İnsanı utandıran milli toylar! (Müzakirə!)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 3 831
Səs ver:
(səs: 1)
alt

Hər millət özünün milli dəyərləri ilə fərqlənir, bir millətin normal hesab etdiyi adət başqa bir millətə bayağı gələ bilər. Eləcə də toy mədəniyyəti. Hər toy özündə mənsub olduğu millətin adətlərini əks etdirir. İndi kulturoloqlar toya bir nəzər salmaqla hansı millətə aid olmasını ayırd edə bilirlər. Hərçən indi dünya toylarının çoxusu bir-birinin təqlididir.

Çarpaz qolla şampan şərabi içmək vacibdirmi?


Sosial şəbəkələrdə ən çox paylaşılan video və fotoların əksəriyyəti milli toylarımızdandır. Bəzisi ürək açan olsa da çoxusu utandıran, xəcalət hissi verən tipdəndir. Belə çarxların çoxu milli toylarda tətbiq edilən yad adətlərin bayağı halda icra edilməsidir. Hətta, “youtube.com”da paylaşılan bir çarx izlənmə rekordu qırıb. Çarxda isə gənc cütlüyün tort kəsməsi və şampan şərabı içməsi əks olunub. Gənclər ətrafdakıların təkidi ilə uzun müddət qarışıqlıq yaşadıqdan sonra axır ki, qollarını çarpazlaşdırıb şərablarını içirlər.



Əvvəla, bu çarpazlaşma əməliyyatı nəyə yarayır, bunu anlamaq olmur. Qərb mədəniyyətinə görə, yeni tanış olanlar dostluğun təməlini qoymaq istərlərsə, qollarını bir-birinə keçirib içki içirlər. Toylarımızda tətbiq edilən digər yabancı adətlər bir yana, bunu da təqlid etməyimiz şərtdir? Sadəcə içmək yetərli deyilmi? Üstəlik, gəlin və bəy birgə həyatlarının ilk günündə, elə ilk anındaca spirtli içki içmək məcburiyyətindədirlər?


Vağzalı əvəzinə Mendelson marşı


Toyun başlanmasından bir qədər sonra, gəlin və bəyin toy evinə girişi məlum musiqinin sədaları altında baş verir. Diqqət etsək, toy evindəki qadınların əksəriyyətinin o an gözünü yaşlı görərik. Bəli, bu bizim milli mahnımızdır- Vağzalı. Vağzalının el arasında başqa bir adı da var- “gəlin havası”. Amma bizim bilmədiyimiz daha bir qədim adı da var. XVl əsrdə Azərbaycanda məskunlaşmış Qaraqoyunlu qəbiləsinə məxsus olan bu mahnı ilk olaraq "Qarabağın ağırı" adlanıb.


Əsrlər keçdikcə rəqs şaxələnib və iki qolda tanınıb. "Asta Qarabağı" və "Vağzalı" adında yayılıb. Vağzalının yaranma tarixi və səbəbi də olduqca maraqlıdır. Əvvəllər yeganə müasir nəqliyyat vasitəsi qatar olduğundan uzaq yerə gəlin köçənləri bir şəhərdən digər şəhərə vağzaldan həmin bu həsrət dolu "Qarabağın ağırı" yəni “Vağzalı” sədaları altında yola salardılar. Amma sonralar bu rəqs ilk adını itirib, indi xalq arasında "Vağzalı" adı ilə tanınır.


Əvvəllər Azərbaycan toylarının bir qayda olaraq gəlin havası olan “Vağzalı” əvəzinə indi bəzi toylarda “Mendelson marşı” eşidilir. Bizim “Vağzalı” ilə eyni təyinatlı olan bu marş olduqca gözəl marşdır. Amma onun yaxşı olması bizim toylarımızda tətbiq edilməsi anlamına gəlməz. Bəziləri isə hesab edir ki, dünyaya inteqrasiya etdiyimizdən bu marşın milli toylarımızda səslənməsi normal haldır.


İlk rəqs niyə “medlenni”dir?


Toy salonuna girən cütlük ilk rəqslərini edirlər. Bəyin və gəlinin fikri soruşulmamış toy ansamblı xarici və ya yerli “medlenni” çalırlar ki, əksəriyyəti bunlar olur: “ikimizdə bir ürək var”, “sən gəlməz oldun”, “sevəcəyəm”, “ilanı-aşk”. Bu mahnılar toylarımızın ən dəbdə olan “medlenni”ləridir. Siyahını xeyli uzatmaq olar, bura rus estradasının həzin və “astagəl” mahnıları da daxildir.


İlk rəqslərini adətən xarici musiqiyə oynayan bəy və gəlin birgə həyatlarının ilk rəqsini beləcə başa vururlar. Toy boyu milli musiqilər səsləndiriləcək, amma bunların çoxu millilikdən çıxıb “bazar musiqisi”nə çevrilir. Təəssüflər olsun ki, indi toylarımızın gündəmində olan mahnılar televiziya efirinə, radiolara belə buraxılmayan, səsləndirilməyən tipdən mahnılardır.


Astronomik qiymətə oxuyan müğənni əvəzinə milli rəqs şousu


Yenə internetdə gördüyüm bir video gəldi ağlıma. Toyun ən qızğın yerində bəy və gəlin oynamaq istədiklərini deyirlər. Gözəl bir milli musiqi istəyirlər və ürəklə oynayırlar. O səhnə o qədər gözəl, içdən idi ki, insan baxmağa doymurdu. Aydın görünürdü ki, onlar buna əvvəlcədən hazırlaşıblar. Bunun üçün rəqs müəlliminə ehtiyac olub və onlar tənbəllik etməyib rəqsi xırdalığına qədər öyrəniblər.


Həmin video çarxa rəy bildirənlər bunun üçün bəy və gəlinin rəqs müəlliminə “xeyli” pul ödədiyini yazıblar. Amma sir deyil ki, heç bir rəqs müəllimi adi bir müğənninin bir saatlıq oxumasına görə aldığı puldan çox ala bilməz. Əgər lovğalıq olsun deyə toyumuza şou-biznesin ən tanınmış simalarını, bəzən də xarici ulduzları dəvət ediriksə onlara verdiyimiz pul da az olmur.


Məhşurların toyda bir saat oxumağının müqabilində aldığı pulun miqdarını da çoxumuz bilirik. Bəs niyə bu müğənniyə verdiyimiz pulun cüzi bir hissəsini müəllimə verib rəqs etmək öyrənən cütlüyə irad bildiririk? Alqışlanmalı yerdə dodaq büzürük.



Xoşbəxtlik dalınca gedənlər niyə qan üstündən adlayır?



Azərbaycanda toyların bir adəti də var. Bəy və gəlinin ayağının altında qoç qurban kəsirlər. Bilmirəm bu adət bizimdir ya yox, bəlkə də çoxdan icra edildiyi üçün bizimki sayılır, amma onu normal adət hesab etmirəm. Qan tökmək bütün hallarda normal qəbul edilmir, o ki qaldı iki gəncin birgə həyatının təməli qoyulduğu gün olsun. Bəy və gəlin bu gün xoşbəxt gələcək üçün yola çıxırlar, bir canlının öldürülüb qanının axıdılması, hələ üstəlik onun qanının gənclərin alnına yaxılması xoşbəxt gələcəyə təminat verə bilərmi?



İnsan olsun, heyvan olsun, ikisi də can daşıyır, insan heyvandan güclüdür deyə onu yerə yıxıb kəsmək, yeni evlənən cütlüyün birgə həyatlarının ilk gününü qana boyamaq haqqına sahib deyil. Qan üzərindən keçib xoşbəxtliyə getmək doğru olmazdı.



Milli musiqi yerinə “diskoteka”


Milli toylarımızın hər gün bir az da dərinləşən problemlərindən biri də toyun sonuna doğru “diskoteka” yaranmasıdır. Əcaib musiqilərin müşayəti ilə əl-qolunu əcaib bir şəkildə oynadan, atılıb-düşən gənclərin bundan həzz alması ətrafdakılara, xüsusən də toyun ahıl qonaqlarına xoş gəlmir. Bu səbəbdəndir ki, toy sahibi gənclərin “diskoteka” istəyini toyun qurtarmasına yarım saat qalmış reallaşdırmağa izin verir. Bu zaman toyda demək olar ki, qonaq qalmır.


Gecə əyləncəsinin işçtirakçıları gənclər olur. Rep, rok, pip-pap, caz, estrada və bu tip musiqilərin bir-birinə calaq edilib çalınmasından çılğıncasına zövq alan gənclər toyun “ləzzətini” bunda görürlər.


Və toyun ən mühüm xırdalığı- gəlin geyimi


Düzdür, gəlinlik paltarı anlayışı ilk dəfə türk dünyasında yaranıb, amma o zaman gəlinliklər indiki kimi olmayıb. Qeyd edək ki, qədim türk adətlərinə görə, gəlin yalnız qırmızı geydirilməli idi. Türk inancına qörə, qutsallıq, bəkarət, namus və baş ucalığı rəmzi olan qırmızı rəng indi nadir hallarda gəlinlərin seçimi olur. (Gəlinlik donunun tarixi ilə bağlı milli.az portalında cox maraqlı bir yazımız da yayımlanmışdı, arxivdən əldə edə bilərsiniz).


Avropaya inteqrasiya burda da özünü göstərdi, milli gəlin geyimi yadlaşdı, indi bir qayda olaraq bütün gəlinlər toyunda ağ gəlinliyə üstünlük verirlər. İlk dəfə XVI əsrdə kraliça Viktoriyanın geydiyi gəlinlik ağ rəngdə idi və o zamandan bütün dünyada gəlinliklər ağ rəngdədir. Bu ənənəni yalnız Hindistan rədd etdi və özünün qədim adətlərinə görə bu ölkədə gəlinlər qırmızı gəlin paltarı geyir.


Zaman vardı Avropa hər məsələdə şərqdən “oğurluq” edirdi. Mədəniyyətlər beşiyi olan Azərbaycanın mənəvi sərvəti onlar üçün ölçüsüz və qiymətsiz xəzinə idi. İçimizdəki təqlidçilik ruhu öz dəyərlərimizdən könüllü imtinaya və öz milli dəyərlərimizi yad dəyərlərlə əvəz etməyimizə səbəb oldu.
(səs: 1)
Şərhlər: 3
Baxılıb: 3 831
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri