Belə getsə, Azərbaycanda oğlanlara qız tapılmayacaq?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 2
Baxılıb: 5 861
Səs ver:
(səs: 0)
Ekspertlər bildirirlər ki, doğulan uşaqlar arasında gender disbalansının yaranması ciddi demoqrafik problemə gətirib çıxaracaq.

Qorxuram ki, 20 ildən sonra oğlumu evləndirməyə qız tapmayım”. Bu sözləri 7 yaşlı oğlu olan İlham Quliyev bildirdi. O, 15-20 ildən sonra ölkəmizdə yetkinlik yaşına çatmış oğlanlara nisbətdə qızların az olacağından narahat olduğunu dedi.


Rəqəmlər nə deyir?

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin 3 ayı ərzində 40 minə yaxın uşaq doğulub. Onlardan 53,8 faizi oğlan, 46,2 faizi qızdır. Ötən illərə nəzər salsaq, görərik ki, 2011-ci ildə 94 min 696 oğlan, 81 min 376 min qız uşağı doğulub. Bu da 2011-ci ildə 13 min 320 oğlanın qızlardan çox olması deməkdir. 2010-cu ildə isə 89 min 134 oğlan, 76 min 509 qız doğulub ki, fərq 12 min 625 nəfərdir. 1935-ci ildən bu tərəfə statistikaya nəzər salsaq, görərik ki, həmişə doğulan uşaqlar arasında oğlanlar çoxluq təşkil edib. Sadəcə, oğlanlar qızlardan illər üzrə cəmi 1000-5000 nəfər çox doğulub. Məsələn, 1935-ci ildə 34 min 377 oğlan, 30 min 868 qız uşağı doğulub (fərq 3509 nəfər), yaxud 1950-ci ildə doğulan oğlanların sayı qızlardan 3784 nəfər çox olub.
1986-sı ildən başlayaraq 1997-ci ilə qədər oğlanlar qızlardan 6-7 min nəfər çox doğulub. 1998-ci ildən 2004-cü ilə qədər bu fərq 7-9 min, 2005-ci ildən isə bu fərq 10 min nəfəri ötərək 12-13 min arasında dəyişilməyə başlayıb. Bu gedişlə fərqin növbəti illərdə 15-20 mini ötəcəyini demək olar.

Problemin kökündə nələr durur?

Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsindən aldığımız məlumata görə, normada hər doğulan 105 oğlan uşağına 100 qız düşməlidir. Azərbaycanda isə artıq kəskin fərqlənmə müşahidə olunmaqdadır. 2011-ci ilin nəticələrinə görə hər doğulan 112 oğlanla müqayisədə 100 qız uşağı dünyaya gəlib. Bu da demoqrafik problemlərə gətirib çıxara bilər.
Mütəxəssislər son illər doğulanlar arasında oğlanların çox olmasını selektiv abortlar, yəni dölün cinsinə görə hamiləliyin süni şəkildə pozulması ilə əlaqələndirirlər.
25 yaşlı, 2 qız anası Kəmalə indiyədək 8 qız uşağını “abort” etdirdiyini dedi: “19 yaşımda evlənmişəm və ailə qurandan sonra 1 il fərqlə iki qızım oldu. 22 yaşımdan bu yana dəfələrlə hamilə qalmışam və 3 aylığında, bəzən isə cinsi bilinmədiyindən 4 aylığında UZİ-yə düşürəm, biləndə ki, qızım olacaq, onu “saldıqmaq” məcburiyyətində qalıram. Çünki yoldaşım və qayınanam da qızımın olmasının əleyhinədir. Ancaq Allah verməyəndən sonra mən nə edə bilərəm ki... Hər dəfə aborta gedəndən sonra 2-3 ay həm zəifləyirəm, həm də psixoloji baxımdan özümə gələ bilmirəm”.
Kəmalə deyir ki, həyat yoldaşıgilin nəslində hesab edirlər ki, oğlun yoxdursa, deməli, övladın yoxdur.

Yenə statistikaya nəzər yetirək. Əgər 2000-ci ildə abortların sayı 17 min 529 olubsa, 2010-cu ildə 26 min 801, 2011-ci ildə isə 27 min 790 olub. On bir il ərzində abortların sayının 10 min artması, elə sözügedən dövrdən başlayaraq yeni doğulan uşaqlar arasında oğlanların da qızlara nisbətdə 10 min nəfər çox doğulması təsadüfi deyil. Mütəxəssislər hesab edirlər ki, 27 min 790 abortun təxminən 25 mini məhz qız uşağı olduğuna görə ana bətnindəcə məhv edilən döllərdir. Bu, Dövlət Statistika Komitəsinin qeydə aldığı rəqəmdir. Ara həkimlərinin də abortla məşğul olduğunu nəzərə alsaq, rəqəmin bəlkə də 30 mini aşacağını ehtimal etmək olar.
Müxtəlif ölkələrdə həyata keçirilən abortlara nəzər salaq. Hollandiyada hər 100 qadından 5-6, İngiltərədə 10-15, Rusiyada 65-70, bizdə isə 70-80 nəfər abortdan istifadə edir.

Mələk Səmədova
mama-ginekoloqdur, amma xəstəxanada işləmədiyindən ara həkimi sayılır. Həm abort edir, həm də uşaqların dünyaya gəlməsinə yardımçı olur. M.Səmədova il ərzində təxminən 10-20 abort həyata keçirdiyini dedi: “Onlardan təxminən 10 nəfəri uşaqları qız olduğuna görə abort etdirməyə üz tuturlar”.


M.Səmədova əvvəllər ona müraciət edənlərin daha çox olduğunu bildirdi: “Amma son illər onların sayı azalıb. Əksəriyyət ev şəraitində abort etdirməyə ürək eləmir. Onu da deyim ki, 3 ayını keçən hamilə qadınları abort etmirəm. Qanunlar dəyişib, qorxuludur. Buna görə də yalnız 3 aylıq hamilələri boynuma götürürəm”.

Avropa Şurası Parlament Assambleyasının (AŞ PA) Gender Bərabərliyi Komitəsinin sədri Xose Mendes Bota Azərbaycanda ailə planlaşdırmasının olmadığını vurğulayıb. O, selektiv abortların yeni doğulan qız və oğlan uşaqları arasında qeyri-bərabərlik yaratdığını, nəticədə, oğlan uşaqlarının sayının qız uşaqlarının sayını ötdüyünə diqqət çəkərək, bunun 20 il sonra böyük problemə səbəb olacağını deyib.

Gender disbalansı
BDU-nun müəllimi, demoqrafiya üzrə mütəxəssis Lətifə Həsənova da bizimlə söhbətində bildirdi ki, doğulan uşaqlar arasında gender disbalansının yaranması ciddi demoqrafik problemə gətirib çıxaracaq: “Ümumiyyətlə, yeni doğulan oğlan uşaqlarının sayı həmişə qızlara nisbətdə çox olub. Amma arada böyük fərq olmayıb. Çünki dünyada olduğu kimi, Azərbaycanda da 5 yaşına çatan uşaqlar arasında daha çox oğlan uşaqları dünyasını dəyişir. Qadınların zəif məxluq olduğunu desək də, onlar çox şeyə dözümlüdürlər”.
Ölkəmizdə beş yaşına çatan uşaqların ölüm statistikası aparılmasa da, 1 yaşına qədər uşaqların statistikasına baxsaq görərik ki, ölüm halları oğlanlar arasında daha çoxdur. Əgər 2010-cu ildə 1018 oğlan, 825 qız uşağı, 2011-ci ildə isə 1047 oğlan, 856 qız uşğı dünyasını dəyişib. Mütəxəssislərin sözlərinə görə, sözügedən statistika 5 yaşına qədər olan uşaqlar arasında aparılsaydı, ölüm halları oğlanlar arasında qızlardan təxminən min nəfər çox olardı.
L.Həsənova doğuş zamanı oğlanlarla qızlar arasındakı fərqin əvvəlki illərə nisbətdə iki dəfədən də çox artmasının artıq problemdən xəbər verdiyini deyir: “Çünki bu uşaqlar yetkinlik yaşına çatanda saylar uyğun gəlməyəcək. Bu zaman demokrafik partlayış ola bilər. Evlənmək yaşına çatan oğlanlar ailə qurmaq üçün azərbaycanlı tapmayanda əcnəbi qızlarla izadivac edəcəklər. Mən oğlanlarımızın başqa millətlərdən olan qızlarla evlənməsinin əleyhinə deyiləm.
Düzdür, oğlanlarımızın, ya da qızlarımızın əcnəbilərlə ailə qurması heç bir dövrdə alqışlanmayıb və alqışlanmayacaq da. Amma problem ondadı ki, gələcəkdə bu, məcburi xarakter daşıyacaq. Oğlanlar istəməsələr belə, ailə qurmaq üçün xaricə üz tutub əcnəbi qızlarla evlənəcəklər. Əcnəbilərlə ailə quranların sayının çoxalması ölkəmiz üçün ciddi problemlər yaradacaq, etnik tərkibdə ciddi dəyişikliklər olacaq. Digər tərəfdən, əcnəbi qadınların böyütdüyü uşaqlar nə adət-ənənələrimizi, nə də dinimizi bilməyəcəklər”.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən də sözügedən disbalansın demoqrafik problemlərə gətirib çıxara biləcəyini hesab edirlər. Komitədən aldığımız məlumata görə, həm qanunvericilik, həm də problemin daha dəqiq təhlili sahəsində BMT-nin Əhali Fondu ilə birlikdə işçi qrupu yaradılıb və tədqiqat aparılır.

Avropa Şurası məsəələnin araşdırılmasını istəyir
BMT-nin Əhali Fondunun gender üzrə proqram müşaviri Bəhicə Əliyeva qəzetimizə açıqlamasında son iki onillik ərzində yeni doğulan uşaqların cinslərində ciddi fərqlərin olmasının gələcəkdə problem yaradacağı fikrindədir: “Hətta bəzi mütəxəssislər hesab edirlər ki, Azərbaycan selektiv abortlar vasitəsilə qız uşaqlarını məhv edən ikinci ölkə sayılır. Azərbaycan Dövlət Statistika Komitəsi də bir neçə ildir ki, bu məsələni qabardır.
Avropa Şurası (AŞ) da Azərbaycanı bu baxımdan problemli dövlətlər sırasın daxil edib. AŞ-nın siyahısında Avropada Azərbaycan, Ermənistan, Gürcüstan sözügedən problemlə ən çox üzləşən ölkələrdir. Hətta AŞ tərəfindən sözügedən ölkələrə çağırış oldu ki, məsələni araşdırsınlar. Biz də Əhali Fondu olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə bu məsələni araşdırmağa qərar verdik”.
Proqram müşaviri sözügedən problemlə bağlı artıq işçi qrupunun ilk görüşünün olduğunu dedi. Bildirdi ki, işçi qrupuna aidiyyatı dövlət qurumları ilə yanaşı, müstəqil ekspertlər, QHT nümayəndələri də daxildir və tədqiqata onlarla birgə start veriblər.
B.Əliyevanın sözlərinə görə, tədqiqat zamanı beynəlxalq təcrübədən də istifadə edirlər: “Türkiyənin Hacettepe Universitetinin Əhali Araşdırmaları İnstitutundan 2 mütəxəssis dəvət etmişik. Onlar sözügedən problem üzrə metodologiyanı hazırlayırlar. Gələn ilə tədqiqatı yekunlaşdırıb ictimaiyyətə təqdim edəcəyik”.
B.Əliyeva hələ ki, tədqiqata yeni başladıqlarını desə də, oğlan və qız uşaqları arasında disbalans yaranmasının daha çox selektiv abortlarla əlaqədar olacağını düşünür.
Problemdən çıxış yolunun UZİ vasitəsilə dölün cinsinin deyilməsinə gəlincə, proqram rəhbəri bununla razılaşmadığını bildirdi: “Biz qadağaların tərəfdarı deyilik. Əgər cəmiyyətdə bu problem varsa, demək, qadına qarşı münasibətdən doğur. Buna görə də biz yəqin maarifləndirmə aparmaqla problemin həllinə üstünlük verəcəyik”.
Qadın Krizis Mərkəzinin rəhbəri Mətanət Əzizova da problemin həlli üçün abortların insan orqanizminə ziyanı barədə maarifləndirmə işinin aparılmasına, həmçinin ultrasəs müayinəsi ilə uşağın cinsinin deyilməsinin də qadağan edilməsinin vacib olduğu fikrindədir.
Son illər Milli Məclisdə ultrasəs müayinəsi ilə cinsin deyilməsinə qanunla qadağa qoyulacağı deyilsə də, bu mütəxəssislər tərəfindən heç də birmənalı qarşılanmır. Bəzi mütəxəssislər cinsin valideynə deyilməsinin qanunla ləğvinin genekoloqla qadın arasında gizli sövdələşməyə gətirib çıxaracağını və həkimlərin külli miqdarda pul qarşılığında cinsi deyəcəyini fikirləşirlər.
Millət vəkili Hadi Rəcəbli də mətbuata açıqlamasında deyib ki, ultrasəs müayinəsində cinsiyyət barədə məlumat verilməsinə qadağa qoymaq heç nəyi dəyişmir: «Qadın gedib başqa ölkədə bu məlumatı əldə edə bilər. Çində bu məlumatın verilməsi qadağan edilib. Amma yenə də doğulan oğlan uşaqlarıdır».
Millət vəkili Musa Quliyevsə fərqli düşünür. Deyir ki, Azərbaycanda uşağın cinsinin ultrasəs müayinəsi ilə təyin olunması qadağa edilməlidir.
Qeyd edək ki, Birləşmiş Ərəb Əmirlikləri, Suriya, Misir, Çin, Əfqanıstan, İran, İraq, Yəmən kimi ölkələrdə abort qadağandır. Bu ölkələrdə abort daxili orqanlara qarşı cinayət sayılır. Yalnız uşağın anadan olması ananın həyatına təhlükə törədəcəyi təqdirdə aborta icazə var. Bəzi Avropa ölkələrində abort etdirmək üçün qadının istəyinin olması kifayət etdiyi halda, İngiltərə, Macarıstan, İslandiya, Lüksemburq və Finlandiyada aborta sosial və tibbi göstəricilər əsasında icazə verilir.

Azərbaycanda isə qanunvericilik abortları qadağan eləmir. “Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikasının qanunun”unun 30-cu maddəsində göstərilir ki, hər bir qadının analıq barədə məsələni təkbaşına həll etmək hüququ var. Amma cinayət məcəlləsinin 116-cı maddəsinə görə, qadını abort etdirməyə məcbur etmək cinayət məsuliyyəti yaradır.
İslam dinində də, abort haram sayılır. Əgər döl insan şəklini alırsa, o, canlı sayılır və 3 aylığında döl artıq insan şəklini alır. “Qurani Kərim”də də deyilir ki, “insana deyin övladını öldürməsin. Maddi təminatı Allah verir”.

 

Redakte etdi: PRETTY GIRL

(səs: 0)
Şərhlər: 2
Baxılıb: 5 861
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri