Yeniyetmələrdə aqressiya

Şərhlər: 4
Baxılıb: 4 441
Səs ver:
(səs: 2)
Şəxsiyyətlərarası münasibətlərin pozulmasının bir sıra səəbəbləri var ki, bunlardan da ən başlıcası aqressiyadır. Aqressiya sözü latın mənşəlidir, mənası hücum etmək deməkdir. Aqressiya insanlar tərəfindən də məhz bu anlamda qavranılır. Aqressiv insan dedikdə hər kəs gözləri qarşısına qəzəbli, qəddar bir insan gətirir. Bu insan uşaq da ola bilər, yeniyetmə də, gənc də, yaşlı da. Lakin insanlar aqressiv insanın bu hala gəlmə səbəbi üzərində çox düşünmür. 
Aqressiyanın daha çox konfliktlərə səbəb olduğu yaş dövrü yeniyetməlik, mühiti ailə ola bilər. Mentalitetimizə xas tərbiyə üsulunda valideyn-övlad arasında olan münasibət olduqca məsafəli və az emosionaldır. Valideyn heç bir zaman böyütdüyü övladından ona qarşı səsini yüksəltməsini, ona qarşı çıxmasını görmək istəmir. Lakin bu heç də yeniyetmələr tərəfindən birtərəfli qarşılanmır. Yeniyetmə qarşısındakı insanın onu anlamasını, dəstəkləməsini, dərdinə şərik olmasını gözlədiyi halda əks reaksiyanı görür. Bu halda isə onu anlamadığı üçün müəyyən şəxslərə qarşı aqressiya yaranır. Aqressiv davranan bir yeniyetmə valideynləri və ətrafdakılar tərəfindən hər zaman qınaq obyektinə çevrilir. Bəs yeniyetmələrdə daha çox hansı səbəblər aqressiyaya səbəb ola bilər?
Ailə üzvləri tərəfindən diqqətsizlik, yaxud həddindən artıq mühafizəkar ailə, qadağaların çox olması yeniyetmələrdə aqressiya yarada bilər. Aqressiya tək aqressiv davranış olaraq qalmır, özü ilə bir sıra neqativ dəyişikliklər gətirir: özünə qapanıqlıq, ünsiyyətsizlik, həyata marağın sönməsi və s.
Aqressiya yaradan səbəblərdən biri də özünə inamsızlıqdır. Belə ki, yeniyetmənin hansısa uğursuzluqdan sonra özünə olan inamı itir və o özünü sübut etmək üçün aqressiv davranışlar göstərir, bununla özünü sübut etdiyini düşünür. Özünə inamsızlıq müxtəlif səbəblərdən yarana bilər. Yeniyetməlik dövründə özünə inamsızlıq qarşılıqsız sevgidən, imtahan həyəcanından əldə olunmuş uğursuzluqdan qaynaqlanır. Bu halda yeniyetməni narahat edən nəticənin uğursuz olması, eyni zamanda dostlarının, həmyaşıdlarının əhatəsində "imic”inin korlanmasıdır. Bu dövrdə özünə inamın itməsinə səbəb olan bir situasiya da dostluq münasibətləridir. Hər bir məktəbdə, hər bir sinifdə müəyyən qruplaşmalar, bir-birinə əks olan dostlar olur. Belə qruplaşmaların ən çox mənfi təsir etdiyi məktəblilər isə qrup tərəfindən təcrid olunan, heç kəslə sirrini bölüşməyən yeniyetmələr olur. Əhatə dairəsindəki insanlar tərəfindən qəbul olunmamaq, bəyənilməmək qorxusu özünəinam hissini aşağı salır və bundan qurtulmaq üçün yeniyetmə aqressiyadan istifadə edir, ünsiyyətə girmək istəmir, buna səbəb kimi isə aqressiv olmasını göstərir.
Bəs aqressiya hər zaman mənfi mənalı olur? Xeyr, aqressiya əslində insana özünü müdafiə üçün bəxş olunmuşdur. Bir sıra hallarda insan aqressiv olmaqla gələcək çətinliklərdən özünü müdafiə etmiş olur. Bəzən biz düşünmədiyimiz halda qarşımıza çıxan maneələri məhz aqressiyamız sayəsində dəf edə bilirik. Sadəcə olaraq maneələri dəf etmək, hansısa məqsədə nail olmaq müsbət qarşılandığı üçün burada aqressiya hiss olunmur.
Bəs aqressiyadan necə uzaq durmalı? Əgər aqressiyanı yaradan səbəb ailə mühitidirsə, o zaman ailədaxili münasibətləri qaydaya salmaq məsləhətdir. Çünki ailə daxilində konfliktlər hər zaman psixoloji gərginlik yaradar və insanda aqressiv davranışa səbəb olar. İnamsızlıq hissi ilə müşayiət olunan aqressiya isə özünəinamın yenidən bərpa olunması ilə aradan qalxar. Ümumi olaraq isə aqressiyadan uzaq durmaq üçün sadəcə olaraq konfliktdə olduğumuz insanla bizi narahat edən mövzunu ətraflı şəkildə müzakirə etmək, dinləmək və bunun nəticəsində də öz fikirlərimizi qarşı tərəfə çatdırmaq kifayətdir. Unutmaq lazım deyil ki, konflikt 2 cür olur – konstruktiv və destruktiv. Destruktiv konflikt dağıdıcı olub münasibətlərin məhvinə xidmət etdiyi halda, konstruktiv konflikt insanların bir-birini tanımasına və daha möhkəm bağlarla bir-birinə bağlanmasına səbəb olur. Güclü olan yüksək səs tonu və əzələ gücünə malik insan deyil, təmkin və iradə ilə məqsədinə doğru irəliləyəndir. Öz həyatınıza hansını uyğun bilməyiniz isə Sizin seçiminizdir!
(səs: 2)
Şərhlər: 4
Baxılıb: 4 441
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri