O, qovulan, döyülən, söyülən və sevilən adamdır...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 533
Səs ver:
(səs: 3)

Tamada deyiləndə öncə iki adamı xatırlayıram. Hələ məktəbli ikən tanıdığım birinci tamada orta yaşlı bir kişi idi. Onun toyları idarəetmə qabiliyəti hamını heyran edirdi. Bu adam olan toylarda heç vaxt dava düşməzdi, narazılıq yaranmazdı. Onun tamadalıq etdiyi toylardan hələ də danışılır. İllər keçib, ondan sonra yüzlərlə tamada görmüşəm, amma onun kimi "əfəndi”sini görmədim.
O biri tamadanı isə bir az təəssüf hissi ilə xatırlayıram, çünki onu qonşuluqdakı bir toyda çox danışdığına, gərəksiz tostlar dediyinə və musiqiyə az yer verdiyinə görə cavanlar döymüşdülər…

Toyların "çağırılmamış qonağı”
Toy deyəndə ilk ağlınıza nə gəlir? Ağ geyimli gəlin, yanında bəy, musiqi, əyləncə və bir də… tamada. Sonuncu sözü oxuyanda üzünüzdə yaranmış ifadəni təxmin edə bilirəm. Öncə biz az təbəssüm yaranan simanızı bu sözü oxuyar-oxumaz "turşutdunuz”...

"Tamada” sözü leksikonumuzda yenidir, gürcü dilindən gəlir, mənası "məclis idarə edən” deməkdir. Biz bu sözü daha öncələr masabəyi kimi istifadə etmişik. Masabəyinin vəzifələri toyda deyilən tost-sağlıqlara nəzarət, çıxışların nizamlanması, asayişin bərpa olunmasıdır.
Bir çox toyda başbilənlik, ağsaqqallıq etmiş Həmid Məmmədov deyir ki, bir vaxtlar masabəyliyinin yazılmamış bir qanunu vardı - idarə etdiyi toyda spirtli içki içməməli idi. Masabəyinin peşəkarlığı bununla ölçülürmüş. İdarə etdiyi toyda spirtli içki içən masabəyini bir də kimsə toya çağırmırmış.

Qonağa aman verməyən qırsaqqız "toy rəisi"
Masabəyinin vəzifəsi toyu layiqincə idarə etmək, gələn qonaqlarla məşğul olmaq, yemək-içməyin vaxtında paylanmasına nəzarət etmək idi. Toyda çıxış etmək, təbrik ünvanlamaq istəyənlər masabəyinə yaxınlaşar, istəyini ona bildirərdi. O da münasib bir vaxtda həmin adama söz verərdi, məclis də maraqla o çıxışı dinləyərdi.
Bəs indi bu marağın ölməsinə səbəb nədir? Niyə bir vaxtlar toyların bəzəyi, dadı-duzu hesab edilən masabəyilər sevilmir? Axı müasir toylarda tamada deyə tanıdığımız masabəyi də bu vəzifələri daşıyır. Amma söz yox ki, bir qədər fərqli ampluada.
Məsələn, əvvəllər söz almaq istəyən qonaq özü masabəyinə yaxınlaşardısa, indi tamada qırsaqqız olub qonağa yapışır. Əvvəllər kimin imkanı var idisə, masabəyinə o nəmər verirdi - indi tamada özü dili ilə istəyir. Əvvəllər toyda yığılan şabaş toy sahibinə təhvil verilirdi, indi tamada cibinə qoyur. Əvvəllər toyda masabəyi ayrı olurdu, oxuyan-xanəndə ayrı, indi ümumiləşib.
İndi ya oxuyan tamadalıq edir, ya da tamada müğənnilik eşqinə düşür. Yəqin ki, elə bu fərqlərə görə də tamadaların toylardakı önəmi yavaş-yavaş itir. İndi toyların əksəriyyəti tamadasız ötüşdürülür. Təbii ki, bunlar bütün masabəyilərinə şamil edilmir. Kifayət qədər sevilən və hörməti olan masabəylərimiz də var.

Unudulmuş masabəyilərin tamada xələfləri
80-ci illərin sonu, 90-cı illərin əvvəlləri baş verən siyasi və iqtisadi qarışıqlıqdan ucbatından bir çox insan, o cümlədən sənət adamları, aktyorlar işsiz qaldı, maddi problemləri yarandı. Hərə öz bildiyi kimi vəziyyətdən çıxmağa çalışdı. Kimisi alverə girişdi, kimisi qismətini xaricdə axtarmağa getdi, kimisi də tamadalığa başladı. Düzdür, o vaxtlar tamadalıq indiki qədər yayılmamışdı, bir neçə tanınmış sima vardı ki, bu işlə məşğul olurdular.
Amma maddi problemlər artdıqca məcburiyyətdən və ehtiyacdan aktyorların bir çoxu bu yolla ailəsini dolandırırdı. Toylara tez-tez dəvət olunan qarmonçalan Arzu Vəliyev deyir ki, o vaxt toylarda tamadalıq etmənin maddi baxımdan elə də böyük bir qiyməti yoxdu, kimin cibindən nə cıxardısa, onu da ödəyirdi. Bu bəxşiş indiki qiymətlərlə müqayisədə olduqca aşağı idi.
"O vaxtlar restoranlar, şadlıq evləri az olduğundan əksəriyyət çadır toyu edirdi. Bir çoxlarının söz qoşub güldüyü "palatka” toyları indiki toylarla müqayisədə daha səviyyəli keçirdi. Bunun səbəbi toy ağsaqqalının təcrübəli olması, toyun təşkili ilə yanaşı hansı masabəyinin toyu idarə etməsi idi”, - musiqiçi xatırlayır.

80-ci illərin məşhur tamada-aktyoru olan xalq artisti Ağaxan Salmanlı deyir ki, toylarda iştirakı o qədər də asan olmayıb. Əvvəlcə utanıb, sonra da çəkinib. Amma ehtiyac və toy sahiblərinin israrı ona cəsarət verib. Toya heç vaxt əyləncə və ya sırf qazanc mənbəyi kimi baxmayıb. Əksinə, teatrda tamaşaçıları üçün göstərdiyi məsuliyyəti toydakı qonaqlar üçün də nümayiş etdtirib. Elə buna görə də, tanınmış aktyor milli toyların sevimli qonağıdır. Qeyd edim ki, xalq artistləri Arif Quliyev, Yaşar Nuri də əvvəllər tamadalıqla məşğul olublar.
Hazırda paytaxt toylarını idarə edən tamadalar 4-5 saatlıq "toy işi" üçün 200 manatdan 5000 manatadək ödəniş tələb edirlər. Regionlarda bu qiymət bir qədər azdır - 100-300 manat arası.

Tamadalıq belə asan işdir?
Ölkə telekanallarında tamada-müğənni yarışları var. Toylarımızın "gül"ünün seçildiyi belə müsabiqələrdə müğənni-tamadalar əməlli-başlı "tər tökür”, hər vəchlə qalib gəlməyə çalışırlar.

Düzdür, yarışmalar ad olaraq müğənnilər üçün nəzərdə tutulub, amma indi müğənnilərin böyük bir qismi toya dəvət alanda şərt kəsir ki, tamada da özü olacaq. Bir daşla iki quş vuran müğənnilər həm oxumağına görə pul alır, həm də tamadalığına görə.
Belə yarışmanın iştirakçılarına səs vermək üçün göndərilən SMS-lərin isə sayı hesabı yox. Sonra da deyirlər ki, əhalinin sosial durumu ağırdır. Balam, ağırdırsa bu qədər SMS hardan gəlir? Qoy, lap min səs, iki min səs iştirakçının öz qohum-əqrabası göndərsin - axı SMS-lər bu rəqəmlərdən 10 dəfələrlə çoxdur. İnsanlar tamadanın, müğənninin hansısa müsabiqədə qalib gəlməsi üçün bu qədər pul xərcləyir? O qədər ehtiyac var buna? Əvvəllər belə yarışlar yox idi, toylar masabəyisiz keçirdi?
Adlarını xalqın sənətkarı, sənət adamı qoyan, toylardakı masabəyiləri bir vaxtlar lağa qoyub gülən onlarla müğənni bu yarışmada qalib gəlmək üçün nə oyunlardan çıxır - hamımız görürük.
Vaxt vardı ki, aktyoru, müğənnini toya çağırmaq fövqaladə bir hal kimi dəyərləndirilirdi, indi adi hal alıb. Nəinki aktyorlar və müğənnilər, indi hətta bir çox televiziya aparıcıları da tamadalıq edir. Bakının ən məhşur  şadlıq evlərində toyları tamadaların yerinə şoumenlər də idarə edir. "Flaminqo”, "Xəmsə”, "Meridian”, "Sərin”, "Monte Kristo”, "Lido” və s. kimi restoran-şadlıq evlərində toyları çox vaxt kloun və şoumenlər idarə edir.

Tamadalar niyə həndəsi silsilə ilə artır?
"Bu Şəhərdə” və "Planet Parni iz Baku” KVN teatrının aktyorlarının ifasında gördüyümüz tamadaları sevməyənimiz yoxdur. İstedadlı aktyorların təqdimatında bir qədər real, bir qədər də şişirtmə olan tamada obrazını və idarə etdiyi toy səhnələrini sevərək izləyirik.
"Siltuş Çölçəmənli”- qırmızı saçlı, böyük qarınlı, yaşıl pencəkli, çiyindən aşırmalı sarı şalvarlı bu tamada bəzi tamadaların bir qədər şişirdilmiş obrazıdır. Gülməli şeirləri, bayağı sağlıqları və "bir tuş” devizi ilə məhşur olan tamada Siltuş kimiləri reallıqda da az deyil. Müasir toylarda rast gəldiyimiz tamadaların arasında daha yaxşıları da var, daha pisləri də.
Mühüm olan toylarımızın daha maraqlı və daha səviyyəli keçirilməsidir. Buna görə məsuliyəti bir az da masabəyilər, yəni tamadalar daşıyır. Məclis "aparmaq”, idarə etmək bir mədəniyyətdir və bu mədəniyyətin də xüsusi inkişaf mərhələsi olur. Hər gün artan tamadaların sayəsində indi gerçək masabəylərinin də dəyəri itir.

Yazdıqlarımızı oxuyanda düşünməyin ki, tamadaları "qaralayırıq”. Əksinə, məqsədimiz odur ki, milli adətlərimizin ən safı, ən təmizi olan toy mədəniyyəti bu qədər ucuzlaşdırılmasın, hər yoldan ötənə "Masabəyisən!” deyib toyun idarəsi etibar edilməsin. Bizim bu işlə məşğul olan xeyli bacarıqlı və əsla qazanc güdməyən el ağsaqqallarımız hələ də var, iki gəncin ailəsinin təməlinə belə insanlar xeyir-dua versə, daha uğurlu başlanğıc olmazmı?...

Lalə Mehralı
Milli.Az

 

 

(səs: 3)
Şərhlər: 3
Baxılıb: 3 533
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri