Qadağan etmək məharəti: uşağa necə «yox» deyək?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 610
Səs ver:
(səs: 0)
Uşaq böyüyür, inkişaf edir, ətraf aləmi öyrənir, özü üçün maraqlı məşğuliyyətlər axtarır və çox vaxt əməllərinin hansı nəticələrə gətirib çıxara biləcəyindən tamamilə bixəbər olur. Və əlbəttə ki, elə şeylər istəyir ki, bunları ona vermək olmaz, qadağan etmək lazımdır. Burada valideynlərin qarşısında çox mühüm və eyni zamanda həssas bir sual durur: «Uşağa necə «yox» demək olar?»
Əslində kiçiklərə «yox» deyib, lazımi nəticəni əldə etmək o qədər də çətin deyil. Amma bunun üçün yeddi qaydadan ibarət sxemə riayət etmək lazımdır. Nəticəni əldə etmək üçün böyüklər bu qaydalara çox ciddi şəkildə əməl etməlidirlər. Beləliklə, başlayaq.

Birinci qayda: Uşağa həmişə «yox» demək olmaz
İlk növbədə başa düşmək lazımdır ki, «yox» xüsusi, müstəsna bir sözdür və bu sözdən daim istifadə etdikdə, o, qiymətdən düşür və mənasını itirir. Əgər ana hər şeyə görə «Yox!», «Olmaz!», «Eləmə!», «Bəsdir!» – deyə qışqırırsa, onun «yox»u hərəkətlərdə fasilə yaratma rolu oynamağa başlayır, lakin qadağa kimi işə yaramır. Uşağın «yox» sözünüzə layiqincə reaksiya verməsi üçün bu söz çox sayda «hə»lərin fonunda səslənməli, uşağı çaşdırmalı, təəccübləndirməli və onun diqqətini özünə çəkməlidir. Odur ki, siz «yox» sözündən nə qədər az istifadə etsəniz, o, bir o qədər təsirli olar. Qadağaların sayını azaltmaq üçün isə onlar barədə əvvəlcədən düşünərək, uşağın müvafiq olaraq «yox» və «olmaz» ifadələrinizlə üzləşməsi mümkünlüyünün özünün qarşısını hər yolla alın. Əgər güldan əlçatmaz yerdə olarsa, siz uşağın ona toxunmasını qadağan etməli olmayacaqsınız ki?! Odur ki, onu daha uzağa və yuxarıya qoyun, böyüyər – qaytarıb yenə də yerinə qoyarsınız. Eyni şeyi elektrik cihazlarına və digər təhlükəli əşyalara da aid etmək olar.
Qadağaların sayı nə qədər azdırsa, onlar bir o qədər təsirlidir – bunu dərk və qəbul etmək lazımdır.

İkinci qayda: Əgər övladınıza «yox» demisinizsə, artıq «hə» demək olmaz
Unutmayın ki, hər dəfə uşağa «yox» demək istəyəndə bu sözlə özünüzü bir növ tora salırsınız və üzərinizə böyük məsuliyyət götürürsünüz, çünki uşağa «yox» demisinizsə, onda artıq ona «hə» deyə bilməzsiniz. Buna görə də uşağa «yox» deməzdən əvvəl düşünün – bu qadağa nə dərəcədə zəruridir? Elə olmasın ki, sonradan razılıq vermək məcburiyyətində qalacağınız bir şeyi qadağan etmiş olasınız? Axı, asanlıqla geri götürmək mümkün olacaqsa, bu halda «yox» sözünüzün nə mənası olacaq? Əlbəttə, heç bir mənası! Odur ki, «yox»suz ötüşə bilsəniz, bu, həm uşaq, həm də sizin üçün daha yaxşı olar.
Uşağa «ağı» «qaradan» fərqləndirməyi öyrədəndə heç vaxt ağa «qara», qaraya isə «ağ» demirik. Amma «yox» məsələsində bu məntiq nədənsə bizə xəyanət edir. Məlum olmayan səbəblərdən biz qadağan edilmişə icazə verməyi və icazəli bir şeyi qadağan etməyi mümkün sayırıq.

Üçüncü qayda: Uşağa «yox» deməkdə qətiyyətlisinizsə, böyük və zəhmət tələb edən işə hazırlaşın
Siz uşağa «yox» deyəndə onun «qadağan olunmuş» bir şeyi əldə etmək arzusu azalmır, əksinə, çoxalır. Məsələ «qadağan edilənin şirin gəlməsində» deyil. Məsələ azadlığın məhdudlaşdırılmasındadır ki, istənilən normal insan bunu həssaslıqla qəbul edər. Ona görə, yeni qadağa tətbiq edərkən uşağın bunu dərhal və şərtsiz qəbul edəcəyini gözləməyin, onun təbii etirazı ilə qarşılaşmağa hazırlaşın. Bax, elə burada da uşağın həyatına yeni «yox»un tətbiq edilməsi üzrə işiniz başlayır. Əvvəlcə uşaq müqavimət göstərəcək, siz isə bu müqaviməti davaya çevirməməlisiniz – bu isə zəhmət tələb edən işdir. Sonra o, sizi müvafiq maddələrə düzəlişlər etmək üçün razılaşdırmağa çalışacaq, siz isə buna təslim olmamalısınız – bu da zəhmət tələb edən işdir.
Müəyyən bir məqamda uşaq əmrə tabe olmağa başlayacaq və bu zaman siz uşağı həvəsləndirməyi, dəstəkləməyi, onun yeni davranış modelini müsbət qiymətləndirməyi unutmamalısınız – bu isə böyük işdir!
Və nəhayət, uşağa müəyyən qadağalar qoyarkən, nədəsə bu qadağaları özünüzə də qoymalı olacaqsınız. Məsələn, uşağın şirniyyat yeməsini məhdudlaşdırırsınızsa, sevdiyiniz konfet və tortları görünən yerdə saxlamaq ədalətsizlik olardı.
Bizə elə gəlir ki, qadağadan istifadə etmək daha asandır. Guya, «olmaz» dedim, vəssəlam! Yanlışdır. Məhz qadağanın qoyulması, valideynlərdən həddindən artıq böyük səy və çox sayda mənəvi qurban tələb edir. Buna görə, inanın, razılığa gəlmək daha asandır və bəzi hallarda həm də səmərəlidir.

Dördüncü qayda: Uşağa «yox» sözünü yalnız o halda izah edin ki, onun bu izahı anlamaq iqtidarında olduğundan əmin olasınız
Ana bir yaşlı körpəyə acıqlanır: «Əllərini ağzından çıxar!» və əlavə edir: «Axı sənə dedim ki, əlin çirklidir!». Təəccüblü deyil ki, anasının üzünü çevirəcəyini gözləyən uşaq pərişan və narazı halda bütünlüklə yumruğunu ağzına salır. Görünür, balaca, bağırsaq pozğunluğu, bakteriyalar və barmaq sormaq arasındakı səbəb-nəticə əlaqəsini tuta bilmədi. Amma, anasının fikrincə, o, bunu nəinki başa düşməli, həm də yadda saxlamalı idi. Vəziyyətin təhlükəliliyi ondan ibarətdir ki, biz öz «ağıllı», amma anlaşılmaz izahatlarımız ilə uşağa qadağamızı nəinki izah etmirik, əksinə onu çaş-baş salırıq və nəticədə onu tələbimizlə təkbətək qoyuruq və təbii ki, o, bu tələbə əməl etmir. Buna görə öz qadağalarımıza uşağın anlaya biləcəyi izahatlar tapmağa çalışmalıyıq. Əgər körpənizin intellektual inkişafını, bilik və təcrübəsini nəzərə alaraq, uyğun izah tapa bilmirsinizsə, onda sadəcə qadağan edin. Bir də, mümkün olduqda əvəzinə başqa bir şey verin. Belə qadağadan heç bir pislik gəlməz. Sadəcə uşaq anlayacaq ki, bunu – qadağan olunanı - etmək olmaz.
Uşağa nə isə izah edirsinizsə, bu zaman onun təcrübəsindən istifadə etmək lazımdır və yaxşı olardı ki, uşaq nəyi və necə başa düşdüyünü sizə izah etsin.

Beşinci qayda: «Yox» həmişə neytral deyilən bir sözdür
«Yox» münasibətlərin aydınlaşdırılması məqsədilə deyil, tərbiyə üçün istifadə olunan bir sözdür. Əgər qadağanın elan edilməsi zamanı valideynlərin emosiyaları özünü göstərirsə, uşaq onları öz istədiyi kimi qəbul edir, bu halda isə artıq «tərbiyəni» yaddan çıxarmaq olar. Uşaq belə düşünür: «Valideyn hisrli danışır, deməli, məni sevmir. Valideyn şən danışır, deməli, o, sadəcə oynayır».
«Yox»un müəyyən bir obyektiv gerçəklik, bu və ya digər əməllərin nəticələrinin bilinməsinə əsaslanan bir qayda olduğunu uşaq bilmir və bunu anlamaq iqtidarında da deyil. Onun üçün «yox» sadəcə hərəkətinin dayandırılmasıdır. Siz «yox» sözünü sakit və əminliklə səsləndirirsinizsə, əslində ona deyirsiniz: «Mən sənin hərəkətini dayandırmadım. O, özü dayandı». Və bu halda uşaq özünü sınmış hiss etmir, qadağa isə onun üçün bir müəmmaya çevrilir ki, onu başa düşməmək də olar, amma diqqətə almaq mütləqdir.
Böyüyün «necə deməsi», «nə deməsindən» dəfələrlə əhəmiyyətlidir. Ana qızına «Dodaq boyasına toxunma!» – deyirsə və eyni zaman da onun məzəli görünüşünə gülürsə, qız elə başa düşür ki, anası sevinir və onu sevindirməyə davam edir. Valideyn «Neçə dəfə demişəm, pul götürmə!» – deyə acıqlanırsa, beş yaşında uşaq üçün bu, hədə kimi səslənir.
Qadağanızı əminliklə dilə gətirmirsinizsə, uşaq bu «yox»u sakit və həyəcansız qəbul edir.

Altıncı qayda: Uşaq sizin «yox»unuza əməl etməyə başlayanda onun davranışını həmişə müsbət qiymətləndirin
Təəssüf ki, bu barədə daim xatırlatmaq lazım gəlir – uşağın «düzgün», «yaxşı» davranışını müsbət qiymətləndirmək zəruridir. Adətən faciə aşağıdakı sxem üzrə baş verir. Əvvəlcə valideyn görür ki, uşaq «dəhşətli» bir şey edir və buna görə ona acıqlanır. Sonra əsəbi, gərgin şəkildə öz «yox»unu bəyan edir. Uşaq qorxur və əməlindən geri çəkilir, həm də bunu ona qarşı irəli sürülən iradları anladığı üçün deyil, sadəcə qorunmaq, valideynin qəzəbini sakitləşdirmək üçün edir. Valideyn hiss edir ki, «qalib gəlib» və narazı, amma məmnun «ilan» şəklini alır. Və elə alınır ki, valideynin «yox»una riayət etdiyinə görə uşaq layiq olduğu mükafatı deyil, «turş sifət»i qazanır. Bu vəziyyəti dərhal dəyişmək lazımdır! Başa düşün ki, uşağın sizin tələblərinizə və ya qadağanıza riayət etməyə hazır olması «təbii» deyil, bu, xoş iradənin təzahürüdür ki, siz öz övladınızda bunu görməli, müsbət qiymətləndirməli və eyni şəkildə cavab verməlisiniz.
Hər dəfə uşaq sizin şərtlərinizə əməl etməyə hazır olduğunu göstərəndə sevinin. Birincisi ona görə ki, sevinmək üçün səbəb var, ikincisi isə ona görə ki, uşaq üçün valideynini sevindirdiyini bilmək çox vacibdir.

Yeddinci qayda: Ailənin bütün üzvlərinin uşağınızın həyatındakı hər bir konkret «yox»la bağlı mövqeyi eyni olmalıdır
Ən dəhşətlisi valideynin uşağı üçün onun digər qohumlarından «daha yaxşı» olmağa, onun rəğbətini qazanmağa, daha çox loyallıq göstərməyə çalışmasıdır. Bu zaman siz, özünüz də daxil olmaqla, hamını hörmətdən salırsınız, uşaq isə daim asılı vəziyyətdə qalır. Amma, axı, bir qayda olaraq, ailənin hər bir üzvünün – ananın, atanın, nənələrin, babaların, dayıların, əmilərin, xalaların və bibilərin uşaq üçün öz şəxsi «yox»lar siyahısı var. Bəziləri konfet yeməyi qadağan edir, digərləri buna icazə verir, bəziləri uşaq televizorun yanında yeyəndə heç nə demir, digərlərinin isə bu, kəskin etirazına səbəb olur, bəziləri qiymətlərə görə danlayır, digərləri isə deyir: «boş ver». Ailənin nümunəvi səhvi aşağıdakı kimidir. Ana uşağa deyir ki, o dərslərini etmədiyi üçün televizora baxmayacaq. Uşaq nənəsinin yanına gedir və «mərhəmət qazanmağa» çalışır: «Nənəcan, olar televizora baxım?» Nənə sevimli nəvəsinin yaşlı gözlərini görüb, dərhal televizoru yandırır və üstəlik, onun üçün bir bulka da gətirir. Nənənin yerində ata, ananın yerində baba da ola bilər. Belə bir vəziyyətdə uşağın nəyin icazəli, nəyin qadağan olması haqqında təsəvvürü necə formalaşa bilər? Heç cür. Amma əvəzində onda başqa şey – qohumları manipulyasiya etmək bacarığı formalaşa bilər.
Böyüklərin qadağalarla bağlı bərabər mövqeyi uşağın psixi sağlamlığını artırır və ona hamının bir-birinə hörmətlə yanaşdığı bir ailə və səslənən qadağanın ailə üzvlərindən birinin kefindən gələn istəyi deyil, reallıq olduğu barədə anlayış bəxş edir.

Şəxsi təcrübəmdən. Bizim ailədə qızım dəqiq bilir ki, böyükləri aldatmaq, demək olar ki, mümkün deyil. Ona görə ki, bütün böyüklər arasında razılaşma var: nə isə qadağan edilirsə və ya nəyəsə icazə verilirsə, bu barədə hamıya məlumat verilir. Həm də, icazə verməzdən və ya qadağan etməzdən əvvəl qızımın müraciət etdiyi ailə üzvü ətrafdakılardan soruşur: «Bununla bağlı artıq hansısa təlimatlar verilib?» Və qızım yaxşı bilir ki, böyüklərin hər bir məsələ üzrə ümumi, eyni mövqeyi var və hətta lazım olduğu anda onların ümumi mövqeyi yoxdursa, onlar qızımın yanındaca bunu təşkil edirlər. Beləliklə, biz hamımız bir-birimizin nüfuzunu artırırıq, çünki bir-birimizdən soruşuruq – «nə və necə», sonra ümumi plana əsasən hərəkət edirik. Qızım başa düşür ki, böyükləri manipulyasiya etmək olmaz və bu, onda əminlik hissi yaradır.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 610
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri