Ölkədə pasporta hicabla şəkil çəkdirmək olmaz. Bu təqdirdə müsəlman qadınlar nə etsinlər.
Allah
Ona inanan, Ona təslim olmuş mömin qadınlara örtünməyi vacib
buyurmuşdur. Hicabın vacib olması həm Quranla həm sünnətlə, həm də icma
ilə sabitdir.
Qurani-Kərimdə hicab belə əmr edilməkdədir:
"Mömin
qadınlara de ki, gözlərini haram buyurulmuş şeylərdən çevirsinlər
(naməhrəmə baxmasınlar), ayıb yerlərini (zinadan) qorusunlar (və ya
örtülü saxlasınlar); öz-özlüyündə görünən (əl, üz) istisna olmaqla,
zinətlərini (zinət yerləri olan boyun, boğaz, qol, ayaq və s. naməhrəmə)
göstərməsinlər; baş örtüklərini yaxalarının üstünə çəksinlər (boyunları
və sinələri görünməsin)” (Nur, 31)
Eyni
zamanda Ümmü Sələmə (r) rəvayət edir ki, Rəsulullahın yanında Məymunə
(r) ilə bərabər oturmuşuq. Bu zaman İbn Ümmü Məktum gəldi. Rəsulullah
"İbn Ummu Məktuma gördünüz örtünün” dedi. Biz "Ya Rəsulullah bu şəxs
kordur, bizi görməz” – dedik. Allah Rəsulu "Sizdə mi korsunuz, onu
görmürsünüzmü dedi.
İcmaya
gəlincə bilməliyik ki, qadınların örtünməsi barəsində bütün İslam
ümmətinin üləması ittifaq etmişlər. İyirminci əsrin sonlarında özlərini
müsəlman hesab edən bir-iki münafiqdən başqa heç kim İslamda hicabın
vacibliyini inkar etməmişdir. Bu gün bəzi zındıqlar yuxarıda keçən
ayənin hicaba dəlil təşkil etmədiyini bildirirlər. Halbuki, bu ayəni
Rəsulullah və ondan sonrakı nəsillər ancaq və ancaq qadınların
örtünməsi, hicablanması olaraq başa düşmüşlər. Bu ayənin fərqli bir
təvilinə, nə sahabə dövründə, nə onlardan sonrakı nəsil olan tabiin
dövründə nə də daha sonrakı nəsillər arasında rast gəlinməmişdir.
Rəsulullahın və səhabənin həyatı Quranı həyata tətbiq etmə metodudur.
Quranda təsəttür ayəsini səhabə qadınları necə anlayıb tətbiq etdiyini
Hz. Aişə belə rəvayət edir: "Həqiqətən Qureyş qadınları fəzilətli
kimsələrdir. Ancaq Allaha and olsun ki, Ənsar qadınlarından daha
fəzilətlilərini görmədim. Allahın Kitabını təsdiq etməkdə onlar daha
həssas idilər. Nur surəsi nazil olmuş, örtünmə əmr edilmişdi. Ərləri bu
ayələri xanımlarına oxumaq üçün evlərinə getdilər. Heç biri kənarda
qalmadan bütün qadınlar dərhal örtülərinə büründülər. Səhəri gün sabah
namazında hamısı üzlərini də örtəcək şəkildə başlarını sarımışdılar və
sanki başlarının üstündə qarğalar var idi.”
Hz. Aişədən nəql edilən bu xəbər bizə baş örtüsünün səhabə arasında necə tətbiq edildiyini göstərir.
Ən
sonda onu deyə bilərik ki, dini baxımdan bir inanan, mömin qadın üçün
baş örtüsü onun insiativinə, şəxsi seçiminə buraxılmış bir məsələ
deyildir. Bu Allahın əmridir və qulların üzərinə düşən bu əmri yerinə
yetirməkdir.
Sosial
baxımdan isə baş örtüsü məsələsi bir din və vicdan azadlığı
məsələsidir. Azad və demokratik cəmiyyət qadının hicab geyməsini ancaq
və ancaq hörmətlə qarşılaya bilər. Hicablı qadın toplumdakı digər
qadınlar kimi azad təhsil almaq, işləmək sosial fəaliyyətlə məşğul
olmaq, sərbəst özünü ifadə etmək hüququna malikdir. Onun hüquqlarının bu
və ya digər formada məhdudlaşdırılması özünü demokratik adlandıran bir
cəmiyyətin öz prinsiplərinə xəyanəti deməkdir.
Ölkəmizdə
hicablı qadınların pasporta şəkil çəkdirmələrində həqiqətən problem
yaşanır. Hicablı qadınlar şəxsiyyət vəsiqəsi və ya xarici pasport üçün
şəkil çəkdirdikləri vaxt onların başlarını açmaları tələb olunur ancaq
bu formada şəkillərinin qəbul ediləcəyi şərti irəli sürülür. Bu
həqiqətən də inancına bağlı müsəlmanları narahat etməkdədir. Bir çoxları
mömin qadınlara qarşı bu münasibətin qərəzli olduğunu, anti-islami bir
şüurdan doğduğunu fikirləşirlər. Zənnimizcə bu məsələ bu müstəvidə həll
edilməməlidir. Bu sırf texniki bir səbəbdən qaynaqlandığını hesab
edirik. Əlbəttə bu qərar səhv bir qərardır. Avropa ölkələrində belə
pasportlara başı açıq şəkil çəkilməlidir deyə bir məcburiyyət yoxdur.
Ölkədə gün-gündən çoxalan böyük bir zümrəni narazı və gərgin halda
saxlamaq düz deyil. Zənnimizcə bu məsələ yaxın gələcəkdə həllini
tapacaqdır. Dediyimiz kimi bu bir texniki məsələdən qaynaqlanmaqdadır.
Yəni şəkildəkinin kimliyinin dəqiq anlaşılması üçün ondan başının
açılmasını tələb edirlər. Ancaq bu gün bir çox ölkədə modern texnikanın
köməyi ilə rəsmi sənədlərdəki şəkillərdə sadəcə gözlərin olması yetərli
sayılır. Bu texnika ilə verilən pasportlar hətta bir çox müsəlman şərq
ölkələrində də bu gün mövcuddur. Ümidvarıq ki, gec-tez Azərbaycanda da
bu səviyyədə pasportlar veriləcək və ən azı o zaman şəkil üçün
qadınların başları açılmayacaqdır. Bununla bərabər ölkədə bu məsələdə
səlahiyyət sahibi olanları bir daha bu məsələyə qayıtmağa və mömin
zümrəni anlayaraq qərar verməyə çağırırıq.
Ancaq
bu gün sizin də qeyd etdiyiniz kimi mömin bacılarımız fakt
qarşısındadırlar. Onlar nə etməlidirlər? Başı açıq şəkil çəkdirməlimi,
yoxsa ömürlük sənədsiz qalmalıdırlarmı? Bu məsələdə əvvəlcə bilməliyik
ki, pasport və ya şəxsiyyət vəsiqəsi bir insan üçün həyatının axarına
təsir edəcək bir sənəddir. Bu sənədlərin olmadığı təqdirdə işləmək,
təhsil almaq da daxil olmaqla bir çox zəruri fəaliyyətlər
qeyri-mümkündür. Ümumiyyətlə bu sənəd olmadan bir şəxsin bir ölkədə
bütün rəsmi iş və fəaliyyətləri ya çox çətindir yada ümumiyyətlə mümkün
deyildir. Beləliklə bu sənədin olması zəruridir. Belə olan tərzdə
şəriətin bu vəziyyət qarşısında mövqeyi aydındır. İslam fiqhində ümumi
qayda olan "zərurətlər məhzurətləri (qadağaları) aradan götürər” düsturu
burada əsas alınar. Necə ki, Allah təala Qurani-Kərimdə buyurur:
"Kim
ki, naəlac qalıb məcbur edilərsə, (başqasının malını) zorla
mənimsəməyib və (ehtiyac miqdarını keçib) həddi aşmayana qədər heç bir
günahı yoxdur. Allah bağışlayandır, mərhəmətlidir!” (Bəqərə 173)
Allah
Rəsulu da bir hədisində buyurur: "Həqiqətən Allah ümmətimdən üç
məsələdə günahı qaldırdı: Səhv etmək, unutmaq və zorla bir şeyə məcbur
edilməkdə” (İbn Macə və Əhməd)
Pasportun
zəruriliyini və mömin qadınların pasporta ancaq başı açıq şəkil
çəkdirilməyə məcbur edildiklərini nəzərə alsaq yuxarıdakı qeyd etdiyimiz
ayə və hədisin işığında deyə bilərik ki, mömin qadınlar pasporta şəkil
çəkdirə bilərlər. Ancaq bu zaman hökmən aşağıdakı şərtləri nəzərə
almalıdırlar:
1.
Bu işə məcbur edildiklərinin şüurunda olmalı, yəni əlacsızlıqdan bunu
etdiklərini qəbul etməli, qəlblərində bu əmələ qarşı gəlməlidirlər. Necə
ki, Allah Rəsulu buyurur: "Sizdən biri bir pislik gördüyü zaman onu əli
ilə dəyişsin, əli ilə dəyişə bilmirsə dili ilə dəyişsin, dili ilə də
dəyişə bilməsə qəlbi ilə ona qarşı çıxsın. Bu imanın ən zəifidir.”
2.
İmkan varsa saçlarının üzərini şəkil çəkdirərkən şəkildə hiss edilməyən
qara bone ilə örtsünlər (bu məsələ də saçlarını ustalıqla bağlamaları
və fotoqrafın da bu məsələ də ustalığı şərtdir) və boğazı örtən bir
geyim (vadalaska) geysinlər.
3. Fotoşəkili ya bir məhrəmlərinə və ya qadın fotoqraflara çəkdirsinlər.
4.
Şəkil çəkdirdikləri zaman ciddi formada saçlarını arxadan yığsınlar. Bu
zaman saça xüsusi bəzək-düzək, əlavə rənglər vermək və ya sifəti əlvan
makyajlarla boyamaq caiz deyildir. Bu artıq həddi aşmaqdır. Necə ki,
Allah donuz ətini və içkini haram buyurmuş fəqət zərurət halında bundan
istifadəyə icazə vermiş, ancaq burada da qarınlarını doyduracaq qədər
istifadə edib həddi aşmamağı əmr etmişdir.
5.
Çəkilən şəkli ancaq təyinatı üzrə istifadə etmək. Yəni vəsiqə üçün və
ya pasport üçün çəkilmişsə ancaq o məqsədlə istifadə etmək, şəkli
yaymamaq.
Bu şərtləri yerinə yetirdikləri təqdirdə inşallah ki, Allah onları (və bizi) bu məsələ də bağışlayar.
Ən
sonda qeyd edək ki, cəmiyyətimizdəki bu günkü bu məsələ təkcə
qadınların problemi deyildir. Bu qadınlar kiminsə bacısı, kiminsə həyat
yoldaşı, kiminsə anası, kiminsə qızıdır. Beləliklə bu problem toplumun
böyük bir hissəsinin problemidir. İslam toplumumuzda sürətlə yayılır.
Hicablı qadınlar gün-gündən çoxalır. Bu gün toplumda bütün azlıqların
hüquqlarının qorunmasından hər gün söhbət açılırsa millətin bu namuslu
övladlarının haqqına biganə qalmaq olmaz.