'Qayınata gəlinini qaçırdı və zorladı'

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 17 858
Səs ver:
(səs: 2)

 Sürmə Laçın rayonunda,1988-ci ildə doğulub. Laçın rayonu işğal olunduqdan sonra 5 yaşlı Sürmə ailəsi ilə birlikdə Ağcabədi rayonundakı məcburi köçkünlərin yerləşdiyi yaşayış məntəqələrinə gəlir. O, uşaqlığının ağırlığını dəhşətlə xatırlayır. Deyir ki, hər gecə soyuqdan yuxuda donub ölməsinlər deyə, anaları səhərə qədər beş körpəsinin başının üstündə dayanıb. Bəzən elə olur ki, bir şey tapıb yemələri üçün günlərlə humanitar yardımın köçkün şəhərciyinə gəlməsini gözləyiblər. Yayda Ağcabədinin qızmar havası, qışda isə qarı, palçığı yaşadıqları çadır şəhərciyində körpələrə cəhənnəm əzabını bu dünyada yaşadıb.

Sürmə məktəbə 8 yaşında gedə bilib. Bu yaşa qədər onların yaşadıqları şəhərcikdə məktəb olmayıb. Dörd qardaşın bir bacısı olan Sürməni ailəsi göz bəbəyi kimi qoruyub böyüdüb.
16 yaşında ona atasının uzaq qohumu elçi gəlir. Uşaq ağlı ilə oğlanı görən kimi bəyənir. Yaşından böyük görünən Sürməyə elçi gələn Ramil ondan 4 yaş böyük olur. Ramil hərbi məktəbi bitirib Füzuli rayonunun N hərbi hissəsində tağım komandiri vəzifəsində işləyir. Birinci elçilikdən sonra hər iki ailə izdivaca görə çox məmnun olur. Ramilin atası Əfqan Sürmənin alnından öpüb gələcək gəlininə xeyir-dua verir. İlk elçilikdən sonra heç vaxt münasibətləri olmayan ailələr bir-birilərinin evlərinə tez-tez gəlib getməyə başlayır. Ramilin atası Əfqan hər dəfə israrla Sürmə ilə Ramilin görüşməyinə qarşı çıxır. Cütlük bir-birilərini yalnız evdəki insanların əhatəsində görür.
İki ailə arasında güclü əlaqələr yaranır. Əfqan imkan düşdükcə Sürməni öz evinə gəlin yox, qızı kimi aparıb saxlayacağını, ona yaxşı baxacaqlarını qeyd edir. Hər gəlişində Sürməyə paltarlar, hədiyyələr alır. Ailələr bir-birilərinə o qədər yaxınlaşırlar ki, yayda Ramilin atası Sürməni öz ailələri ilə birlikdə Bakıda yaşayan bacısının evinə aparmaq üçün Sürmənin ailəsindən icazə alır.
İyulun 5-də Sürmənin 17 yaşının tamam olduğu gün ailəsi süfrə açıb nişanlısının ailəsini də qonaq çağırırlar. Ramil və atası Əfqan Sürmənin ad gününə gəlirlər. Sürmənin anası Əfqanın həyat yoldaşının gəlməməyinin səbəbini soruşanda deyirlər ki, xəstələnib. Ad günü məclisi gecə saatlarına qədər davam edir. Sürmənin qardaşları, atası, Ramil gecəyarıya qədər yeyib içirlər. Aralarında yeganə içkiyə yaxın durmayan Əfqan olur. O, mədəsinin ağrıdığını deyir.
Saat 3-də hamı yatmağa dağılışır. Əfqan gecə 4-də maşınına minib çadır şəhərciyindən sürətlə uzaqlaşır. O, maşında tək olmur... Gecə ad günündən qalan çirkli qabları yumaq üçün su başında olan Sürmə də huşsuz vəziyyətdə maşında olur...
Əfqan aylardır planlaşdırdığı vicdansız addımı ən sonda fürsət tapıb həyata keçirir. Belə ki, elçiliyə gəldiyi gün Sürməni görüb ona vurulan Əfqan çarəsiz qalıb elçiliyi oğlu Ramil üçün edir. Sonradan nə qədər çalışsa da, Sürmədən uzaqlaşa bilmir. Bir bəhanə tapıb oğlunu nişanladığı qızı aşiq gözü ilə görməyə gəlir. Ad günündə isə hamının içməsinə baxmayaraq özü bilərəkdən içki qəbul etmir. Məqsədi hamı yuxuya getdikdən sonra Sürməni qaçırmaq olur...
Səhər açılanda ailə Sürməni yatağında tapmır. Qaçqın şəhərciyindən 50-60 metr uzaqda olan su başından Sürmənin susuz vedrəsi və ayaqqabısının biri tapılır. Sürmənin axtarışına Ağcabədidə Oba adı verilən bütün ərazi axışır. Onu "gördüm” deyən olmur. Balaca ərazidə onun nişanlı olduğunu hamı bilir. Onu kimsə qaçırmaq istəsə belə, hamı xəbər tutardı. Təxminən 2 saat sonra Əfqan gəlib çıxır. Ona vəziyyəti izah edə bilmirlər. O isə, israrla gəlininin tapılmasını tələb edir. Baş qarışıq olduğu için onun səhər erkəndən hara getdiyini soruşan olmur...Əfqan Sürmənin atası və qardaşları ilə dalaşmağa başlayır. Onlara qızlarının əxlaqsız olduğunu, başqa biri ilə qoşulub qaçdığını deyir. Axtarışlar, davalar 1 həftə davam edir. 2-ci həftədə isə nişan geri qaytarılır. Sürmənin ailəsi polisə müraciət edir. Bu müddətdə Ramilin anası, Əfqanın arvadı bir dəfə də olsun ortalıqda görünmür. O, nə Sürmənin yoxa çıxması, nə də ki nişanın qaytarılmasına fikrini bildirmir.
Sürmənin anası isə and-aman edir ki, onun qızı başqa birinə qoşulub qaça bilməz. O, öz nişanlısını sevirdi. Oğlanın şəklini özü ilə saxlayırdı. Atası isə rüsvayçılığa dözmür. Qızının tapılmağını gözləmədən başını alıb Rusiyaya qaçır.
Sürmənin böyük qardaşı Eyvaz aylarla Ağcabədini, yaxın rayonları ələk-vələk edir. Təzə toy edilən həyətləri gəzib hər yerdə bacısını axtarır. Polis isə Sürmənin harada olması haqda 3 ay müddətində heç nə demir.
Bu müddətdə isə Əfqanın arvadından boşanaraq Rusiyaya getməsi haqda xəbər yayılır. Bu hadisə hamını təəccübləndirir. Elə bu hadisədən sonra hər şey corab söküyü kimi açılır. Əfqanın arvadı Sürməgilə gəlib deyir ki, Əfqan heç yerə getməyib. O, sizin qızınızı qaçırıb özünə arvad edib. Hazırda isə Bakıda, Bayıl qəsəbəsində kirayə mənzildə yaşayır.
Bunu eşidən ailə üzvləri dəliyə dönür. Sürmənin anası Əfqanın arvadının əvvəlcədən hər şeydən xəbərdar olduğunu, bu qədər vaxtda gizlətdiyini eşidəndə Sürmənin anası və qardaşları qadını döyməyə başlayırlar. Səs-küyə axışan qonşular qadını onların əlindən güclə ala bilir.
Sürmənin qardaşları Ramili nə qədər axtarsalar da, tapa bilmirlər. Sonda məlum olur ki, Ramil Sürmə yoxa çıxdıqdan bir müddət sonra nişanlısını atasının qaçırdığını öyrənir. Lakin bunub heç kimə deyə bilmir. İşlədiyi hərbi hissədə əsəb gərginliyindən yeni gəlmiş əsgərə bədən xəsarəti törətdiyinə görə həbsə düşür.
Sürmənin qardaşları Bakıda yaşayan bütün qohum-əqrəbadan Əfqanın yerini öyrənməyə çalışırlar. Nəhayət, Bakıda şəhərlərarası avtobus vağzalında uzaq qohumlardan biri onun "28 May” metrosunun yaxınlığında taksi işlətdiyini deyir. Qardaşların Əfqanı tapmağı asan olmur. Əfqanı evə qədər izləyirlər. Binanın həyətinə daxil olan kimi Əfqanın qollarını burub yaşadığı mənzilə aparırlar. Böyük qardaş cibindən çıxartdığı silahla Əfqana 6 güllə vurur. Qardaşlarını, gözünün qabağında yaralı vəziyyətdə çabalayan Əfqanı görən Sürmə özünü ikinci mərtəbədən aşağı atır.
İkinci mərtəbədən yerə çırpılan Sürmə ölmür. Xəstəxanaya çatdırıldığı vaxt onun hamilə olduğu, uşağın zərbədən ana bətnində öldüyü məlum olur. Sürmənin bir ayağı ömürlük şikəst qalır.
Sürmənin qardaşı Eyvaz Respublika Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin 1 ilə yaxın sürən məhkəmə prosesinin Qərarı ilə 11 il azadlıqdan məhrum edilir. Sürmə anasının yanına gətirilir.
Dəhşətli gecəni və Əfqanla keçirdiyi əzablı ayları Sürmə 3 il sonra belə xatırlayır: "Ramili görən kimi aşiq oldum. Onu sevirdim. Əfqana isə ata kimi yanaşırdım. Mənə nişandan sonra həddən artıq diqqət göstərirdi. Hər cür qayğıma qalırdı. Mən də bu cür xoş münasibətə görə onu çox istəyirdim. Ancaq bəzən onun mənə həddən artıq yaxınlaşması məni diksindirirdi. Yenə də ağlıma pis heç nə gəlmirdi. Məni bir dəfə Bakıda yaşayan bacısıgilə apardı. Yolboyu yeri gəldi-gəlmədi, məni qucaqlayırdı. Yenə də heç nə anlamırdım. Bacısıgilə getdiyimiz gün isə axşama qədər məni bulvarda gəzdirdi. Arvadı ilə aralarında problem olduğunu, ayrılmaq istədiyini, mənimlə Ramilin toyundan sonra boşanacağını deyirdi. Qohumlarımızdan ərə gedən qız çox idi. Heç birinin qayınatası belə deyildi. Nə isə qəribəlik olduğunu hiss edirdim. Ancaq başa düşə bilmirdim.
Həmin dəhşətli axşam isə ad günündənqalma qabları yumaq üçün su daşımağa getdim. Mən Obadan bir az uzaqlaşmışdım ki, Əfqanı gördüm. Əfqan mənə yaxınlaşıb niyə bu saatda bayıra çıxdığıma görə məni danladı. Sonra dedi ki, mən gedim, o maşını ilə böyük qablarda su gətirəcək. Mən geri qayıtmaq istəyəndə bir yerdə Obaya döndük. O, maşına oturdu. Sonra mənə maşının içinə yağ töküldüyünü dedi. Mən maşının arxa oturacağına keçib təmizləmək üçün çirklənmiş yeri axtardım. Gecənin qaranlığında heç nə görə bilmədim. Əfqan əlindəki fənəri gözümə saldı. Özü də arxa tərəfə keçib ağzıma əl dəsmalını yaxınlaşdırdı. Gözümü açanda biz artıq Kürdəmir yolunda idik.
Əfqan mənə səssiz olmağımı, hər şeyin yaxşı olacağını deyirdi. Qollarım arxadan bağlı idi. Ağlamaqdan gözümün yaşı qurumuşdu. Sonda maşını saxlayıb üzümə çoxlu şillələr vurdu. Qorxumdan səsimi çıxarmamağa çalışırdım.
Bakıya çatdıq. O, məni qaçırmağı əvvəlcədən planlaşdırmışdı. Bakıda ikimiz üçün ev də tutmuşdu. Evə gəldiyimiz gecə mənim qollarımı yalvarsam da açmadı. Həmin gün məni 4 dəfə zorladı. Ona etiraz edənə isə burnuma dəsmalda kəskin qoxulu nə isə tuturdu. Bayılandan sonra isə ən az 4-5 saata ayılırdım.
Məni qaçırandan 1 ay sonra taleyimlə barışmışdım. Adi ər-arvadlar kimi yaşayırdıq. Lakin ailəmin bunu belə qoymayacağını da bilirdim. Əfqan mənə deyirdi ki, qardaşlarım, atam ona heç nə edə bilməz. Əvvəl-axır məni də götürüb Rusiyaya üz tutacaq. Arvadının isə onun planlarından çoxdan xəbərdar olduğunu biləndə dəhşətə gəldim. Hər an ölümümü gözləyirdim. Əfqan hər gün işə getdiyi zaman qapını arxadan qıfıllayırdı. Qaçmağım üçün heç bir imkan yox idi.
Qardaşlarım gəldiyi gün isə ömrümün ən dəhşətli, həm də sevincli anlarını yaşayırdım. Canımı qurtardığım üçün sevinirdim. Lakin bilirdim ki, qardaşlarım onu heç vaxt sağ qoymaz. Eyvaz, ortancıl qardaşım Sabir, qolları arxasında bükülmüş Əfqan içəri girdi. Qardaşlarım məni görəndə nə edəcəklərini bilmədilər. Eyvaz cibindən silahı çıxarıb Əfqana güllə açdı. Əfqan qanlar içində keçindi. Ağlıma bir anlıq heç nə gəlmədi. Özümü pəncərədən aşağı atdım...”
Sürmə hazırda ayağının işləməsi üçün müalicə kursu keçir. Atası Rusiyadan geri qayıdıb. Obada söz-söhbətdən, haqlarında danışılanlardan bezdiklərinə görə Bakıya köçüblər. Yaşadıqları yerdə çoxu elə bilir ki, Sürmə öz razılığı ilə Əfqanla qaçıb.
Sürmə öz taleyini, yaşadığı əzabları elə dəhşətlə danışırdı ki, mənə elə gəlirdi ki, onun sözünü kəssəm, zaman kəsiyindən əlimdən sıyrılıb keçmişə düşəcək.
Bu da bir həyat hekayəsi. Kim bilir, hər gecə işığı yanan pəncərələrin arxasından daha neçə talelər yarımçıq qalır, neçə ömürlər məhv olur.

(səs: 2)
Şərhlər: 3
Baxılıb: 17 858
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri