Qızlara
inanmaq olmaz, heç cür. Onların kənardan bu qədər məsum, ağıllı
görünüşünə aldanmayın. Rol oynayırlar. Sadəcə onlara öyrədilən ağıllı
qız rolunu oynamağa çalışırlar. Kənardan hər kəsin onlardan gözlədiyi
tərbiyəli, əxlaqlı, səliqəli qız rolunu. Çox vaxt yan-yörəsindəkilərə,
ata-analarına, özlərindən böyük bacı-qardaşlarına elə görsənməyə
çalışarlar ki, guya qarşı cinsin nümayəndələri onları heç
maraqlandırmır. Ama bütün hərəkətlərinin altında özünü qarşı cinsə
göstərmək, bəyənilmək meyli durur. Sadəcə qarşı cins onlara yasaqdır. Bu
üzdən bu cür altdan-altdan oyun oynayırlar. Hələ azacıq boyları
qalxdımı, ətə-qana doldularmı, onlar qədər təhlükəli məxluq yoxdur. Sizə
kələk gəlib elə dona girərlər ki, mələk cildində şeytana bənzəyərlər.
Söz deyəndə utanıb qızaranları belə öz aləminə çəkilən kimi ağıllarından
keçirmədikləri qalmaz. Siz onlara həyatda qadağan etdiklərinizi
xəyallarında yaşarlar. Güzgü qarşısına keçib saçlarına, üz-gözünə,
əndamına on tərəfdən baxdımı bilin ki, elə belə baxmır. Ağlından nələr
keçdiyini bir Allah bilir. Bu üzdən qızlara inanmaq qədər absurd bir şey
yoxdur. O həmişə sizi aldadacaq. Telefonla danışmalar, internetlə
sevdalaşmalar... Bir gün harasa getməyi bəhanə edib evdən görüşə
qaçacaq. Bu yəqindir ki, təmiz, dürüst, yalansız qız yoxdur. Qız
nəzarətsiz qaldısa demək artıq o hər şey edə bilər. Bunu hamımız alt
şüurda dərk edirik. Bu üzdən nə qədər anlayışlı davranmağa çalışsaq da
heç vaxt şübhələrimiz bizi rahat buraxmır. Bütün bunlara baxmayaraq
bəzən sizdən etibar, inam tələb edə bilər bu qız. Siz də sadəlöhvcəsinə
onun haqqında yanlış düşündüyünüzü güman edib- "o mənim qızımdır, belə
bir iş görə bilməz” -deyə, sentimentallığa qapıla və ona qədərindən
artıq azadlıq verə bilərsiniz. Ama bir azdan sonra o özü də başa düşəcək
ki, bacara bilmədiyi bir yükün altına girib. Bu inamı doğrultmaq onun
işi deyilmiş. Hər halda bu qədər sadəlöhv olanlarımız heç də çox deyil.
Hər kəs bu şübhəsiz həqiqəti yaxşı bilir. Bu üzdən valideynlər hələ lap
körpəlikdən öz qızlarını qol-budaq etməyi yaxşı bacarırlar. Həm də təkcə
valideynlər yox, bütün ətraf, cəmiyyət bununçün çox əmək sərf edir. Qız
özü bilir ki, bayıra çıxdısa bütün hərəkətləri nəzarətdədir. Yerişi,
duruşu, baxışı hamısı söz-söhbət mövzusudur. Bu onu məcbur edir ki,
özünü ondan gözlənilən çərçivələrə uyğunlaşdırsın. Ya da ən azından belə
görünsün. Ən xırda detallara qədər olan ətraf marağı onları həmişə
gərgin, sək-səkəli, özündən bədgüman, qorxaq olmağa məcbur edir.
Qızların
başı üzərində qılıncla durmaq lazımdır. Ata, qardaş nəzarəti xüsusilə
vacibdir.”Oğul namusdur”- bu üzdən deyiblər. Məyər qardaş nəzarəti
olmayan, hər addımına diqqət yetirildiyini duymayan qız namus qeydinə
qala bilərmi? Hansı kişi namusunu öz qızına etibar edə bilər? Qız satqın
və xaindir. Bu üzdən hələ lap qədimdən ata-bablarımız bu işdə çox tər
töküblər. "Qız gülməz”, "qızın dişləri görünməz”, "qız bərkdən
danışmaz”, "qızın dostu olmaz” , "qıza söz deyəndə başını aşağı salar”
deyibən hələ ən kiçik yaşlarından onu hər tərəfdən darayıb yatqın,
itaətli bir hala gətirməyi bacarıblar. "Qızını döyməyən dizini döyər”
deyiblər. Evlərdə, çadralrın altında bir təhər, qorxa-qorxa saxlayıb
böyütdükdən sonra 13-15 yaşına çatmamış "oxxay” deyib ərə veriblər.
Ancaq bundan sonra onların namusunun daha etibarlı əllərdə olduğuna
inanıb rahatlanıblar.
Hər
bir kişinin qız xofu, qadın qorxusu var. Buna namus qorxusu adını
veriblər və bundan hürküblər, vahimələniblər. Bu vahimə qız gənc yaşa
çatandan başlayıb ta ki, qadınlığını itirənə qədər davam edib. O zamana
qədər qadının, qızın evdən çıxması, hər hərəkəti, hər sözü çərçivəyə
salınıb. Ancaq qadın bəlli bir yaşa gəlib qocaldıqdan sonra bu ittihamçı
əllər onun yaxasından əl çəkib. İndi, müasir zəmanədə isə hər şey bir
az daha çətinləşib. Süni şəkildə bizdən tələb olunan müasirlik,
zəmanəylə ayaqlaşmaq problemləri var. Bir tərəfdən də namus qorxusu,
namus xofu... İndi kənardan daha cazibəli, daha kübar görünmək tələbi
var. Bir tərəfdən də ləyaqətli, təmiz-tarıq... İndi qızları tutub evə,
çadra altına yox, bəzəyib düzəyib insanların gözü qarşısına ideal,
mələksima bir tövhə kimi çıxarmaq lazımdır. Həm də elə qol-budaq edib
çıxarmaq lazımdır ki, öz təbii hisslərindən əsər əlamət qalmasın və biz
istədiyimiz bayağılığa vara bilsin. Hətta yubkasını bir az qısaldıb, dar
şalvarlar geyməsinə də icazə verə bilərik ki, həm daha müasir görünsün,
həm də qarşı cinsin diqqətini cəlb edə bilsin. Ama nəbadə özünün də
ağlından belə şeylər keçdiyini biruzə verməsin. O sadəcə bu
gözəlliklərin içində öz gözəlliyindən xəbərsiz, əlçatmaz ilahə roluna
girməlidir, vəssəlam. Birdə ki, qızı başı qalxmamış ərə verməli
olduğumuzu hamımız yaxşı bilirik. Çünki, onun da təbii ehtiyacları var.
Və bu təbii ehtiyaclar ödənməlidir. Əgər vaxtında öz durumuna,
adına-sanına layiq birinə tapıb vermədinsə kim bilir bu təbii
ehtiyacları necə ödəməyə qalxacaq? Çoxda ki, özünü hətta 25-30 yaşlarına
qədər arınıb-daranmış, ancaq işə-gücə sarılmış biri kimi göstərdi. Ama
biz bilirik ki, onun içində nə qurd yatır. Bir gün başını qaldırsa
hamımızı çalacağından əminik. Onun adı qarşı cinsə olan meyl,
təlabatdır. Buna görə də vaxtında birinə tapıb verdinsə bu təlabatı da
rahatlıqla, qayda-qanun, ən-ənə daxilində ödənər, üstəlik özünün də başı
uşaq-muşağa qarışıb sevgi-məhəbbət xülyasından aralanar. Bir düşünün,
bir gün ayılırsınız ki, qızınız bir sevdiyiylə bütün sərhədləri aşıb
sevib-sevişib, və sizin heç nədən xəbəriniz yox... Hətta gözləri
xoşbəxtlikdən parlasa da, sevib- sevildiyi bir insanın yanında xoşbəxt
olsa da bundan dəhşətli bir şey varmı? Ama həm də bu şükürlüdür. Birdən
Allah eləməmiş sevgilisiylə ayrılsa necə? O zaman onu hətta bazara
çıxarsaq belə fərq etməz. Alıb üstümüzdən aparıb, namusumuzu təmizləyən
tapılmaz. O zaman bəlkə gedib kiminsə gədəsinin ayağına belə qapanmaq
olar ki, gəl bu qızı al, mənim namusumu təmizlə. Ona görə də deyərlər
ki, "qız yükü, duz yükü”...
Qızları
tərbiyə etməkçün yaraqlanıb yasaqlanmış cəngavərə bənzəməlisən. Hansı
tərəfdən öz kimliyini biruzə verdisə o tərəfdən vurmalısan. Geyimindən
tutmuş, saç düzümünə, maraqlarına, məşğuliyyətinə, dost-yoldaşına,
dinlədiyi musiqilərə, oxuduğu kitablara, əgər yazmağı sevirsə
yazılarına, gündəliyinə- hamısına diqqət yetirməli, gözünü dörd
açmalısan. Qız tərbiyə etmək asan deyil. Çünki, sənin hədəfin qızın özü,
öz kimliyi, təbiətdən aldığı doğal yaradılışıdır. Biz özümüz də bunu
yaxşı bilirik ki, ondan etməməsini istədiyimiz şeylər onun
təbiətindədir. Bizim müharibə elan etdiyimiz şey onun
yaradılışıdır.Yaradılışla müharibə etmək qədərsə çətin, əl çatmaz bir iş
yoxdur. Buna görə də qızı tərbiyə etməkçün onun özünü öz içinə
gömməlisən. Hisslərini, istəklərini içində öldürməyə vadar etməlisən. Və
hətta bu hissləri, duyğuları özünün öz içində boğmasına nail olmalısan.
Əgər bir valideyn, ana və ya ata qızının əxlaqına, namusuna güvəndiyini
deyirsə demək o daha çox qızını qol-budaq edib içindəki hisslərini
təşrih edə bildiyini demək istəyir.Beləcə qurumuş, manqutlaşmış bir
məxluq yarada bildinsə demək namusunu, əxlaqını qoruya bildin. Bu məxluq
da sənin nəslinin davamçısı, özü kimi məxluqlar böyüdəcək bir elementi
sayıla bilər. Ama baxanda işimizə yarayacaq şeylər də az deyil. Çünki,
qadının, qızın təbiətində bir itaətkarlıq, qayda-qanuna, nizam-intizama
meyllilik var. Və həm də zəif məxluq olmağı bu işi bir az daha
asanlaşdırır.
Buna
görə cəmiyyətin əxlaq yükünü qadınların, qızların boynuna yükləmək daha
asan yoldur. Baxmayaraq ki, bu halda hamımız ikiüzlü bir oyun oynamağa
məcbur oluruq. Məsələn oğlanlar sevdiyi qızla hər türlü yaxınlığı
ağlından keçirdiyi halda onun əxlaqına, əlçatmazlığına hörmət duyduğunu
deməli olur. Qızlarsa bayaqdan dediyim əlçatmaz, əxlaqlı, ağıllı qız
rolunu oynmalı olur. Özünü hər cür yaxınlıqdan, isti münasibətdən,
təmiz, təbii hisslərdən məhrum edən belə insanlar çərçivələnib əxlaq
çərçivəsində sevir, əxlaq çərçivəsində sevişir, əxlaq çərçivəsində
yatır, əxlaq çərçivəsində evlənib boşanırlar. Yəni önəmli olan bizim
duyğularımız, hisslərimiz deyil, önəmli olan hisslərimizin də,
duyğularımızın da bu çərçivələrin içinə sığmış görkəmidir. Daha çox
özlərini təşrih etməyə məcbur etdiyimiz qızlar olduğundan hissiz,
duyğusuz, içsiz qalan da qızlar, qadınlar olur. Belə qadın və ya qızlar
sanki, pərdələnib hər tərəfinə tikanlı bir məftil çəkmiş kimi duyğuya,
sevgiyə, təbii hisslərə içlərini bağlı elan edib bununla özlərini kənar
söz-söhbətən qorumuş olduqlarını sanırlar.
Bu
yaxınlarda şahidi olduğum bir hadisədən danışmaq istərdim. Özümün də
dərs dediyim əyalət məktəblərinin birində iki bacı nisbətən oğlanlarla
açıq, sərhədsiz davranışıyla camaatın dilinə düşdü. Dərhal müəllimlərin
içinə təşviş düşdü. Məsələn, həmin sinfin qızları ilə söhbətim zamanı
mənə aydın oldu ki, həmən iki qızla yaxınlıq etmək, onlarla qol-qola
gəzib deyib gülmək digər qızlara qadağan olunub. Özü də bunu kişi
cinsindən olan idman müəllimləri qadağan edib. Və üstəlik xəbərdar
ediblər ki, gözümüz hamınızın üstündədir. Kim özünü necə apardı, nə etdi
hamısı bizə çatır. O qızlar haqqında isə, "onlar heç də yaxşı qız
deyil, onlara qoşulmayın”- deyibən bu iki qızı az qala digərləri üçün
təhlükəli düşmən elan ediblər. Həmən iki qızsa hətta əvvəldən yaxınlıq
etdiyi rəfiqələrinə az qala yalvarışçı düşüblər ki, onlarla bayırda,
insanların gözü qarşısında olmasa da sinifdə yaxınlıq etməkdən
çəkinməsinlər. Sonra həmən sinfin qızlarına hətta bufetə düşmək belə
qadağan olunmuşdu.Bunu nizamlamaq isə sinfin oğlanlarına tapşırılmışdı.
Hansı ki, bu oğlanlar illərlə müəllimləri az qala boğub boğaza yığmışdı.
Beləcə qızları nəzarət altına almışdılar.
Hə,
belə qızlar haqqında adətən el arasında " tez ayılmış, oyanmış qızlar”-
deyirlər. Məktəblərdə beləsi peyda oldumu, müəllimlər onun haqqında
danışanda ağız büzər. Belə qızların peyda olması ətrafda həyəcan siqnalı
kimi bir effekt yaradar.Dərhal hər kəs səfərbər olar. Digər məsələlərə
−bu qızların təhsilinə, psixoloji durumuna və başqa problemlərinə
etinasız yanaşmaq da olar. Ama bu kimi şeylərə etinasızlıq
bağışlanmazdır. Məktəblər də daha çox təhsil, təlim-tərbiyə xarakterini
itirib məcburən bir parta arxasında oturmağa buraxılmış oğlan və
qızların əxlaqsız hərəkətlərinin qarşısını almaqla uğraşar. Və ata-anası
da qızının ayıldığını duyan kimi tez başından basıb ərə verməyi yeganə
çarə hesab edər. Cəmiyyətdəki əxlaqszlıq halları beləcə nizamlanıb
qaydaya qoyular.
Məsələn,
IX sinif şagirdi- Səadət adlı başqa bir qızı da bu cür hərəkətləri üçün
valideynləri məktəbdən saxlayıb evdə göz dustağına çevirdi. Sinif
rəhbəri də bununla çox rahatlıqla razılaşdı. Çünki, bu cür ənənələr hər
cür qanunu yuyub aparır bizim cəmiyyətdə. VII sinif şagirdi Şəfəqi isə
oğlanla söhbətləşdiyi üçün nişanlayıb məktəbə gəlməkdən məhrum etdilər.
Bu günlərdə dərs deməsəm də həmən sinifdə oldum və daha bir qızın-
Vüsalənin aqibətini eşitdim. Küskün, ürkək nəzərlərlə ətrafına baxır,
verdiyim suallara cavab verə bilmirdi. Valideynləri hansısa hərəkətinə
görə onu məktəbdən çıxaracaqlarını demişdi. O da məsumluqla özünü
bağışlanmaz bir günah sahibi kimi hiss edirdi. Sonra həmin sinif rəhbəri
ilə də ayrılıqda danışıb bu işlə maraqlandım. Sən demə Vüsalə məktəbin
pəncərəsi qarşısında duraraq onun arxasınca gəlmiş oğlanlara görünübmüş.
Bunu da duyan məktəb direktoru onun valideyninə müraciət edərək-"
qızının əl-ayağını yığ”- deyibmiş.
Bax beləcə bu balaca qızlar balaca-balaca "günahlarının” əvəzini belə böyük bədəllə ödəməli olurlar.
Hə,
bu cür həqiqətləri hamı bildiyi üçün hər kəs sək-səkədən ayrıla bilmir.
Bu yaxınlarda məşhur salyanlı üç qızın evdən qaçışı ata-anaları necə
təşvişə saldısa hər kəs evindəki qızların yaxasından yapışıb az qala
həmən üç qızın qaçışının rüşeymlərini öz qızında axtardı. "Səni şişə
çəkərəm ha... Evə yaxın buraxmaram” ... -deyibən qızına əvvəldən
xəbərdarlıq edənlər oldu. "Əxlaqsızlıq, tərbiyəsizlik baş alıb gedir”
deyib mollalar dilə gəldilər.Hər kəs əxlaqsızları, tərbiyəsizləri
söyməklə özünü sığortalamış oldu. Bu cür halları da cəmiyyətdə
əxlaqsızlığın artmasıyla əlaqələndirdilər. O üç qızın halını uzaqdan da
olsa təsəvvür etmək mümkündür. Üz qarasına, baş qaxıncına çevrilib,
cəmiyyətin qınaq mənbəyinə döndülər. Hər şeyin qorxunc görkəmi qızlardan
birinin nənəsinin televiziya kanallarının birinə müsahibəsində "mənim
qızım evdən qaçmayıb ki, uşaq əmisi gilə getmişdi, sonra da qayıdıb
gəlib” dediyi sözlərin simasında ortaya çıxır. Ya da qızlardan heç
birinin valideyninin ekrana çıxa bilməmək qorxusunda... Bu 14-15 yaşlı
uşaqlar bağışlanılmaz bir səhv ediblər ki, bunu qatil də, oğru da,
saxtakar da, fırıldaqçı da edə bilməz. Qatil, oğru, fırıldaqçının
valideyni bu qızların valideyni qədər xəcalət çəkməzdi, bundan əminəm.
Bu 14-15 yaşlı uşaqların səhvi sevdikləri oğlanların yanına
qaçmalarıdır. Bu dəli-dolu, sadəlöhv, romantik gəncliyi, uşaqlığı bizim
cəmiyyət əxlaqsızlıq, tərbiyəsizlik adıyla bax beləcə kökündən
baltalayır. Əxlaqlı, tərbiyəli görünməkçün biz hamımız o kübar, ikiüzlü,
saxtakar maskanı geyməliyik ki, cəmiyyətlə ayaqlaşaq.
Hər
şeyin görkəmi budur. Biz qorxağıq. Biz özümüzdən it kimi qorxuruq. Biz
özümüz olmaqdan, cəmiyyəti ayaqlayıb keçməkdən, var olmaqdan it kimi
qorxuruq. Bizim namusumuz namussuzluq, əxlaqımız əxlaqsızlıq, tərbiyəmiz
tərbiyəsizlikdir. Bu qədər insanın qarşısında nəvəsinin sevdiyi oğlana
qoşulub qaçmasını etiraf etməkdən qorxan nənə bu ağ yalanı danışmaqdan
qorxmadı. Biz namuslu olmaqdan, əxlaqlı olmaqdan, dürüst olmaqdan bu
qədər qorxuruq. Ama nədən, fırıldaqçı, yalançı, oğru olmaqdan deyil də
bu qədər vahiməli şəkildə səmimilikdən,öz istəklərimizlə yaşamaqdan
qorxuruq? Nədən bütün cəmiyyətin əxlaqsızlıq anlayışı azad sevgi,
qadın-kişi münasibətlərinin üzərinə yönəlib?
Füzuli
də Qeysə deyilən- "sən Leylini sevməyi unut, biz onu sənə verək”
sözlərində bu şeylərin mahiyyətini açırdı. Əslində hər şey gün kimi
aydındır: Sevgi azaddır.Sevgi çərçivələnə bilməz. Sevgi heç bir qəlibə
sığa bilməz. Sevgi cəmiyyətin kölə təfəkkürünə ziddir. Sevgi bizi asılı
olduğumuz şeylərdən, gələnəklərdən, mental dəyərlərdən,adətlərdən, çürük
söz-söhbətdən, yasaqlardan, qadağalardan azad edir. Sevgi cılız,balaca
nə varsa hər şeyi soyuna bilir. Sevgi olan yerdə ətrafdakıların hökmü
sıfıra bərabərdir. Azad sevgi cəmiyyətdəki köləliyə ən böyük zərbədir.
Buna görə də ən qapalı diktator rejimlər insanı kölə halına salmaq üçün
ilk növbədə azad qadın-kişi münasibətlərini yasaqlamışdır. Bizim də
diktator içimizdəki qaranlıqdadır. Bu üzdən hər kəs içində olan
romantik, təmiz hisslərini təşrih edib qaydalara, adətlərə yarınmağa
vərdiş etmişdir. Cəmiyyətdəki bütün ədalətsizliklərin kökü də bundadır