Bu problemlə kiçik yaşlı uşaqların analarının əksər hissəsi üzləşir.
Kiçik yaşlı uşaqlar hər bir şeyin "dadına" baxmağı xoşlayırlar.
Adətən uşaqlar kiçik əşyaları - xırda oyuncaqlar və ya oyuncaqların
hissələri, xırda pul, düymə, muncuq,daş, meyvə çəyirdəkləri və s. kimi
əşyaları udurlar. Əksər hallarda bu uşağın 1 yaşından 3 yaşına kimi baş
verir. Məhz bu səbəbdən kiçik hissələri olan oyuncaqların üzərində "3
yaşından yuxarı olan uşaqlar üçün" yazılır.
Adətən kiçik ölçüdə olan, hamar yad cisimlər uşaqda heç bir
narahatçılığa, ağrılara və s. pozulmalara səbəb olmur. Əksər hallarda
belə yad cisimlər 2-3 gündən sonra özü-özündən nəcis ifrazı zamanı
uşağın bağırsaqlarından çıxır. Həkimlə məslətləşdikdən sonra uşağa
işlətmə dərmanı vermək olar.
İti və kəsici əşyalar (iynə, sancaq, şüşə və s.) isə çox təhlükəlidir.
Onlar mədə-bağırsaq traktında ilişə bilər, onun divarını deşə və ya kəsə
bilər. Bu isə ağır fəsadlara gətirib çıxardacaq. Bu səbəbdən əgər uşaq
iti və ya kəsici əşya udubsa, dərhal "təcili yardım" çağırın. Uşaq özünü
yaxşı hiss edə bilər, lakin bu heç də o demək deyil ki, təhlükə yoxdur.
Həkim gələnə kimi uşağa yemək və maye verməyin, uşağı uzandırın.
Batareyalar da (xüsusilə diskşəkilli) çox təhlükəlidir. Mədənin turş
mühitinə düşdükdə onlar ziyanlı maddələri buraxmağa başlayır ki, bu
nəticədə mədənin kimyəvi yanığına səbəb olur. Bu halda da dərhal "təcili
yardım" çağırın.
Udulmuş maqnitlər də çox ağır pozulmalara səbəb olur - mədə-bağırsaq
divarların yırtılması, daxili qanaxmalar və s. Hal hazırda uşaqlar üçün
maqnitlərlə olan xüsusi ağıllı oyuncaqlar buraxılır. Bu oyuncaqları
kiçik yaşlı uşaqlara almayın.
Nisbətən iri və ağır əşyaların (misal üçün, dəmir kürəciklər, iri dəmir
pul və s.) udması uşağın səhhəti və hətta həyatı üçün ciddi təhlükə
yaradır. Müəyyən müddət ərzində burada qaldıqda bu əşyalar mədə-bağırsaq
traktının divarını yırta bilər ki, bu uşağın həyatı üçün təhlükəli olan
daxili qanaxmaya səbəb olacaq. Məhz bu səbəbdən uşağın mədə-bağırsaq
traktına yad cisim düşdükdə, mütləq onun buradan çıxıb-çıxmadığına fikir
verin. Bunun üçün uşağın hər nəcis ifrazına nəzarət etmək lazımdır.
Əgər uşaq unitazdan istifadə edirsə, bir müddət ərzində onu güvəcə
otuzdurun.
Beləliklə, uşaq iti, kəsici, iri və ağır əşyanı, batareyanı, maqniti udubsa, dərhal həkimə müraciət edin.
Əgər istənilən digər udulmuş əşya 2-3 gün ərzində nəcis ifrazı zamanı
uşağın bağırsağından çıxmayıbsa, mütləq həkimə müraciət edin.
Xəstəxanada uşağı cərrah müayinə edəcək. Lazım olduqda cərrah əlavə
müayinələri (rentgenoloji, endoskopik müayinələr, USM) təyin edir.
Rentgen zamanı yalnız dəmirdən olan yad cisimlər, daşlar, bəzi şüşə
növləri görünür, plastmassdan və ağacdan olan əşyalar ilə görünmür.
Uşaq müayinə olunduqdan sonra onun vəziyyəti qiymətləndirilir və uşağa
təcili müalicə təyin olunur və ya uşaq xəstəxanada həkimlərin nəzarəti
altında qalır (uşağa işlətmə dərmanları verilir və həkim yad cisimin
nəcislə çıxıb-çıxmamasına nəzarət edir).
Əgər əşya dərhal xaric olunmalıdırsa, bu məqsədlə endoskop istifadə
oluna bilər. Endoskopun köməyi ilə qida borusunda, mədədə və 12 barmaq
bağırsağında ilişmiş yad cisim çıxartmaq mümkündür. Əgər yad cisim daha
dərin yerdə ilişibsə, laparoskopik üsullardan istifadə oluna bilər.
Bəzən ananın uşağın yad cisim udmasından xəbəri olmur. Hansı simptomlar buna işarə edə bilər?
- uşaqda ürəkbulanması və qusma.
- qarında ağrılar,
- artmız ağız suyunun ifrazı. gəyirmə,
- hərarətin artması,
- nəcisdə qanın və seliyin olması,
- qida qəbulundan imtina.
Belə simptomlar olduqda, vaxt itirmədən cərraha müraciət edin.