Hər şeyi bitirən hiss

Müəllif: Mr. OffiCeR
Şərhlər: 1
Baxılıb: 4 080
Səs ver:
(səs: 1)

http://imgs.su/tmp/2012-01-24/1327388722-435.jpg

Qısqanclıqla necə bacarmaq olar?

Biz tez-tez eşidirik: qısqanclıq - sevginin göstəricisidir. Lakin məhz qısqanclıq ayrılığın, mübahisələrin və boşanmaların, cinayət hadisələrinin əsas səbəbi olur.
Qısqanclıq - norma deyil, qurtulması və mübarizə aparılmalı olan patologiya, xəstəlikdir. Güclü səbəbsiz qısqanclıq nevrotik haldır. Bu patologiyadan qısqanan və ikinci tərəf də zərər çəkir. Qısqanc adam öz hisslərinə, hərəkətlərinə və ağlına nəzarəti itirir.

Qısqanclıq hissini necə dəf etməli? Ona qalib gəlmə vasitələri varmı?

Qısqanclıq hər şeydən əvvəl özünəinamsızlıqdan, olduğu kimi qəbul edilib sevilməməsinin qorxusundan yaranır. Uşaqlıqda valideyn sevgisi almayan, dəfələrlə satqınlıq və yalanla qarşılaşmış insanlar üçün qısqanclıq hissi xarakterikdir. Bir dəfə yanaraq belə adamlar özlərinə, başqa adamlara inamı itirərək gələcəyə qorxu ilə yanaşırlar. Belə situasiyada mütəxəssisin konsultasiyası, yaxşı psixoloq yanına getmək kömək edər, bu, daha yüngül vasitədir.

Qısqanclıq hissinin dərəcəsi insanın xarakterindən, temperamentindən asılı olur. Belə ki, çox temperamentli insanlar ifrat dərəcədə qısqanc olurlar.

Müşahidələr göstərir ki, dəlicəsinə qısqanclıq hissi buna məhz özünün daha çox yol və səbəb verən kəslərə xarakterikdir. Bəlkə düşünəsiniz? Ola bilər problem sizin özünüzdədir. Kənardakı münasibətlərinizin olması eyni hərəkətin sevgilinizin də edib-etməməsi fikirlərini yaradır.
Səbinə Əliyeva adlı respondent bir dəlicəsinə qısqanc rəfiqəsi haqda belə danışır: "Mən rəfiqəmlə görüşəndə onun sevgilisinin yanında olub-olmamasını soruşuram. Çünki o mənə heç nə deməsə də, sevgilisi heç bir əsas verməsə də, onu necə qısqandığını bilirəm. Hətta təsadüfən sevgilisi ilə baxışlarımız toqquşsa, ya söhbətimiz tutsa, o, mübahisə yaradır. Nəticədə həm mən, həm də sevgilisi məyus oluruq. Mən başqalarının sevgilisinə göz qoymasam da, rəfiqəm yenə narahatlıq keçirir, mənim onun sevgilisini maraqlandırmadığıma əmin olmaq istəyirdi. Dəfələrlə rəfiqəmlə məhz onun qısqanclığına görə mübahisəmiz olurdu. Belə bir qısqanclıq səhnəsindən sonra inciyib uzun müddət rəfiqəmlə görüşmədim. Əsassız olaraq məni günahlandırmışdı. Daha onunla münasibət saxlamayacağıma qərar vermişdim. Bir gün təsadüfən həmin rəfiqəmlə rastlaşdım. Onun sevincdən gözləri parlayırdı. Səbəbini soruşmadan özü açıqladı. Yayda yeni rəfiqəsi ilə Nabranda istirahət zamanı bir oğlanla tanış olub. Və bu oğlan kim olsa yaxşıdır. Təzə tanış olduğu rəfiqəsinin sevgilisi. Qız çəkinmədən deyirdi: "Biz bir-birimizə vurulduq. Onu rəfiqəmin əlindən aldım". "Bəs Mehman necə oldu", - deyə soruşdum. "O daha yoxdur, ayrıldıq", - dedi. Sonra sevgilisinin onu gözlədiyini deyib tələsik getdi. Sevgilisi yaxında olsa da, mənimlə tanış etmədi. Səbəbini özüm də anlayırdım. O qısqanır, sevgilisini gizləməyə çalışır. Burada bir deyim yadıma düşdü: "Hər kəs öz arşını ilə ölçür". Artıq bir neçə aydır həmin rəfiqəmlə görüşmürəm. Ancaq arada zəngləşirik. Başının yeni sevgilisinə qarışdığını söyləyir".

Bəs əgər siz münasibətinizi qiymətləndirmirsinizsə və həyatınıza başqa birini daxil edirsinizsə, sizə, ümumiyyətlə, bu sevgi münasibəti lazımdırmı?

Əvvəlcə qısqanclıq üçün obyektiv səbəb və əsas olmadığını araşdırmalısınız. Bəlkə səbəb sizin inamsızlığınızdadır. Əgər bu belədirsə, öz dəyərinizin yüksəlməsi ilə məşğul olaraq həyatınıza baxış keçirib dəyişməyə çalışın. Qısqanclıqla tək özünüzü yox, sevgiliniz və ətrafdakı adamları yorursuz.
Siz öz sevgilinizi qısqanaraq əslində şübhələrinizin səhv olmasının təsdiqinə ehtiyac hiss edirsiniz. Bu zaman sevildiyinizi və sizdən başqa birinin olmadığını eşitmək istəyirsiniz. Bunu tez-tez təkrarladıqda aldığınız müsbət cavablar artıq adiləşəcək və yenidən inamsızlıq halı yaranacaq.

Əgər qısqanclıq üçün əsaslı səbəb varsa, düşünməyə dəyər: ümumiyyətlə, sizə etibarsız insan lazımdırmı? Çünki onun kənardakı flirtlərinə həmişə dözməli olacaqsınız. Buna hazırsız?

Əgər yaxın adama inanırsınızsa, lakin əzabverici şübhələrə meyl azalmırsa, sevgilinizlə danışın, vəziyyəti izah edin, deyin ki, inanırsınız ona, amma qısqanclıqdan qurtula bilmirsiniz, lakin onunla mübarizə aparmağa çalışırsınız. Bu halda qısqanclığa qalib gəlmək üçün sevgilinizn sizə köməyi lazımdır: siz bu neqativ hissə qalib gəlincə, o sizə qarşı daha diqqətli olmalı, qısqanclığa xırda əsas da verməməlidir. Sevən adam anlayacaq, bu çətin mübarizədə mənəvi dəstək verəcək.
Sevgilinizə etibar etməyi öyrənin. Münasibətləriniz üzərində işləyin. Yadda saxlayın: kişi bir yerdə xoşbəxt olduğu qadını atıb getməz və onu başqası ilə aldatmaz. Amma əgər mütəmadi olaraq sevgilinizi ittihamlarınızla bezdirsəniz, o prinsipə bunu edə bilər. Şayiələrə inanmayın, öz hərəkətlərinizlə onu qıcıqlandırmayın: cibləri, SMS-ləri, telefon kitabçasını yoxlamayın. Patoloji qısqanc qadın olaraq siz mənasız yazışmadan belə böyük problem yarada bilərsiniz. Aldadılma qorxusu sizi yanlış tərəfə yönəldə bilər.
31 yaşlı Sevinc Ağayevada qısqanclıq nevrotik hal alıb. O, bu hissdən heç cür qurtula bilmədiyini və məhz qısqanclığın sevgi münasibətinə son qoyduğunu deyir: "Biz yeni tanış olanda her şey sadə idi, bir-birimizi anlayırdıq. Münasibətimiz əvvəlcə dostluqdan başladı. Mən ona öz həyatımdan, o isə maraqlarından danışırdı. Onun mədəni, yaşca kiçik olmasına görə aramızda yalnız dostluq olacağını düşünürdüm. Lakin mənəvi yaxınlıq bizim münasibəti sevgiyə çevirdi. O demək olar ki, hər gün məni görmək istəyirdi. Beləcə mən ona alışdım. Hər şey onu sevdiyimi anlayandan sonra başladı. Onun hər addımını izləməyə başladım, tez-tez zəng edir, harada olmasını soruşurdum. Hətta evlərinə də zəng edib ondan xəbərsiz evdə olub-olmamasını dəqiqləşdirirdim. O isə deyirdi: "Sən özünə inanmırsan?" Mən özümə inanırdım. Lakin bu da mənə kömək etmirdi. Bilirdim ki, suallarla onu tabdan salırdım. Hər hansı bir qızla münasibətinin olub-olmaması fikri məni özündən çıxarırdı. O isə səbrlə and-aman edərək məndən başqa birisi olmadığını dəfələrlə söyləyir, sübut etməyə çalışırdı. Əslində onun sadiqliyini hiss edirdim. Amma bu qısqanclıq hissi mənə rahatlıq vermirdi. Artıq münasibətimiz dözülməz hal almışdı. Sevdiyim oğlan sosial şəbəkədə daha çox otururdu. Onun internetdə bir qızla maraqlanması nəzərimdən yayınmadı. Bunu hətta onun özünə də dedim. O isə o qızla yalnız dost olduğunu açıqladı. Və bir də bu barədə, yəni o qız haqda soruşmamağımı söylədi. Bu məni daha da qıcıqlandırdı. Mən o qızın kimliyi ilə maraqlanmağa başladım. Bu da mənim səhvim oldu. Onda o qıza maraq oyandı. Demək onda özümə rəqib görürəm. Və bir gün o qız da bundan xəbər tutdu. Həmin qız prinsipə o oğlanla münasibət qurdu. Oğlandan nəyə görə belə etdiyini soruşanda dediyi sözlər hələ də qulağımdadır: "Sən özün günahkarsan. Sən məni bezdirdin. Nə dedimsə inanmadın. Artıq yoruldum. İndi dincəlmək istəyirəm". Mən səhvimi anlayıb əzab çəksəm də, artıq gec idi. Və bu məndə birinci dəfə deyildi. Artıq kiminləsə münasibət qurmağa çəkinirəm. Bütün bunları yenidən yaşamaq istəmirəm."
Qısqanclıq münasibətlərin pozulmasının ən sadə yoludur. Nəinki münasibətlərin, boşanmaların, hətta həyatların məhvinə səbəb olur. Tez-tez kriminal xəbərlərində qısqanclıq zəminində törədilən cinayətlər barədə eşidirik. Çox vaxt nəticədə məlum olur ki, cinayəti törədən şəxs məsələni araşdırmadan silaha əl atıb.
Daha yaxşı olardı ki, sevgilinizin sizə vəfalı olmasının sübutlarını axtarardız. Əgər siz sevirsinizsə və sevilirsinizsə, qısqanclıq hissindən birdəfəlik yaxa qurtarmağa çalışın, sevgilinizə etibar edin.


Kəmalə Abdıyeva

(səs: 1)
Şərhlər: 1
Baxılıb: 4 080
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri