Qıcqırma - döş sümüyü arxasında,
boğazda, yemək (qida) borusu boyunca hiss olunan yandırma hissiyyatıdır.
Bəzi məlumatlara əsasən, yer əhalisinin 40%-i qıcqırmadan əziyyət
çəkir.Bəzi insanlarda bu əlamət müvəqqəti, digərlərində isə daimi
xarakter daşıyıraq, heç bir təşvişə səbəb olmur. Ancaq aşkar olunmuşdur
ki, təşvişə düşməyə dəyər. Bəs qıcqırmanı yaradan nədir? Mədə ilə qida
(yemək) borusu arasında sfinkter - əzələ həlqəsi movcuddur ki, o da
yalnız qida, yemək borusundan (mədəni ağız boşluğu ilə birləşdirən boru)
mədəyə keçərkən açılır. Digər vaxtlarda isə sfinkter sıx şəkildə
bağlanmış olaraq, mədədə olan qidanın qida borusana doğru geriyə
qayıtmasına imkan vermir. Normal halda məhz belə də olmalıdır. Müxtəlif
səbəblər nəticəsində, sfinkterin işində pozğuluq baş verir və bu zaman o
lazım olmayan vaxda da açılaraq yenidən qapanır, bəzi hallarda isə
ümumiyyətlə daimi olaraq azca açıq qalır. Nəticədə, mədədə olan həzm
şirəsinin bir hissəsi mədədən geriyə-yemək borusuna qayıdır.
Bu şirənin
tərkibində çox güclü kimyəvi maddə olan xlorid turşusu da daxildir.
Hətda dəmiri də həll etmək xüsusiyyətinə malik olan bu turşu, bizim
mədəmiz üçün qorxulu deyil. Buna səbəb isə, mədənin daxili səthində, bu
maddənin təsirəndən qorucu qabiliyyətə malik olan, müdafiə qatının
olmasıdır. Yemək borusunda isə belə qat mővcud deyil. Məhz buna görə
mədədən yemək borusuna düşmüş olan bu turşu bəzi hallarda çox güclü
yandırıcı təsir göstərir. Mədə şirəsindən savayı, öd kisəsindən
12-barmaq bağırsağa, oradan mədəyə və sonra isə yemək borusuna düşə
bilən öd də, yemək borusunu qıcıqlandıra bilər. Tez-tez təkrar olunan
qıcqırmanın əsas təhlükəsi ondan ibarətdir ki, yemək borusunda mədə
turşusunun və ödün yeyici təsiri altında eroziyalar (xırda yaralar)
əmələ gələ bilər. Bu eroziyalar qanaxmaya səbəb ola bilər. Uzun müddət
ərzində mövcud olan və müalicə olunmayan eroziyalar hətta xərçəngə də
çevrilə bilər. Buna görə, əgər siz müntəzəm olaraq (həftədə 2-3 dəfə)
özünüzdə qıcqırma hiss edirsinizsə, mütləq həkimə müraciət edin.
Qıcqırma - ayrıca bir xəstəlik olmayıb, müxtəlif xəstəliklərin
əlamətidir (qastrit, duodenit, xolesistit, öd daşı xəstəliyi və s.).
Qıcqırma mədə və 12-barmaq bağırsağın xora xəstəliyinin də əlaməti ola
bilər. Bu zaman qıcqırmanın nə vaxt baş verməsinə diqqət yetirmək
lazımdır. Belə ki, əgər qıcqırma yeməkdən sonra baş verirsə, çox yəqin
ki, bu, turşu reflyuksudur. Əgər qıcqırma yeməkdən əvvəl baş vermiş
olarsa, bu daha çox, xora xəstəliyi üçün xarakterik olan əlamət hesab
olunur. Qıcqırma adətən, kəskin, yağlı, çox qızardılmış qida qəbulundan
sonra baş verir. Xroniki qəbizliyi olan insanlar da, bir çox hallarda,
qıcqırmadan əziyyət çəkirlər. Bəzi hallarda, qıcqırma praktiki sağlam
hesab edilən adamları da narahat edir. Bu, əsasən, həddindən artıq
miqdarda qida, kəskin ədviyyatlar, yağlı qidalar, alkoqollu içkilərin
qəbul edilməsi nəticəsində baş verir. Əksər hallarda, qıcqırma yeməyi
tez-tez yeməyə adət edənlərdə və ya buna məcbur olanlarda da baş verir.
Bəzi insanlarda, turş meyvələr (alma, limon, gavalı), kefir və digər süd
turşusu məhsulları, qara çörək qəbul edilməsi qıcqırmaya səbəb ola
bilir. Döş sümüyü arxasında yanğı hissiyyatı və ağrı ağırlıq qaldırarkən
də baş verə bilər. Bunun səbəbi isə, qarındaxili təzyiqin artması
nəticəsində, mədə möhtəviyyatının bir hissəsinin qida borusuna
atılmasıdır. İstənilən halda, əgər sizdə, tez-tez qıcqırma baş verirsə,
mütləq qasroenteroloqa müraciət edin. Hamiləlik zamanı, qıcqırma əksər
qadınları da narahat edir. Əgər qadında toksikoz qusma ilə birlikdə
olarsa, bu zaman qida borusu da qıcıqlandığı üçün, qıcqırma baş verir.
Hamiləliyin 2-ci yarısında isə, böyüməkdə olan uşaqlığın mədəyə təzyiq
etməsi qidanın mədədən qida borusuna atılmasına və nəticəsində
xoşagəlməz qıcqırma hissiyatının yaranmasına səbəb olur. Onu da qeyd
etmək çox vacibdir ki, döş sümüyü arxasında olan yandırma hissiyyatı,
xüsusən də onunla birgə təngnəfəslik, başgicəllənmə, boyunda, sol qolda
və çiyində ağrı olarsa, bu nəinki mədə-bağırsaq sistemində müəyyən bir
pozğunluğun olmasını, həmçinin ürəkdə stenokardiyanın, hətta miokard
infarktının olmasını da göstərə bilər! Döş arxasında yandırma hissi
olmasının səbəbinin ürək ilə əlaqəli olub-olmamasını müəyyən etmək üçün
dilinizin altına 1 tablet nitroqliserin qoymaq lazımdır. Əgər 5 dəqiqə
ərzində yandırma hissiyyatı keçib gedərsə və ya heç olmasa azalarsa,
demək bu, ürək tutmasıdır! Bu halda təcili olaraq kardioloqa müraciət
etmək lazımdır, çünki bu, ürəkdə ciddi problem olduğunun göstəricisi ola
bilər!