Uşaq böyütmək çətinləşdi, yoxsa gənclik tənbəlləşdi?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 2 152
Səs ver:
(səs: 2)
Ailə qurmaq, ailəyə sahib durmaq, onun bütün qayğılarını çəkmək heç də asan iş deyildir. Hələ mövzu uşaqdan düşdüsə, şikayətlər daha da çoxalır. Xüsusən də indiki zamanda. Niyə indiki zaman deyirəm? Çünki hansı gənc ailəni dindirib danışdırsaq, hamısı giley dolu narazılıq yağdıracaq üstünə. Yaxında, qohumda, qonşuda 5 yaşında uşağı olan bir ailəyə: "Niyə ikinci uşaq haqqında düşünmürsünüz?” sualını verməyə peşman olursan. Şikayət şikayət üstünə yağır. "Ay bu uşaq bilsəniz necə nadincdir, bu uşağa yemək yedizdirmək müşkülə çevrilib, bu uşaq yuxu nədir bilmir, cin kimi gecə yarısına kimi ortalıqda gəzir. Daha nələr, nələr…yox, istəmirəm, indiki zamanda uşaq böyütmək zülümdür, biri bəsimizdir”. Əksəriyyətinin verdiyi cavabdır bu, yəqin ki, mənimlə razılaşarsınız.

İlk öncə uşaq saxlamağın çətinliyinin tərəfləri haqqında müqayisə aparmaq istərdim. Gəlin bir 30 il əvvələ qiyabi səyahət edək. Daha doğrusu mən sizi o zamanın şəraiti ilə tanış edim. Təsəvvür edin, ana südü ilə qidalanmayan bir uşaq böyüdürsünüz. İndiki zamandakı kimi min bir çeşiddə uşaq yeməkləri tapmaq müşküldür. Tapsan belə hazırlanması vaxt aparır, bir əlin yemək bişirir, bir əlin ac uşağı sakitləşdirir.
Məlumdur ki, körpə uşaqların ən narahat olduqları hal "qazlarının” olmasıdır. Əczaxanalarda "şüyüd suyu” deyilən bir içki var idi. Uşağın qazı oldusa, mütləq bu sudan verilməliydi. Onun da 3, ya da 5 gün saxlama müddəti vardı. Təsadüfən evdə bu su bitmişdisə və gecə yarısı idisə, vay ananın halına. Səhərəcən körpəsini gah dizinin üstünə qarnı üstə qoyub kürəyini astaca masaj etməli idi, ya qucağında dik saxlayıb o baş, bu başa gəzməliydi. Yəqin ki, səhnəni təsəvvür etdiniz…
Bir az da uşaq geyimi haqqında…əgər qaynanan zəhmli və hökmlü biriydisə, sözünün qabağına haqlı olsan da söz demək ixtiyarın yox idisə, işin əgəl idi demək. Uşaq qırxı çıxanacan bələnməli idi. Həm də əlləri ilə birlikdə. Vay o gündən ki, qaynana gəlib görə uşağın əli bələkdən çıxıb: "çatmasaydım uşaq gözünü çıxaracaqdı, bu körpədir qanmır, bəs sənə nə gəlib əlini açıqda qoymusan?”
Yaxşı ki, sonradan ağıllı analar tapıldı uşağın bir neçə uzunqol köynəyinin qoluna əlavə parça verib ucunu da tikdilər…
Maddi durumu aşağı səviyyədə olan ailələrin işi isə, lap çətin idi. Uşağa geyim çatdırmaq çətin olurdu. Yuduğu qurumamış, uşağın əynindəki artıq yumağa "hazır” idi.
Yemək yedizdirmək mövzusunda da indiki kimi şanslı deyildi analar. Nə rəngli televizor bolluğu vardı, nə planşet, nə də mobil telefon. ( Bu haqda bir ayrı yazım da olacaq, çünki bunun da ziyanlı tərəfini anlamayan gənclərimiz çoxdur).
Uşağa yemək yedizdirmək üçün nağıl danışılardı, müxtəlif şəkili kitablarla başını qatardılar ki, nədi-nədi bir qab sıyığı axıra çatdırsın. Hələ özündən nağıl düzüb qoşan, üz mimikasını min şəklə salan anaları demirəm.
O vaxtlar bax belə çətin idi uşağa baxmaq. Amma buna baxmayaraq ailələrdə uşaq sayı qənaətbəxş idi. Çətin də olsa öhdəsindən gəlirdilər.
Bəs indi nə oldu bu gənclərə? Niyə şikayətçidirlər? Niyə gələcəyimiz olan gül balaların doğulmasının əleyhinə gedirlər?
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 2 152
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri