Əbdürrəhim bəy Haqverdiyev

Müəllif: Narın Yağış
Şərhlər: 7
Baxılıb: 4 103
Səs ver:
(səs: 0)
1870-ci il mayın 17-də Azərbaycanın Şuşa şəhəri yaxınlığında olan Ağbulaq kəndində anadan olmuşdur. İbtidai təhsilini 1880-ci ildə Şuşada Yusif bəyin müvəqqəti yay məktəbində, sonra Şuşa realnı məktəbində almışdır (1881-1890). Tiflis realnı məktəbini bitirəndən sonra Peterburq Yol Mühəndisləri İnstitutunda təhsil almışdır (1891-1899). Tələbəlik dövri azad müdavim sifət ilə universitetin şərq fakültəsinin dinləyicisi olmuşdur. Onda ədəbiyyata güclü meyl oyanmışdır. "Yeyərsən qaz ətini, görərsən ləzzətini" (1892) və "Dağılan tifaq" (1896) əsərlərini yazmışdır. "Dağılan tifaq" (1899) Peterburqda nəşr edilmişdir.

Ali təhsil alıb Şuşaya qayıtmış, burada tamaşalar təşkil etmişdir. Bakıda onun rəhbərliyi ilə Şərq konsertləri verilmişdir (1902-1903), Burada ilk hekayələrini ("Ata və oğul", "Ayın şahidliyi") yazıb "İki hekayət" adı ilə çap etdirmişdir. 1905-ci il inqilabından sonra Rusiya Dövlət Dumasına Gəncə quberniyasından nümayəndə seçilmiş, Peterburqa getmişdir (Azərbaycanın birinci diplomatlarından hesab olunur), burada dövlət kitabxanasında yeni əsərinə (Ağa Məhəmməd şah Qaçar) materiallar toplamış, İrana - Mazandaran vilayətinə səyahət etmişdir (1907). "Leyli və Məcnun" operası 1908-ci il yanvarın 12-də tamaşaya qoyulduğu zaman ilk Azərbaycan dirijoru kimi xor və orkestri, tamaşanı idarə etmişdir. "Nicat" cəmiyyətində və Kür-Xəzər gəmiçiliyi idarəsində işlədiyi dövrdə Zaqafqaziyanı, Dağıstanı, Orta Asiyanı və Volqaboyunu səyahət etmiş, "Ceyranəli", "Xortdan". "Həkimi-nuni-səqir", "Lağlağı", "Mozalan", "Süpürkəsaqqal" və s imzalarla "Molla Nəsrəddin" jurnalında hekayə, felyeton çap etdirmişdir.

Həştərxanda yaşadığı müddətdə şəhərin mədəni-ictimai həyatında ciddi çalışmışdır (1910). Sonra Ağdama köçüb orada yaşamışdır (1911-1915). Tiflisdə "Şəhərlər ittifaqının Qafqaz şöbəsi xəbərləri" adlı aylıq məcmuənin müdiri olmuş (1916-1917), fevral inqilabından sonra Tiflis İcraiyyə Komitəsinə və onun mərkəzi şurasına üzv seçilmişdir (1917). Həmin ilin martında Borçalı qəzasına müvəkkil təyin olunmuşdur (1918).

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonda dövlət teatrlarına müfəttiş təyin olunmuşdur. Azərbaycan milli teatrının yaranmasının 50 illiyi münasibəti ilə keçirilən yubileyə başçılıq etmişdir. Azərbaycan Dövlət Universitetində ədəbiyyatdan mühazirələr oxumuş, elmi kadrların hazırlanmasında iştirak etmişdir. Burada yerli komitənin sədri (1922), Azərbaycanı tədqiq və təbliğ cəmiyyətinin sədr müavini və sonra sədri (1923-1925) olmuşdur. Bu, ilk elmi-tədqiqat müəssisəsi idi. Bakıda çağırılan birinci Azərbaycan ölkəşünaslıq qurultayının nümayəndəsi kimi fəal çalışmışdır (1924).

Rusiya Elmlər Akademiyasının nəzdində olan ölkəşünaslıq bürosunun beşinci elmi sessiyasında yekdilliklə akademiyanın ölkəşünaslıq bürosuna müxbir üzv seçilmişdir (1924). Şərq fakültəsinin katibi (1922-1925), Azərbaycan Yazıçılar İttifaqının məsul katibi (1931-1932) olmuşdur. Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin Fəxri Fərmanına layiq görülmüşdür (1933). Bədii tərcümə ilə ardıcıl məşğul olmuşdur. Rus, erməni və Qərbi Avropa ədəbiyyatından bir sıra qiymətli tərcümələr etmişdir. Onun əsərləri SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur.

1933-cü il dekabrın 11-də Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
(səs: 0)
Şərhlər: 7
Baxılıb: 4 103
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri