Gözəl qamət insanın xarici görünüşündə böyük rol oynayır. Bunu hamı bilir. Lakin bu ən əsası deyil.
Gözəl, düzgün qamət insanın sağlamlığında olduqca mühüm rol oynayır.
İnsanın
qaməti düzgün olanda, bütün daxili orqanlar öz fizioloji yerlərində
yerləşir, əyilmir, sıxılmır, heç yerdə durğunluq yaranmır və nəticədə
bütün orqanizm tam normal fəaliyyət göstərir.
Düzgün
qamət qanın orqanizm boyu normal dövr etməsində böyük rol oynayır. Qan
orqanizm boyu normal dövr edirsə, bütün orqanlar kifayət qədər oksigen
və qidalı maddələri alır.
Düzgün
olmayan qamət onurğanın sağlamlığına olduqca çox mənfi təsir edir.
Onurğanın sağlamlığı isə bütün orqan və sistemlərinin sağlamlığı üçün
vacibdir. Ortoped həkimlərin sevimli ifadəsi - \"Sağlam onurğa - sağlam
insan\" bunu təsdiq edir.
Onurğa
sütununun içərisində onurğa beyini keçir. Onurğa beynindən sinir
kökləri çıxır ki, bu sinir kökləri daxili orqanları idarə edir - ürəyin
fəaliyyəti, sidik, nəcis ifrazı, kişilərdə ereksiya və s. İnsanın qaməti
düzgün olmayanda onurğa sütunu artıq yükləməyə məruz qalır ki, bu
yükləmənin nəticəsində onurğa sütünu fəqarələrində dəyişikliklər baş
verir - fəqərələr arasında olan disklər nazilir, dağılır. Bu bir çox
müasir insanların qənimi olan osteoxondroz xəstəliyidir. Osteoxondrozun
nəticəsində fəqərələr arasında keçən onurğa beyini sinir kökləri və
həmçinin buradan keçən qan damarları sıxılır. Damarların sıxılması
daxili orqanların qanla təmin olunmasını pozur. Sinir köklərinin
sıxılması isə bu köklər tərəfindən idarə olunan orqanlarda müxtəlif
pozulmalar yaranır.
Düzgün
olmayan qamət nəfəsalma sisteminin fəaliyyətinə də çox mənfi təsir
edir. Məsələ burasındadır ki, insanın onurğası əyri olduqda döş qəfəsi
sona kimi açılmır və nəticədə ağ ciyərlər də tam açılmır ki, orqanizm
oksigeni daha az alır. Nəfəsalma sistemi ürək-damar sistemi ilə çox sıx
bağlıdır və bu səbəbdən nəfəsalma sisteminin fəaliyyətində olan
pozulmalar ürək-damar sisteminə \"vurur\".
Yaxşı qamət həzm proseslərinə də böyük təsir edir - bağırsaqlar daha tez və asan boşalır.
Düzgün
qamət əzələ və bel ağrılarıınn ən yaxşı profilaktikasıdır. Bu xüsusilə
oturaq işlə məşğul olan insanlar (ofis işçiləri, mühasiblər və s.) üçün
vacibdir.
Düzgün qamət həmçinin oynaqların normal fəaliyyətinə kömək edir və onları qoruyur.
Beləliklə,
belə nəticəyə gəlmək olur ki, qamətin gözəl olması xarici görünüşdən
çox sağlamlığımız üçün vacibdir. Bu səbəbdən qamətinizə daim (ayaq üstə
dayananda, oturanda, yeriyəndə) nəzarət edin.