Üz dərisinin çatışmazlıqlarını makiyajla, bədən quruluşunun çatışmazlıqlarını düzgün seçilmiş geyimlə gizlətmək olar. Yalnız qulluq olunmayan əlləri heç cür gizlətmək olmaz. Əllərin dərisində qoruyucu hidrolipid qatı çox azdır, buna görə də onlar daha tez qocalır. Əllərin dərisini soyuqdan, isti su və məişət kimyasının təsirindən qoruyun! Soyuq havada mütləq əlcək geyin. Həmçinin, istənilən ev işlərini görərkən isti su və yuyucu vasitələrdən istifadə edirsinizsə, mütləq rezin əlcək geyinmək lazımdır. Əlcəklər yüksək keyfiyyətli və ölçüsü isə sizə tam şəkildə uyğun olmalıdır.
Əlcəkləri geyməzdən əvvəl əllərinizi yaxşıca yuyun, qurudun və üzərinə talk ("prisıpka")səpin. İşinizi bitirdikdən sonra əlcəklərin içəri və bayır tərəflərini yaxşıca yuyun və qurudun. Əllərinizi ilıq su ilə yuyun, qurudun və onlara qidalandırıcı krem vurun. Əlcəklərdən çox istifadə etmək də olmaz, əllər uzun müddət əlcəkdə qaldıqda onların dərisi korlanır.
Üz dərisinə olduğu kimi, əllərin dərisinə də eyni dərəcədə müntəzəm qulluq etmək - təmizləmək, qidalandırmaq və nəmləndirmək - lazımdır. Əlləri yalnız ilıq suda yumşaq sabunla yumaq lazımdır. Əlləri soyuq və qaynar su ilə yumaq olmaz. Su əllərin dərisini yağsızlaşdırır və qurudur, ona görə də hər dəfə su ilə təmasda olduqdan sonra əlləri yaxşıca qurutmaq lazımdır. Bədən və üz dərisində olduğu kimi, əllərin dərisində də ölmüş hüceyrələr toplanır, ona görə də həftədə bir dəfədən az olmayaraq vanna və ya duş qəbulundan sonra əllərin dərisini skrabla təmizləmək, sonra isə qidalandırıcı krem vurmaq lazımdır.
Əllərin dərisinin qidalandırılması və nəmləndirilməsində xüsusi əl kremlərindən istifadə olunur. Bu kremlərdən hər dəfə əlləri yuduqdan sonra və mütləq gecə yatmamışdan qabaq istifadə etmək lazımdır. Kremi əl dərisinə əlcəyin geyinməsini xatırladan hərəkətlərlə çəkirlər. Əvvəlcə barmaqların ucundan onların əsasına doğru, sonra ovucun başlanğıcından sonuna doğru vurulur. Vaxtaşırı əllərin dərisini vanna və maskalarla "əzizləmək" lazımdır.
Əllər üçün vannalar
- Bərabər miqdarda olmaqla çobanyastığı, dazıotu, adaçayı, kalendula, bağayarpağı otlarını qarışdırın. Bu qarışıqdan 4-5 xörək qaşığı götürüb üzərinə 0,5 litr qaynar su əlavə edin, 10-15 dəqiqə vam odda saxlayın. Əllərinizi ilıq şəkildə olan bu dəmləmənin içərisində 10 dəqiqə saxlayın və bundan dərhal sonra (hələ ki, nəm olan dəriyə) əl üçün yağlı qidalandırıcı krem sürtün.
- 1 xörək qaşığı nişastanın üzərinə ½ litr ilıq su və 1 xörək qaşığı qatıq əlavə edib yaxşıca qarışdırın. Əlləri 10 dəqiqə vannada saxlayın, sonra salfetlə qurudub, su ilə yaxalamadan əllərinizə qidalandırıcı krem çəkin.
- Əllərin həddən artıq tərləməsi zamanı palıd qabığından hazırlanan dəmləmə yaxşı kömək edir. 3 xörək qaşığı palıd qabığının üzərinə 1 litr qaynar su əlavə edib 15 dəqiqə vam odda qaynadırlar, sonra süzürlər. İlıq halda olan dəmləmədə əlləri 10 dəqiqə saxlayır, sonra yaxşıca qurudurlar. Əllərin tərləməsinin qarşısını almaq üçün boymadərən və adaçayı dəmləmələri də məsləhət görülür (hər otdan 1 xörək qaşığı + 1/2 litr qaynar su)
Redakte etdi: PRETTY GIRL