Xoşbəxtlik və bəxbəxtliyə aparan iki yol...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 946
Səs ver:
(səs: 1)
http://imgs.su/tmp/1318701385-656.jpg

Bismilləhir-Rəhmanir-Rahim! İslam dini öz mübarəkliyi ilə insanları hər zaman özünə cəlb edib. Bu din - insanları ən dəyərli xüsusiyyətlərə sahib çıxmağa çağıran və bədbəxtliyə aparan qaranlıq yollardan uzaq saxlayan bir dindir.
Mübarək İslam mətnləri Allahın bizlərə verdiyi dəyərli nemətləri və bu nemətlərdə yer ala bilər müsbət və mənfi xüsusiyyətləri tanıdır.

İNSANDA OLAN ÜÇ GÖZƏL XÜSUSİYYƏT

Nəql olunur ki, Həzrət Adəm (ə) bir gün əyləşmişdi və altı nəfər onun yanına daxil olur. Onun yanına daxil olanlardan üç nəfəri onun sağ tərəfində əyləşirlər və üç nəfəri sol tərəfində əyləşirlər. Onlardan üç nəfəri ağ idilər, üç nəfəri isə qara. Həzrət Adəm (ə) bu ağlardan birinə deyir: "Sən kimsən?". Cavabında deyilir: "Mən ağılam". Həzrət Adəm (ə) soruşur: "Sənin yerləşdiyin yer, sənin məkanın haradadır?". O cavabında deyir: "Mən beyində yerləşirəm".

Adəm (ə) ikincisindən soruşur: "Sən kimsən?". Cavabında söyləyir: "Mən məhəbbət, sevgi, mehrəm". Adəm (ə) soruşanda ki, "Sən harada yerləşirsən?", deyir: "Mən ürəkdə və qəlbdə yerləşirəm". Üçüncüdən eyni sualı soruşanda deyir: "Mən həyayam". Həzrət Adəm (ə) soruşur: "Sənin yerin haradadır?". Deyir: "Mənim məkanım, mənim yerim gözdür". Hədisin bu hissəsində insanda olan ən gözəl xüsusiyyətlər sadalanır. Əslində hədisin mahiyyəti isə ikinci hissədə açılır. İnsanın daxilində olan müsbət və mənfi xüsusiyyətlər burada qabarıq şəkildə özünü göstərir.

TƏKƏBBÜR GƏLƏN ZAMAN ƏQL BEYNİ TƏRK EDƏR


Həzrət Adəm (ə) sonra soluna baxır və qaralardan birindən soruşur: "Sən kimsən?". Cavabında deyilir: "Mən təkəbbürəm". Həzrət Adəm (ə) soruşur: "Sənin yerin, məkanın haradadır?". Cavabında deyir: "Beyində yerləşirəm". Adəm (ə) yenidən ondan soruşur: "Sən əql ilə bir yerdə yerləşirsən? Sənin əql ilə məkanın bir yerdədir?". Cavabında deyilir: "Mən ki, gəlirəm, əql çıxıb gedir". Yəni, əslində təkəbbür bildirir ki, onun əql ilə bir yerdə olması qeyri-mümkündür. Ağıl olan yerdə təkəbbür olmadığı kimi, təkəbbür olan yerdə də ağıl yoxdur.

Buradan çox incə bir mətləb ortalığa çıxır. Ağıllı insan təkəbbürlük etməz. Əslində ağlı başında olan insan başa düşər ki, onun nəyi varsa, hamısı Allahdandır. Və belə olan təqdirdə, bütün nemətləri verən Rəbbimiz onları verdiyi kimi də, ala bilər. Digər bir tərəfdən isə, hər bir kəsin sonu - gec və ya tez - qəbirdir. Buna görə də, ağıllı insan dünya üçün təkəbbürlənməz və Axirət üçün çalışar.

HƏSƏD YER TAPAN QƏLBDƏ MƏHƏBBƏT KİNLƏ ƏVƏZLƏNƏR

Həzrət Adəm (ə) solunda əyləşənlərin ikincisindən soruşur: "Sən kimsən?". Cavabında deyilir: "Mən həsədəm". Həzrət Adəm (ə) onun yerini soruşur. O cavabında deyir: "Mən ürəkdə, qəlbdə yerləşirəm". Adəm (ə) soruşur: "Sən, sevgi, məhəbbət, mehr ilə bir məkandasan?". Deyir: "Xeyir, mən ki, gəlirəm - sevgi, məhəbbət, mehr aradan gedir".

Göründüyü kimi, həsəd olan yerdə məhəbbət, mehr, həqiqi sevgi yoxdur. Əgər bir insan dünyaya həsəd aparırsa, bu zaman onun qəlbində məhəbbətin yerini kin tutur. O şəxs yalnız dünyanı əldə etməyə çalışır və əldə edə bilmədiklərinə isə həsəd aparır. Bu zaman onun dünyaya, bəşəriyyətə məhəbbətlə yanaşması da mümkün deyil. O, hər bir şeyi onun əlindən alınmış kimi görünür. Bu zaman böyük bir mərəzə - kinlilik xəstəliyinə tutulur. Kindən qurtulmaq və məhəbbətə sahib çıxmaq isə bundan sonra çox çətin olur.

İNSANIN GÖZÜ - YA TAMAHA, YA DA HƏYAYA MƏKAN OLAR

Həzrət Adəm (ə) solunda əyləşənlərin üçüncüsündən soruşur: "Sən kimsən?". O, cavabında deyir: "Mən tamaham". Soruşur: "Sənin mərkəzin haradadır?". Deyir: "Mən mərkəzim gözdür". Soruşulur: "Sən həya ilə birlikdəsən?". Cavabında deyilir: "Mən daxil olan kimi, həya çıxıb gedir".

Əslində, olduqca önəmli bir məqama vurğu edilir. Tamah olan gözdə həya özünə necə yer tapa bilər? Və yaxud, həya olan gözdə tamah necə yerləşə bilər? İnsan öz gözündə bunlardan yalnız birini saxlaya bilər. Əgər həyanı öz gözünə məskən edərsə, onun gözü İlahi göz olar. O göz hər bir şeyə yalnız İlahi rənglə baxar, günahlara baxmaqdan həya edər. Lakin əgər bir gözdə tamah yer taparsa, həmin göz şeytani (lən) göz olar. Həmin göz hər an yalnız günah axtarar, dünyaya acgözlüklə baxar.


EYNİ QƏLB, EYNİ GÖZ və EYNİ BEYNİN İNSAN ÜÇÜN AÇDIĞI İKİ YOL

Bu əziz və qiymətli, eyni zamanda sadə dildə çox dərin məsələləri izah edən hədisdən olduqca böyük mətləblər aydın olur. Aydın olur ki, insanın beyni əql ilə də dola bilər, təkəbbürlə də. İnsanın qəlbi sevgi ilə də ola bilər, həsəd ilə də. İnsanın gözü həyanın mərkəzi də ola bilər, tamahın məkanı da. İnsana nemət kimi verilən beyin, qəlb, ürək, göz iki cür istifadə oluna bilər. Bir istifadə çox gözəldir, digər istifadəsi isə çox iyrəncdir. Birinci formada istifadə insanı gözəlliyə, xoşbəxtliyə aparırsa, ikinci formada istifadə isə insanı bədbəxtliyə, məhvə aparır. Eyni qəlb, eyni ürək, eyni göz Allaha aparan yolda da vasitəçi ola bilər, uçuruma aparan yolda da. Əsas olan budur ki, insan seçimini düzgün etmiş olsun.

Mübarək hədisdən çıxan ikinci dərs budur ki, beyin, ürək, göz - sadalanan məsələlərdən yalnız bir növünü qəbul edə bilir. İki cür - bir-birinin əksi olan, bir-birinə təzad təşkil edən xüsusiyyət bir yerə sığmır. Əgər tamah gözün mənbəyinə çevrilirsə, həmin insan gərək həya ilə xudahafizləşsin. O insandan artıq həya gözləmək qeyri-mümkündür. Əgər qəlb həsədin məkanına çevrilirsə, bu zaman gərək insan sevgi, məhəbbət, digərlərinə can yandırmaq isə vidalaşsın. Eyni zamanda beyinə təkəbbür də gəldikdə, əql həmin yerdən gedir. Bunu təkəbbürün özü də bəyan edir.

İBTİDAİ ŞÜURU OLAN, NƏ QƏDƏR ACİZ OLMASININ FƏRQİNDƏDİR

Təkəbbür gələrkən, əqlin həmin məkanı tərk etməsi ilə bağlı alimlərin olduqca dəyərli şərhləri var. Əgər bir adamın heç olmasa ibtidai səviyyədə şüuru olarsa, həmin şəxs təkəbbür etməz. Bu adam nə qədər aciz, nə qədər zəlil, nə qədər ehtiyaclı olduğunu anlayar. İnsan bir haldadır ki, Allah Təala bir an ondan nəfəs alma funksiyasını alsa, həmin şəxs artıq yoxdur. Ağlı başında olan adam bunu çox yaxşı başa düşür.

Bir qədər sağlamlığı yerində olmayan insan yerə yıxılır, bir az ruzisi çatışmırsa - halı pisləşir və s. Tarix nə qədər təkəbbürlü insanların dünyadan gəlib-getdiyini göstərir. Allah sonda onları yerə vurub. Allah Təala yezidləri (lən) hər zaman zəlil edib. Yezid (lən) öz cinayətlərini edən zaman düşünmürdü ki, bir gün yerə vurulacaq. Çünki, onun ağlı aradan getmişdi. Təkəbbür beləcə bir doldurulmuş şara bənzəyir. Yalnız bir iynə kifayət edir ki, həmin şişirdilmiş şar - təkəbbür aradan getsin.

GÖZƏL XÜSUSİYYƏTLƏRİ CƏMLƏMƏKLƏ XOŞBƏXTLİYƏ ÇATANLAR

İslam dininin mövcudluğunun hər bir mərhələsində - istər İslam dininin yeni yayılmağa başladığı dönəmlərdə, istərdə də, sonrakı vaxtlarda insanları bu dinə cəlb edən əsas cəhətlər - elə yuxarıda sadalanan müsbət xüsusiyyətlər olub, sevgi, həya, ağıl olub. İslamın əsas çağırışı bu üç cəhətə sahib çıxmağla bağlı olub. Bunlara sahib çıxa bilən insan, bir çox mənfiliklərdən uzaqlaşa bilib. Elə İslamı sevdirən də bu olub. Bu mənada, təbərrük üçün əziz İslam Peyğəmbərinin (s) yetişdirdiyi çox gözəl səhabələrdən biri olmuş Harisin həyatına diqqət etmək yerinə düşər.


İmam Cəfər Sadiq (ə) mübarək bir hədisdə buyurur: "Əziz Peyğəmbərimiz (s) bir gün öz səhabələrindən biri olan Harisi görür. Harisi görəndə ondan halını soruşur. Harisə bu sualı ünvanlayaraq soruşur: "Ey Haris, necə sübh etdin?". Haris deyir: "Sübh etdim, bir halda ki, həqqən möminəm..."".

Harisin bu cavabını anlamaq əslində çətindir. Bunun üçün həqiqi mömin, həqiqi imanın nə olduğunu bilmək lazımdır.

İMANIN MƏRHƏLƏLƏRİ

İmanın üç mərhələsi var. Birisi, imanın o dərəcəsidir ki, insan yəqinə çatır və o yəqinin adı - elmül-yəqindir. Misal üçün, insan bilir ki, od insanı yandırar. Bu haqda elmi var. Bu, birinci mərhələdir. İkinci mərhələ - eynül-yəqin adlanır. Bu, elə bir mərhələdir ki, bu mərhələdə insan alovun yandırıcı olmasını bilməsi ilə yanaşı, atəşin özünü də görür. Üçüncü mərhələ elə bir mərhələdir ki, atəşin yandırıcı olduğunu bilir, onu görür və bundan başqa, əlini həmin atəşə tutaraq o istiliyi hiss edir. Bu mərhələ - həqqül-yəqin adlanır. Harisin imanı məhz həmin üçüncü mərhələdə olan imandan idi. Yəni Haris nəinki İslamın bütün məsələlərini bilir və tanıyırdı, bununla yanaşı, onları yaşayırdı da. Onun gözü həyanın mərkəzi, qəlbi sevginin mərkəzi, beyni isə əqlin mərkəzi idi. Belə olan təqdirdə həqiqi mömin olmuşdu.

İMANIN HƏQİQƏTİ NƏDƏDİR?

Hədisin ardında Həzrət Peyğəmbər (s) Harisə buyurur: "Hər bir imanın bir həqiqəti var. Sənin imanının həqiqəti nədir?". Haris cavabında altı nöqtəyə işarə edir. Deyir: "Mən vücudumu dünyaya nisbətdə təqvalı halda görürəm..." Harisin işarə etdiyi bu birinci nöqtə olduqca önəmlidir. Haris özündə bir hal görür ki, onun vücudu İlahi rənglərlə yaşayır. Yəni, gözü həya ilə, beyni əql ilə, qəlbi məhəbbət ilə yaşayır. O, dünyanın nə olduğunu çox gözəl bilir və dünyadan onun layiq olduğundan artıq heç nə istəmir, dünyaya onun layiq olduğundan artıq dəyər vermir. Dünyaya nisbətdə təqvalı halda olmaq o deməkdir ki, dünyaya İlahi eynək ilə baxasan.

Haris cavabının davamında buyurur: "...Gecələrimi ibadət edirəm, gündüzlərimi oruc tuturam. Özümü sanki İlahi ərşdə görürəm ki, İlahi hesab-kitab yaxınlaşır...". Yəni, Haris dördüncü nöqtəsində buyurur ki, bu dünyada ola-ola özünü sorğu-sual anının yaxınlaşması halında dərk edir. Özünü elə bir halda görür ki, artıq sorğu-sual yaxınlaşıb. Əgər insan sorğu-sualın yaxınlaşmasına hazırlaşsa, ömrünün sonuna hələ illər qaldığını düşünməsə, o zaman təqvaya çata bilər.

Sonra Haris buyurur: "...Sanki Cənnət əhlini görürəm ki, Behişt bağlarında gəzişirlər. Və Cəhənnəm əhlini görürəm ki, İlahi əzaba düçar olublar". Bir var ki, bunların olmasını bilirik, bir də var ki, bunu vücudən hiss edək. Bundan sonra əziz İslam Peyğəmbəri (s) Harisin dediklərinə qiymət verir. Həzrət Peyğəmbər (s) buyurur: "Sən möminsən. Allah Təala sənin qəlbini iman nuru ilə işıqlandırıb". Xoş olsun o insanın halına ki, Peyğəmbər (s) ona mömin desin. Bu həm də o deməkdir ki, Peyğəmbər (s) Harisin dediklərinin altından öz möhürünü vurur. Yəni həqiqətən də əsl mömin bu xüsusiyyətləri özündə toparlayıb, cəmliyə bilən şəxsdir.

İSLAMIN GÖZƏLLİKLƏRİ HƏTTA İMPERATORLARI BU DİNƏ VALEH EDİB

İslam Peyğəmbərinin (s) mübarək vücudunun təsiri hər yerə səs salırdı. Bu zamanda Rum imperatoru Hergel Ğəssan tayfasından bir nəfəri çağırır və onu gizli surətdə Peyğəmbəri (s) yaxından görüb, Peyğəmbər (s) haqqında məlumat əldə edib qayıtması üçün Mədinə şəhərinə yola salır.

Onunla vidalaşan zaman Herqel üç tapşırıq verir. Deyir: "Üç məsələdə xüsusilə diqqətli ol. Birinci, gör o nəyin üzərində əyləşmişdir. İkinci, gör onun sağ tərəfində kim əyləşir. Üçüncü, əgər bacarsan, onun nübuvvət möhürünə nəzər sal".

Həmin kişi Mədinəyə gəlir və Həzrət Peyğəmbərin (s) hüzuruna çatmaq şərəfinə nail olur. Gəlir görür, Rəsulallah (s) təvazö ilə yerdə əyləşib. Görür, sağ tərəfində Əli ibni Əbutalib (ə) əyləşib. Üçüncünü araşdırmaq onun yadından çıxır. Peyğəmbər (s) o getmək istəyərkən deyir: "Qabağa gəl və nəzər sal o şeyə ki, sənin sahibin o işə görə sənə tapşırıq verib". O irəli gəlir və nübuvvət möhürünə nəzər salır. Bundan sonra Ruma qayıdır və vəziyyəti Hergelə danışır. Hergel deyir: "Bu, həmən o kəsdir ki, Həzrət İsa (ə) onun gəlişinə müjdə vermişdi... Ona itaət edin və hər nə desə, qəbul edin". Rəsulallah (s) İslamın həmin gözəlliklərini çatdırmaqla insanları bu dinə valeh edir. Çirkinliklərdən uzaq olmaq istəyən imperatorlar da belə, İslama üz gətirirlər.

Allahım, bizlərə həqiqi İslamın xüsusiyyətlərini yaşamaq tofiqatını nəsib et! Allahım, gözümüzü həyaya, qəlbimizi məhəbbətə, beynimizi əqlə məkan et! Amin!


http://imgs.su/tmp/1318701111-656.jpg

(səs: 1)
Şərhlər: 0
Baxılıb: 2 946
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri