Ön Asiya (e.ə. I minilliyin I yarısı)
Eramızdan əvvəl II minilliyin sonu, I minilliyin əvvəllərində
Zaqros dağları bölgəsində bəzi kiçik bəyliklər yarandı. Bunların
arasında Gilzan, Zamua, Allabria, Karalla, Buştu, Məssi, Surikaş,
Qızılbunda, Alateyə,Uişdiş, Zikerətu, Andia, Subi, Sanqibutu, Puluadi və
digərləri vardı. Ancaq onların ən qüdrətlisi Zamua idi. Assurlular
tez-tez Gilzan dövlətinin sərhədlərini pozsa da, bu dövlət öz ömrünü bir
müddət davam etdirmişdir. Urartular e.ə. təqribən IX yüzilliyin
axırında Gilzanı tutmuşdur. Zamua öz torpaqlarının sərhəddini Urmiyə
gölündən Kiçik Zab çayına kimi böyütmüşdür.
Tarixi qeydlərə əsasən, e.ə. VIII əsrlərdə Qara dənizin şimal
hissəsində yaşayan kimmerlər əsrin sonlarında saklar tərəfindən
sıxışdırılaraq öz torpaqlarından çıxmalı olublar. Onların bir hissəsi
Anadoluya, bir hissəsi də Transqafqaza (Güney Qafqaza) və Ön Asiyaya
yayılmışlar. Kimmerlərin adından yaranan toponimlər vaxtın tarixi
hadisələrini də, onların yayılma yerlərini də əks etdirir. Qımırlı,
Kəmərli, Komar, Kəmərdaran, Kəmər, Qəmərli, Kəmərqaya və s. yer adları
kimmerlerin yadigarlarıdır.
Kimmerlərdən sonra sakların hakimiyyəti başlamışdır. Onlar e.ə. VII
yüzillikdə Transqafqaz və Ön Asiyada hakimiyyət qurmuşlar. Herodot öz
əsərində onları "skiflər” adlandırmışdır. Sakların adı ilk olaraq Assur
mənbələrində qeyd edilib. Assur imperatoru Asarhaddon (e.ə. 680-668)
dövrünə məxsus bir sənəddə onların da adı vardır. Bəzi tarixçilər
sakları qərəzli olaraq fars mənşəli göstərirlər; lakin sakların
mədəniyyəti, dövlət quruluşları, ordu quruluşunun tamamilə atlı olması
və Bozqır Hərbi Taktikasını ən gözəl şəkildə həyata keçirmələri, Susda
tapılan mixi yazılı sənədlərdəki türk dillərində hələ də yaşayan sözlər
işlətmələri onların türk mənşəli olduqlarını sübut edir. Dariusun
saklara hücumu vaxtı başına gələnlər əldəki ən yaxşı dəlildir. Assur
qaynaqları onları işquz adlandırmışdır.
Saklar II əsrə qədər hakimiyyətlərini davam etdirmişlər. Şərqdə Çin
səddinə, qərbdə Dunay çayına kimi böyük bir ərazini əllərində saxlayaraq
böyük bir imperiya yaratmışlar.
Qədim Romalı tarixşünas Strabon yazırdı: "Şərqdə yaşayan xalqlara
massagetlər və saklar deyilirdi. Digərləri isə işquzlar adıyla yad
edilirdi. Bununla yanaşı hər nəslin özünə məxsus adı vardır.”
Massagetlərin e.ə. IX-VII yüzillərdə Gilgiləçay ilə Dərbənd arasında
yaşadığı güman edilir. Onlar iskitlərin (saklar) ardınca Dərbənd
keçidini ötərək Alban torpaqlarına daxil olmuşlar. Qaraqalpan "Türk
Etnonimləri” adlı əsərində iddia edir ki, Daranın qəbri üstündəki
kitabədə üç sak tayfasının adı vardır. Onlardan birincisi Sırdəryanın o
biri sahilində, ikincisi indiki Türkmənistan torpaqlarında, üçüncüsü isə
dənizin üzbəüz sahilində məskunlaşmışlar. Üçüncü kütlənin yaşadığı
ərazi şübhəsiz ki, Xəzərin cənub-qərb hissəsidir.
Əvvəllər tarix kitablarında İşquzların ümumiyyətlə irandilli və Ari
olduğu iddia edilirdi. Lakin I yüzillikdə yaşamış tarixşünaslardan
Pomponi, Mela ve Pliniyon işquzları türkdilli qəbul etmişdir. V əsrdə
yaşamış Zozima isə bəzi işquzlara hunlar deyildiyini də yazmışdır.
Massagetlərin türkdilli olduğunu təsdiq edən özgə mənbələr olmasına
baxmayaraq onların monqol tayfası olduğunu irəli sürənlər də vardır.
Ancaq bununla yanaşı, işquzların tam olaraq türkdilli olduğunu
fikirləşmək səhv olardı. VI yüzillikdə yaşamış Bizanslı tarixşünas
Menanoli yazırdı: "Keçmişdə türklərə Sak deyirdilər.” A. N. Bernştam isə
belə göstərirdi: "Türk etnogenezinin əsas mənbəyi xüsusilə hunlar
olmuşdur. Həm Asiya, həm də Avropa hunları işquzları meydana
gətirmişdir".
O dövrdə müasir Azərbaycan ərazisinin cənubunda yaranmış bu siyasi təşkilatlara şimalda rast gəlinmir.