Həyatımın acı təməli-atam... (2-ci bölüm)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 6 003
Səs ver:
(səs: 3)
Bu iclasdakı hadisədən sonra o oğlandan zəhləm getdi. Onun bu davranışı məni təəccübləndirmişdi, çünki mən səmimi olaraq ondan saatı soruşmuşdum. Eyni yaşda idik onunla… Üzdən uşaq kimi görünürdü, yaraşıqlı idi. Qruplarla birləşəndə bütün qızların diqqəti onda olurdu.
Universitet yaxın bölgədə olduğundan evimizdən gedib gəlirdim. Anam üçün çox darıxardım. Qış olanda gedib-gəlməyim çətinləşdi. Kiraye ev tutmalı olduq. Bir gün  "saatı soruşduğum” oğlanın da mənim kirayə qaldığım binada yaşadığını öyrəndim. Elə olurdu ki,
hər gün eyni vaxtda binadan çıxır və dərsə gedəndə rastlaşırdıq. Birləşdiyimiz dərslərdə, artıq, bu oğlan mənə daha çox diqqət edirdi. Dərs zamanı
mənə baxdığını görürdüm.
Bir gün evə gedən zaman binanın qarşısında önümə keçdi və nəsə demək istəyəndə mən tez binaya daxil oldum. Sonralar hər gün üzümə baxır, dəhlizdə daim məni izləyirdi.
İçimdə uşaqlıqdan bəri atamın etdiklərinə görə qəribə bir hiss yaranmışdı, kişilərə nifrət edirdim. Güvənə bilmirdim.  Atamın anama yaşatdıqlarını unuda bilmirdim.
Atam heç vaxt bizimlə olmadı, gəldiyi qısa müddətləri isə dostları ilə əyləncə məclislərində keçirir, evə içkili gəlirdi. Yazıq anam evdə bütün kəsici alətləri gizlədərdi. Xatırlayıram, bir gün yenə içmişdi atam, evə əlləri doğranmış halda gəldi, qan
barmaqlarından axırdı. Anama
əsəbləşib qışqırmağa başladı, sonra da o halda qapını çırpıb getdi. Qış idi, çoxlu qar yağmışdı. Mənim dörd yaşım vardı, anamla qarda qan izləri ilə gedib atamı dostunun evində tapdıq. İçkili olub restoranın şüşələrini sındırıbmış. Həbs olunmamağı üçün babam əlindən gələni etdi və atam tutulmadı. Anamın atası bizə görə onun türməyə getməsinə razı olmadı. Babam rayonda sayılıb-seçilən vəzifəli şəxslərdən idi.
Bir gün dərs zamanı dəftərimi açanda içində məktub olduğunu gördüm. Açıb oxudum və bunu yazan həmin oğlanın gözləri qarşısında cırıb yerə atdım. Artıq ev
telefonuna zəng gəlirdi, Ruslan olduğunu dedi. Dərs zamanı adını çox eşitmişdim- Əliyev Ruslan… Nəsə deməyə davam edirdi ki, dəstəyi asdım. Bir müddət zaman
keçdi, demək olar ki, hər gün Ruslanı görürdüm. Qəribə
nəzərlərlə mənə baxır, diqqətindən yayınmırdım. Bir gün hiss etdim ki, nəsə qəribə şeylər yaranır məndə. Heç bir oğlan diqqətimi çəkmədiyi halda, artıq Ruslanı görməyə, baxışlarını hiss etməyə alışmışdım. Bir az da yumşalmışdım, əvvəlki kimi hırçın, əsəbi deyildim. Birləşdiyimiz dərslərdə məndən sonrakı partada otururdu. Mənim uzun saçlarım vardı, bəzən bilmədən də olsa saçlarım onun partasına tökülürdü, bunu sevdiyini hiss edirdim.  Bir gün mən oturduğum partaya nömrəsini və bu cümləni yazmışdı: "xahiş edirəm, mənə cavab ver, əgər nifrət edirsənsə bildir, əbədi olaraq sənin qarşına çıxmaram”…
O gün nömrəni götürdüm, amma günlərlə zəng etmədim. Bir müddət sonra qısa bir mesaj yazdım, adımı söyləmədən tanışlıq təklif etdim,
o isə cavabında: "sevdiyim var, məni narahat etməyin” -deyib kobud bir mesaj göndərmişdi. Səhəri gün ona Nəzrin olduğumu yazdım. Beləliklə, mesajlaşmağa başlamışdıq. Amma universitetdə bunu heç kim bilmirdi. Mən istəmədiyimi demişdim, Ruslan da mənim fikrimə hörmətlə yanaşırdı. Sadəcə telefon əlaqəmiz vardı. Bu şəkildə 1-ci kursu bitirdik. Ruslanın ailəsi də haqqımızda bilirdi.
Bir bacısı vardı, evil idi. Ruslan valideynləri ilə yaşayırdı. Atası müəllim idi. Sadə bir ailəsi vardı. Bizim haqqımızda Ruslan deyəndə etiraz etməmişdilər,
"universiteti bitirin, düşünərik" -demişdilər. Artıq 3-cü kursda oxuyurduq. Bizim evdə söz-söhbətlər başlamışdı, atam gəlmişdi. Anam məni öz bacısının oğluna, atam isə öz bacısının oğluna vermək istəyirdi. Xalam oğlu yaxşı insan idi, məndən 14 yaş böyük idi, Antalyada yaşayır,
ürək-damar cərrahı kimi çalışırdı. Bibim oğlu isə atası kimi hərbiçi idi, atası general idi, Azərbaycanın Amerikadakı rəsmi nümayəndəsi olmuşdu. Bibimin oğlu çox kobud, quru insan idi. Mənə öz malı kimi davranırdı, "mənim ailə qurduğum qadın ailəsini-valideynlərini unutmalıdır”- deyirdi. Bibim kimi… Babam rəhmətə gedəndə bibim
hüzürə gəlmədi, çox soyuqqanlı qadın idi. Bilirdim ki, onunla evlənsəm anama həsrət qalacağam. Atama buna razı olmadığımı deyəndə çox əsəbiləşdi.
Ruslana vəziyyəti izah etdim, o isə: "mənim hələ evlənən vaxtım deyil, universiteti bitirib əsgər gedəcəyəm, döndükdən sonra işləməyə başlayıb pul qazanacağam, evliliyi bundan sonra düşünürəm”- dedi. Ruslandan incidim, qəlbim qırıldı, mən həmən evlənməyimizi istəmirdim,
sadəcə mənə arxa durmağını gözləyirdim. Rayonda kim adımı çəksə, biriləri atama görə vaz keçirirdi, onun atası dəlidir deyirdilər. Atam qızının həyatına ləkə,
əngəl idi. Qonşuluqda salam-sağolumuz olan bir ailə vardı. Qohumları olan bir oğlan onlara qonaq gələrdi. Əslən başqa bölgədən idi, bibisigilə-yəni qonşumuza qonaq gəlirdi.
Universitetdə oxuyurdu. Deyilənə görə kasıb-sadə bir
ailəsi varmış. Özündən başqa da evil olan bir bacısı…
Bu oğlanın məndən xoşu gəlmiş, qonşu vasitəsilə mənə bildirmişdi. Atama görə çox utanırdım, Ruslan da məni yarıyolda qoymuşdu, dəstək olub bir yol göstərməmişdi. Anamla atam isə hərəsi bir tərəfə çəkirdi məni… Bu oğlana şans verməyi qərara aldım. Ruslanı unudub, atamı
da həyatımdan çıxarıb başqa bir bölgədə həyatımı davam edəcəyimi düşündüm. Xoşbəxt olmaq istəyirdim, uzaqlarda xoşbəxtlik axtarırdım. 3-cü kursun son imtahan günü bu oğlanla - Nihatla qaçdım. Anamı məhv etsəm də, buna məcbur olduğumu düşünüb etdim.
Yasdığımın altına anama yazdığım məktubu qoyub, anamdan 8 rayona uzağa getdim. Nihatla bibisigilə getdik. İki gün orda qalandan sonra bibisi ilə birlikdə rayona-valideynlərinin
yanına gəldik. Anası məni istəmədi, geri
qaytar dedi. Xalaları ədəbsiz suallar verdilər, bakirə
olub-olmadığımı soruşdular. Uşaq kimi qorxmağa başladım, harda olduğum yuxu kimi gəldi mənə. Suallar qarşısında sanki ayıldım, peşiman olduğumu hiss etdim. Amma geriyə yolum yox idi. Anam bunu biləndə mənim qaçdığımı heç kimə
bildirmədi. Arxamca yanıma gəldi,
Nihatın anasıgillə danışdı. Anamla geri qayıtmaq istədim, amma bu addımım artıq məni çərçivələmişdi. Halbuki, Nihat mənə toxunmamışdı, tərtəmiz idim. Barışıq oldu,
barışıq süfrəsinin adı elçilik kimi səsləndi. Üzük taxıldı,
rayonda böyük toy məclisimiz oldu. Anam məni əziyyətlə böyütdüyü kimi, ən gözəl şəkildə də toyumu edib cehizlərimi verdi. 15 gün sonra oğlan toyu oldu və mənim bədbəxt taleyimin
başlanğıcı 20.07.2007 tarixində bəlirləndi…
 
Ardı var...
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 6 003
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri