın, özünü sevdirə bilməməyin nəticəsidir ki, bu insanlar özlərini virtual aləmdə təsdiqləmək istəyirlər.

Kişilər Facebook-da nə ilə məşğuldurlar?

Bir çox kişi Facebook-dan maraq, tanışlıq və yeni münasibətlər qurmaq üçün istifadə edir. Düzdür, onların arasında sadəcə işgüzar əlaqələr, səmimi dostluq quranlar da az deyil, amma Facebook-da "qadın ovu”na çıxan kişilər daha çoxdur. Bunu bir qadın olaraq hər gün Facebook-dakı hesabımın "İsmarışlar” qutusuna gələn mesajlara əsaslanaraq deyirəm. Facebook-da kişilərin qadınlara ünvanladıqları ilk məktubların mövzusu adətən bu cür olur:
- "Salam, necəsiniz, gözəl xanım?”,
- "İlahi, profil şəklindəki sizsiniz?”,
- "Mən elə bilirdim, mələklər yerə gələ bilmirlər”,
- "Sizin profilinizi yüzlərlə profilin arasında gördüm və həmin andaca fərqliliyiniz hiss olundu”,
- "Mən sizə səmimi dostluq təklif edirəm”,
- "Bir ömür dost qala bilərik? Buna çox ehtiyacım var”,
- "Üzünüzdə elə gözəl bir ifadə var ki, insan heyran olmaya bilmir”,
- "Ay Allah, bu şirin körpə sizin balanızdır? Gözəlliyini sizdən alıb”.

Xüsusilə qeyd edim ki, kişilər yaxşı bilirlər ki, evli qadınla münasibət yaratmaq üçün ilk növbədə uşağına kompliment söyləmək lazımdır. Çünki heç bir ana övladının ünvanına gözəl söz söyləyənə qarşı biganə qalmır.

Hüquqşünas: "Müvəkkilim Facebook-da tanış olduğu bir kişiyə görə ərindən boşanırdı"

Yazımızın əvvəlində sizə Amerikadakı boşanma halları ilə bağlı bəhs etmişdik, bəs bizim ölkədə vəziyyət necədir? Bunu öyrənmək üçün hüquqşünas Kamran Məmmədovla əlaqə saxladıq. Hüquq məsləhətçisi dedi ki, boşanmaq üçün ona müraciət edənlər arasında virtual asılılığı olanlar da var: "Elə müvəkkillərim olub ki, qadın ərindən, kişi xanımından narazı olub, bir-birinə qarşı biganə olmalarının səbəbini virtual aləmdə görüblər.

Amma şəxsən mən konkret olaraq, bu günə qədər Facebook-a görə boşanma işinə baxmamışam. Düzdür, bir qadın vardı, boşanmaq üçün müraciət etmişdi, ərindən ayrılmamış, özünə internetdə özündən 4 yaş kiçik yeni həyat yoldaşı da tapmışdı. Qadın israrla deyirdi ki, mütləq onunla evlənəcək, çünki o kişi qadını anlayır, ona romantik mesajlar yazır. Müvəkkilim həmin kişinin ona yazdığı mesajları da göstərdi, mesajlara baxan kimi anlamaq olurdu ki, o kişi internetdə "qız ovlayan” tipdəndir. Boşanmanı təxirə sala bildim”.

Hüquqşünas bildirdi ki, gənc nəsli - xüsusilə də 13-15 yaşlı qızları və oğlanları sosial şəbəkələrdən uzaq tutmaq lazımdır. Evli olub, əri ilə arasında kiçik bir münaqişəsi olan qadınlar da təhlükədədirlər:

"Əvvəllər ərindən küsən atası evinə gedirdi, indi ərindən küsən qadın özünə Facebook səhifəsi açır. 10 dost, 15 dost, bir az keçdikdən sonra 50-100 dost tapır. Sonra isə səhifəsində dostlarının görünməməsi üçün tətbiqetmədən istifadə edir. Çünki artıq 2000-3000 dostu var və profilində "evli” yazılan bir qadının bu qədər insanla münasibət qurmasını başqalarının normal qarşılamadığını bilir”.

Nə etməli?

Xüsusilə qeyd etmək istəyirəm ki, bəzi insanlar üçün sosial şəbəkələr əvəzedilməzdir. Təsəvvür edin ki, biri əngəllidir, qulaqları duymur və ya danışa bilmir. O heç sosial həyat yaşamamalıdır? Dostlar qazanmamalıdır? Həyatı dörd divar arasında necə keçsin? Təbii ki, bu zaman sosial şəbəkələrin önəmi böyükdür, o, həyatdan küsmür, əksinə, yeni dostlar qazanır, özünü daha yaxşı ifadə edə bilir və bu səbəbdən də deyə bilərik ki, sosial şəbəkələr birmənalı olaraq günahlandırılmamalıdır, məsələyə iki tərəfdən yanaşmaqla doğru qənaətə gəlmək olar.

Sonda qeyd edim ki, biz bu yazımızda nə Facebook-u "qaralamaq” istəyirik, nə də "aydan arı, sudan duru” olduğunu demək niyyətindəyik. Məqsədimiz məsələni hərtərəfli ortaya qoymaq idi. Seçim sənindir, əziz oxucu.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 3 031
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri