Ailənin tərifi

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 967
Səs ver:
(səs: 1)
Ailə quruluşunun yaradılmasında evlənmə (qadınla kişinin qovuşması) ən mühüm mərhələdi, yəni ailə-bir sıra qanuni şərtlərin reallaşmasında qadınla kişinin qarşılıqlı münasibətlərindən ibarətdir. Evlilik mədəniyyətlə təbiət arasında tarazlıq yaradan bir növ müqəddəslikdir. Evlilik insanların digər qarşılıqlı əlaqələri ilə müqayisə edildikdə, onun misilsiz bir kamilliyə malik olduğu görünür, belə ki, evlilik həyatın iqtisadi, psixoloji, ictimai və s. kimi bütün yönlərini əhatə edir.
İslam nəzərində ailə xüsusi şərtləri olan bir sazişdir. Digər millətlərlə müqayisədə evlənmə məsələsi ilə əlaqədar müsəlmanların üzərinə daha ağır şərtlər düşür. Lakin digər millətlərin öz adətlərinə uyğun şəkildə olan evlənmələrini, zinadan fərqli olaraq İslam dini rəsmi şəkildə tanıyır, hətta bu evlilik İslam dininin şərtlərinə uyğun gəlməsə də.
İslamda ailə qurulduğu zaman ər-arvad arasında nigah (əqd) oxunur ki, onun cümlələri ər-arvad tərəfindən oxunur, eyni zamanda tərəf müqabili (ya ər, ya arvad) onu qəbul edir. Bu əqdin bəzi cümlələri Quranın mətnindən götürülmüşdür və ər-arvadın müştərək həyatlarının münasib şəkildə davam etməsinə söykənir; ayrılacaqları təqdirdə isə yaxşılıqla ayrılmalarını göstəriş verir ("Bəqərə” surəsi, ayə 299; 231). Ər-arvad arasında bağlanan əqdi möhkəm dostluq münasibətlərindən qaynaqlanan ictimai saziş hesab etmək olar ("Rum” surəsi, ayə 21). Bu dostluq şəxsin çox etimad bəslədiyi əsas məsələlərdəndir, belə ki, o, valideynlərini, bacı və qardaşlarını kənara qoyub heç bir qan qohumluğu olmayan bir şəxslə həm çətin, həm də rahat günlərdə şərik olmaq istəyir.
Doğrudan da ailənin ən maraqlı psixoloji yönlərindən biri budur ki, şəxs tam tanımadığı birinin uğrunda öz yaxınlarını tərk edib, onunla dərin dostluq əlaqələri qurur. Sözsüz ki, ər-arvad müştərək həyatlarının daha rahat olacağına və bu rabitəyə olan dərin inamlarına görə ailə qurmağa razı olurlar. Cinsi ehtiyacların təmini bu sazişi daha da möhkəmləndirir. Ailənin digər psixoloji yönlərindən biri də ər-arvadın bir-birinə qoyduğu təsir və əks-təsir məsələsidir. Ər-arvad arasındakı qarşılıqlı təsiri (təsir və əks-təsiri) ən güclü ictimai əlaqələrdən biri hesab etmək olar. İslam hədislərindən bəzilərində bildirilir ki, kişilər evlənərək öz ixtiyarlarını qadınların əllərinə verirlər. Buna görə də ixtiyarın cilovunu kimin əlinə verdiklərinə diqqət etsinlər və görsünlər ki, kimi öz mallarına, dinlərinə və sirlərinə şərik edirlər. Qadınlar haqqında isə deyilir ki, ailə quraraq özlərini kişilərin ixtiyarına verib, tamamilə ona tabe olurlar. Bütün bunlar kişi-qadın arasındakı qarşılıqlı əlaqələri və dərin bağlılıqları göstərir. Beləliklə, həm kişi, həm də qadın bir-birinin təsiri altına düşür. Ailənin doğurduğu zərurətlərdən biri də ər-arvadın istər fikir, istər dünyagörüşü, istərsə də rəftar nöqteyi-nəzərindən qarşılıqlı təsirə məruz qalmaları olduğundan "İslam təlimləri”ndə həyat yoldaşının seçiminə dair tövsiyələr verilmişdir. Həyat yoldaşı seçdikdə onun əqidə və rəftarlarının doğru olmasına və həyat yoldaşının düzgün yolda qərar tutmasına xüsusi diqqət yetirmənin gərəkli olduğu bildirilir.
İslam təlimlərinə görə ailədəki hər cür müqəddəslik İlahi dinlərdən gələn köklərə əsaslanır. Bir çox bəşər cəmiyyətlərində ailə və toy mərasimləri böyük ibadətgahlarda icra olunur. Məsələn, məsihilər (xristianlar) nigah mərasimlərini öz kilsələrində qeyd edirlər. Dinimizin ailənin müqəddəsliyinə dair müxtəlif üsullarla çatdırdığı bəzi sifarişlər bunlardan ibarətdir:
"Cəhənnəmdəkilərin çoxusu ailə qurmayanlardır”;
"Duanın qəbul olunduğu zamanlardan biri də evlilik əqdinin oxunduğu vaxtdır”.
Ailənin mənəvi bir quruluş olduğunu çatdıran bütün məsələlər hər bir şəxsi ailə məsuliyyətləri və rəftarlarını dərk etməyə, o cümlədən, öz dini vəzifələrini həyata keçirməyə həvəsləndirir. Həmçinin dünya yaşayışına aid olan işləri mənəvi təkamül və axirət yoluna yönəldir. Bu nəzərə görə mənəvi inkişafı ailədə axtarmaq lazımdır. ”İslam təlimləri”ndə ailə qurmazdan öncə həyat yoldaşının seçiminə; sonrakı mərhələlərdə isə mərasimlərin dua, namaz , Allaha təvəkkül edilərək keçirilməsinə dair verilən tövsiyələrin hamısı ailəyə mənəvilik bağışlamaq üçündür ki, ailədə insani kamilliyə qovuşmaq imkanları yaransın.
(səs: 1)
Şərhlər: 1
Baxılıb: 2 967
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri