Dölyaratma prosesi üçün optimal yaş - hər iki valideyn üçün 20-29 yaş həddidir.
Yeniyetmə qız uşaqları ilk menstruasiya aktından sonra hamilə ola
bilsələr də, onların orqanizmi hələ yaxın 5 il ərzində hamiləliyin başa
çatdırılmasına və doğuşa hazır olmur.
Ana olmaq üçün icazə verilən aşağı yaş həddi - ilk menstruasiyanın
olduğu yaş + 5 il olmaqla hesablanır. Məsələn, 13 yaş + 5 yaş = 18
yaş,14 yaş + 5 yaş = 19 yaş.
Erkən (16-19 yaş) və orta (30-dan artıq) yaşlar qadınlar üçün risk
faktorları hesab olunur. Bu yaş qrupuna daxil olan qadınlarda optimal
yaş qrupuna (20-29 yaş) daxil olan qadınlardan nisbətən ağır formalı
hamiləlik toksikozları, patoloji doğuşlar, həmçinin dölün və doğulmuş
uşağın yaşamaq qabiliyyətinin aşağı olması daha çox hallarda təsadüf
edilir.
30 yaşından sonra qadınlarda adətən bir sıra xəstəliklərə rast gəlmək
olar ki, bu da ananın və doğulacaq körpənin saqlamlığına mənfi təsir
göstərə bilər. Adətən hamiləliyə qədər aşkar olunmamış xəstəliklər məhz
yaşlı dövrdəki hamiləlik zamanı özünü büruzə verir. Qadının yaşı
artdıqca daxili cinsiyyət orqanlarında da dəyişikliklər baş verir. Cavan
qadınlarda daxili cinsiyyət orqanlarının elastikliyi daha çox olur. Yaş
artdıqca bu elastiklik azalır, bu da dölsalma riskini artırır.
40 yaşından yuxarı qadınlarda 30 yaşınadək olanlara nisbətən 3 dəfə artıq sayda hamiləlik diabeti inkişaf edir.
Qadın nə qədər yaşlı olarsa, o qədər də çoxdöllü hamiləlik ehtimalı
artır. Bu da yaşlı qadın üçün daha çox təhlükə yaradır. 35-39 yaş
çoxdöllü hamiləliyin ən zirvə dövrüdür. Yaşlı qadınlarda doğuş
zəifləməsi, toxumaların elastikliyinin pozulması nəticəsində doğuş
yollarının cırılması, qanaxma kimi hallar daha çox baş verə bilər. Bu
səbəbdən 35 yaşdan yuxarı qadınlara həkimlər Keysər kəsiyi əməliyyatını
tövsiyə edirlər. Lakin yaş dövründən başqa digər göstəricilər (çanaq
ölçüləri, arterial təzyiq göstəriciləri, analizlər, ürək döyüntüləri,
tənəffüs tezliyi) norma daxilindədirsə, təbii doguşa daha çox üstünlük
verilməlidir.
Atalıq üçün 40-dan yuxarı yaş dövrləri isə daha yüksək risk faktoru kimi qəbul olunur.
Yaşlı dövrdə hamiləlik zamanı dölün genetik patologiyaları ehtimalını
müəyyən etmək üçün əksər hallarda anaya qanın muayinəsinin aparılması
məsləhət görülür. Ümumiyyətlə bu müayinələrdən qadınların bütün yaş
dövrlərində keçməsi məsləhətdir. Əgər bu müayinələr nəticəsində hər
hansı şübhə yaranarsa, əlavə müayinə metodları da aparıla bilər.
Hamiləliyin 7-9 həftəsində xorionun biopsiyası (gələcəkdə ciftə
cevriləcək olan toxuma hissəciyin müayinəsi), 16-20 həftələrində
amniosentez (dölyanı suların müayinəsi), 23-25 həftələrində kordosentez
müayinəsi aparılır (göbək ciyəsi damarlarından dölün qanı götürülür). Bu
müayinələrin nəticəsi qənaətbəxşdirsə, körpədə genetik qüsurlara görə
narahat olmağa dəyməz.