Zəngin bir ürəyin sahibiyəm mən,
-mücərrəd varlıqla kifayətlənən.
Yox olan hər şeyin xəstəsiyəm mən,
-var olan heç nəyi görə bilməyən.
Zamanın iziylə axıb gedirəm,
-arxaya baxmayıb axanlar kimi
Zamandan çox aman gözləyirəm mən,
-möcüzə yolunda qalanlar kimi.
Qədərim var deyib gözləmirəm mən,
-taleyi əlində saxlayanlartək.
Bilirəm əməllə fərqlənəcəyəm,
-yaxşıya çatmağa tələsənlərtək.
Xəyallar quraraq yaşayıram mən,
-həyatı xəyalda yaşayanlartək.
Heç kəsdən zərrəcə zəif deyiləm,
-qüvvəsi qəlbində gizlənənlər tək.
Sevgini gizlincə yaşayıram mən,
-hissini heç kəsə bildirməyəntək.
Paylaşıb tükətmək istəmirəm mən,
-paylaşmaq qorxusu keçirənlərtək.
Dünyadan bir məna axtarıram mən
-əbədi dünyanı sevənlər kimi.
Axtarsam, yenə də tapa bilmirəm,
-arzusu çox böyük olanlar kimi.
Zəngin bir ürəyin sahibiyəm mən,
-mücərrəd varlıqla kifayətlənən.
Yox olan hər şeyin xəstəsiyəm mən,
-var olan heç nəyi görə bilməyən.