Anamız "usta aşpaz”dır!
Hansı şef-aşpaz anamızın yeməklərindən dadlı yemək bişirə
bilər? Hələ yeni evlənən oğlanlar sevgililərinə: "Anam bunu daha dadlı
bişirirdi, bəlkə yeməyin reseptini ondan götürəsən?” deməsi əsl
fəlakətdir.
Analar "axtarış” sistemi kimi
10 saat axtarıb tapa bilmədiyimiz köynəyi, corabı, saatı analar
əlləri ilə qoymuş kimi tez tapır. "Necə tapdın?” sualı mənasızdır,
onlar bu işdə mahirdirlər.
Vaxtında yuxudan durmaq
Əgər səhər tezdən durmalısınızsa, zəngli saatı qurmaq boş
şeydir. Çünki zəngi susdurub "5 dəqiqə də yatım, duracam”, — deyib
yenidən yatacaqsınız. Bircə ananıza "Məni 7-də oyada bilərsən?” desəniz,
inanın, gecikmə ehtimalınız yoxdur.
Hər şeyin ən ucuzunu tapmaq
Ailə büdcəsi nə qədər olursa-olsun, ana o büdcəyə hər şeyi
sığışdırar. Almanın da, şalvarın da, mebelin də ən ucuzunu ana tapar.
Bizə elə gəlir ki, internet əlimizin altındadırsa, hər şeydən xəbərimiz
var. Anaların belə imkanları olmasa da ən ucuzunu ala bilirlər.
"O lazım idi axı mənə…”
O dağınıq otaqlarımızı yığışdıranda hansısa əşyanı lazımsız bilib tullayarlar. Onun sizə lazımlı olduğunu başa sala bilməzsiniz.
Meyvə doğramaq
Məsələn, şaftalını soymaq istəsəniz meyvənin yarısı qabığında
gedəcək. Ancaq analar bunu elə səliqəli şəkildə edirlər ki, insan oturub
tamaşa etmək istəyir.
Dinləməkdən yorulmazlar
Dostlarınıza da dərdinizi danışa bilərsiniz, amma ananız
dərdinizi dinləməkdən heç vaxt bezməz. Düzdü, məsləhətləri bizə uyğun
olmur, amma hərdən yerinə düşənləri də eşidirik.
Təmizkarlıq xəstəliyi
Otağınızı, evinizi nə qədər təmiz saxlamağa çalışsanız da,
analarımızın gözündə həmişə "səliqəsiz” oluruq. Evə, otağa girən kimi
təmizliyə başlayıb, şkaflarımızın künc-bucağını da silməmiş çıxmaq
bilməzlər.
Ana, qutardı!
İndi boynunuza almasanız da, uşaq vaxtı hamı kimi siz də
tualetdən "ana, qutardı!”,- deyə səslənmisiniz. Deyin, anadan başqa kim
edər bunu?
Ad günü dəftəri
Analar hamının ad günlərini əzbər bilərlər. "Bibinə zəng vur,
bu gün ad günüdür”, — deməsə, heç kimi yadına düşməz. Analar olmasa,
qohum-əqrəba ilə bütün əlaqələrimiz kəsilər…
Analar ən etibarlı bankdır!
Ayın axırı çatıb, maaşınız bitib. Belə vəziyyətdə yenə analar yada düşür. Onların hamıdan gizlin kassaları var.
Kürəyə əski qoymaq
Az qala dördüncü sinfə qədər davam edən haldır. Xüsusən oyun
vaxtı qaçıb tərləyəndən sonra analar hardansa bir əski çıxarıb dərhal
belimizə qoyardı. Hələ qonaq gedəndə, beş-altı köynək daşımağın nə qədər
praktik bir şey olduğunu, ancaq böyüyəndə anlaya bilərik.
Sirrini anaya ver!
Ailədə həmişə belə vəziyyət olur: ana atadan nəsə gizlədir. Evə
gec gələndə atanıza bir yalan uydurar, evə içkili gələndə başqa bir şey
düşünüb sizi vəziyyətdən çıxarar.
Heyvanların da dostu
Yalvar-yaxar alınan bütün heyvanlar axırda ananın ümidinə
qalır. Əvvəl saxlamaq istəməsə də, sanki övladının "günahını yumaq” üçün
heyvanlarla dostlaşar, vaxtında yeməklərini verər, suyunu dəyişər. Yenə
də ana…
Danlamağa bir candır!
"Filan şeyi niyə etməmisən?”, "Sizə bir şey tapşırmalı deyil”
kimi cümlələri eşitmək artıq adi haldır. Analar sizi bütün hallarda
danlaya bilər, lap Amerikanın prezidenti olsanız da.
Texnik analar
Evdə ütü, "razetka”, adapter xarab oldumu, analar bütün texniki
alətləri tökər və düzəldər. Lampa dəyişmək isə uşaq oyuncağıdır onların
əlində.
"Qalın geyin”
Qış vaxtı lap kürk geyinin, yenə analarımız "Qalın geyin”,
yazda "Qalın bir şey götür”, "Xəstələnərsən a, nazik geyinib çıxma” kimi
mütləq deyinirlər arxamızca. Fəsillər də onları aldada bilməz, heç vaxt
ehtiyatı əldən verməzlər.
Uşağı etibar etmək
"Nəvə övladdan şirindir”, — atalar sözünü əsas gətirib, bütün
evli cütlüklər bir tədbir, iş çıxan kimi uşaqlarını dərhal analarının
yanına qoyub çıxırlar. Bundan sonra heç zəng vurmasanız da olar. Çünki
analar hamıdan yaxşı baxar onlara.
"Yemək” poçtu
Rayonlardan paytaxta oxumağa, işləməyə gələnlərin ən sevdiyi
vaxt – analarından "yemək” poçtunun gəldiyi vaxtdır. Analar nəyinki
rayondan Bakıya, lazım olsa, Amerikaya, Afrikaya da yemək sovqatınızı
göndərər, təki siz istəyin…
Rəna Nevzat