Vətəndən qaçmaq vətəni sevməkdir?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 749
Səs ver:
(səs: 4)
Hər birimizin anasının xəstələndiyi, özünü bihal hiss etdiyi, yaxud qəzəblənərək, fikrimizcə, haqqımızda nahaq danışdığı zamanlar olur. Həmin anlarda qəzəblənirik, anamızın haqsızlığına etiraz etmək istəyirik.
İstəyirik, amma son anda dayanırıq.
 
Çünki qarşımızda anadır: bizi dünyaya gətirən, özümüzü dərk edənədək bütün əzablarımıza qatlaşan və yuxumuzu yuxusuzluğu, xəstəliyimizi sağlamlığı, kədərimizi sevgisi ilə sağaltmış bir insan.
O insan ki, bu dünyada bizi heç bir təmənna, qarşılıq, cavab olmadan sevib, sevir və bundan sonra nə edəcəyimizdən, hansı yolla gedəcəyimizdən asılı olmayaraq sevəcək şəxs.
 
Anadan küsüb "#buanadan" heşteqi ilə sosial şəbəkələrdə ondan şikayətlənməyimizi ağlınıza gətirin.
Düşündünüzmü?
Onda anamızın anasını, ölkəmizi şüurunuza gətirin.
 
Sosial şəbəkələrdə "#buölkədən" heşteqi yaradaraq mühacirətə çağırmaq, ölkədə hər şeyin və az qala hər kəsin yaxşı olmadığını yazaraq "bu məkandan mümkün qədər uzaqlaşmağa" çağırışların məntiqsizliyini bir kənara qoyuram.
 
Sözsüz, Azərbaycanda hər kəs və hər şey yaxşı deyil. Rüşvət alan məmurlar, bisavad müəllimlər, işini bacarmayan həkimlərimiz, ədaləti unudaraq öz "ƏT"ini hər şeydən üstün tutanlar, hətta allahın adından danışıb allahsızlığı yaşam qaydasına çevirənlərdən də xali deyilik.
Hamısından varımızdır.
 
Amma bu ölkənin insanlarının çoxu halal zəhməti ilə çalışanlar, övladının səadətini, yaxşı gününü istəyənlər, min zillətlə işləyib atası və anası üçün məhdud olsa da, imkanları içində normal həyatda yaşatmaq istəyənlərdir.
O şəxslər ki, Azərbaycanda yaşayır və Azərbaycanı yaşadırlar.
 
Ölkəsizlik ən pis dərdlərdən biridir, cənablar.
Yəhudilər minilliklər boyu "#oölkəyə" fikri ilə yaşadılar, İsrail qurmaq istədilər.
Kürdlər "#ölkəüçün" İraqda, Suriyada, Türkiyədə nəyəsə can atırlar və tavtologiya olmasın, o "nə" hələlik terrorla separatçılıqdan o yana getmir.
Assuriyalılar dünyanın ən müxtəlif ölkələrinə səpələnərək yaşayırlar və minillərdən süzülüb gələn, illər keçdikcə daha da ağırlaşan dərdlərini qəlblərinə daş təki basaraq qüssələnirlər.
 
Həmin assuriyalıların atalar sözü var: "Tanrı, o ölkədə ölməyi mənə qismət et".
 
Azərbaycanın adını eşidəndə Avstraliyada kövrələn və bayrağımızı dərdli bağrına basıb hönkürən Məhəmməd bəy Cavadlını görmüşdüm illər əvvəl. 73 yaşlı Məhəmməd bəy bayrağımız sinəsində pıçıldayırdı: "Allahım, ölkəmizi qoru, azadlığımızı bizə çox görmə!"
 
Əsrlərdən bəri bu ölkənin torpaqlarını qanları ilə suvarıb vətəninin daşı olanlar məhz bu ölkə üçün yaşayıblar.
Yaşayıblar ki, bizləri yaşatsınlar.
 
Məhz bu ölkədə.
Çünki biliblər: vətənsiz insan, sadəcə, canlı ölüdür.
 
Öldüyündən bixəbər birisi.
Hə, onu da bilək ki, "#buölkədən" deyib harasa gedə bilərik.
Orada pis, yaxşı yaşaya bilərik.
 
Amma günlərin birində qübar qəlbi parçalayanda "Ölkəmdən niyə getdim?" sualı səslənəcək.
 
Və onda Andrey Tarkovskinin "Nisgil" filmindəki qüssənin nə olduğu anlaşılacaq...
 
... 1873-cü ildə Rusiyanın Novqorod quberniyasında doğulmuş, 1943-cü ildə ABŞ-ın Kaliforniya ştatındakı Beverli-Hills şəhərində vəfat etmiş dahi rus bəstəkar və virtuoz pianoçu Sergey Raxmaninov gözlərini əbədi yummazdan əvvəl xanımına demişdi: "Vətənsiz ölümümün cismani ölüm anı çatır. Məzarımın yanında iki ağcaqayın əkərsiniz. Öləndən sonra barı vətənimin ruhu ilə olum".
 
Ağcaqayınlar əkildi, amma qurudu.
Ağac da vətənsiz qalanda kök ata bilmir.
(səs: 4)
Şərhlər: 6
Baxılıb: 2 749
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri