Hamiləlikdə üz dərisinə necə qulluq edilməli?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 13 200
Səs ver:
(səs: 0)
Hamiləlik xəstəliklər dövrü deyil, sadəcə gözəl və sağlam olmaq üçün adi vaxtdan daha çox qulluq və qayğı tələb edir. Biz mütəmadi olaraq, xanımlarımıza dəriyə qulluqla bağlı məlumatlar veririk. Bu dəfə isə oxucularımızın xahişi ilə 9 ay boyunca üz dərisinin solğunlaşmasının səbəblərini araşdıracaq və məsləhətlər verəcəyik.

Hamiləlikdə nə üçün bir sıra dəri problemləri ortaya çıxır?
Ana dünyaya övlad gətirən zaman orqanizmində olan bütün faydalı maddələri körpəsinə ötürür. O zaman təbii ki, ananın zəifləməsi və bəzi səhhət problemlərinin ortaya çıxması mümkündür. Xüsusilə də hamiləlik zamanı estrogen və progestron hormonlarının ifrazının artması da dəri problemlərinə yol açır. Buna görə də qadınlar körpə  ilə yanaşı öz sağlamlıq və gözəlliklərini də düşünməli, mütəmadi olaraq təbii vasitələrdən, maskalardan istifadə edib, dəri sağlamlıqlarının qeydinə qalmalıdırlar. Hərəkətsiz orqanizmdə bu problem daha da sürətlə inkişaf edir, odur ki, hamiləlik zamanı aktiv hərəkətlərdən çəkinməyin. Hamilələr üçün nəzərdə tutulmuş idman hərəkətlərinə üstünlük verin.

Üz gözəlliyi üçün nə edilməli?
Həkimlər dəri sağlamlığı üçün ilk növbədə xanımın yeməyinə fikir verməsini – fol turşusu və dəmir tərkibli qidaları çox yeməyi məsləhət görürlər. Həmçinin bol maye qəbulu da bu sıraya daxildir.
Hamilələr gözləməməlidirlər ki, dəridə problemlər yaransın. Yaranmazdan öncə üzlərinin qayğısına qalmalıdırlar. Bu dönəm üçün heç bir zərəri olmayan xüsusi kosmetoloji vasitələr var ki, onlardan istifadə edə bilərlər. Eyni zamanda yağlar (bu haqda keçən yazılarımızın birində ətraflı məlumat vermişdik), tərəvəzlərdən hazırlanan maskalar da köməyinizə gələ bilər. Əgər hamiləliyiniz qızmar yay günlərinə təsadüf edibsə, o zaman mütləq günəş şüalarından qoruyan kremlərdən istifadə etmək lazımdır.

Bəs bu kosmetk vasitələrin körpəyə zərəri varmı?
Hamilələr tərəfindən ən çox soruşulan suallardan biri də budur. Təbii ki, üz dərisinə qayğı ilə bağlı istifadə edilən vasitələrə diqqətlə yanaşmaq lazımdır. Dəri ləkələrinə qarşı olan müalicəvi vasitələr, saç düzləşdiricilər, tüktökücülər, selülit kremləri, saç boyaları bunlar körpə üçün təhlükəli ola bilər. Amma nəmləndirici vasitələr, şampunlar, dezodorantlar zərərsiz məhsullar sırasına daxildir.

Hamiləlik boyunca istifadə edilməsi tövsiyə edilən bir neçə nəmləndirici maska reseptini təqdim edirik:

Normal dəri üçün
1) 1 xörək qaşığı kəsmik ilə 1 çay qaşığı xamanı qarışdırıb, bir çimdik duz vurub, üzə çəkirsiniz.
2) Xiyarı sürtgəcdən keçirib, tənfizin içinə yığıb, elə sulu halda 20 dəqiqə üzdə saxlamaq lazımdır. İçinə 1 damcı limon şirəsi sıxmağı da unutmayın.
 
Quru dəri üçün
1) 2 xörək qaşığı kəsmik ilə 1 xörək qaşığı ilıq südü qarışdırıb, üzərinə 1 çay qaşığı bitki yağı da əlavə edib, qarışdırırsınız. Bir neçə dəqiqə üzünüzdə saxlayırsınız.
2) 2 ədəd təzə xiyarı sürtgəcdən keçirib, içərinə yulaf unu əlavə etmək də quru dəriyə yaxşı təsir edir. Dəriniz çox həssasdırsa, unu xama ilə əvəz edə bilərsiniz.
 
Yağlı dəri üçün
1) Almanı sürtgəcdən keçirib, üzə çəkmək faydalıdır. Bu qayda ilə kökü, şaftalını, xiyarı da yağlı dəri üçün istifadə edə bilərsiniz. Maskaya yulaf unu da əlavə etmək olar.
2) 1 xörək qaşığı kefir ilə 1 xörək qaşığı kəsmiyi qarışdırb, bir çimdik duz da əlavə edib, 10-15 dəqiqə üzdə saxlamaq olar. 

Aygün Quliyeva
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 13 200
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri