"Başqasından
nə isə istəməkdən çəkin! Çünki bu iş dünyada zəlilliyə səbəb olar,
ardınca fəqirlik gətirər, qiyamətdə isə uzun-uzadı sorğu-sualla
nəticələnər”.
Həzrət Mühəmməd Peyğəmbər (s).
Keçmiş
zamanlarda bir dərviş vardı. Dərviş gününün çox hissəsini tənhalığa
çəkilib ibadət etməklə keçirirdi. Amma camaata möhtac olmağı da
xoşlamazdı. Bunun üçün günün bir hissəsini işləməkdən ötrü ayırmışdı.
Bir az işləyər, əlinin zəhməti ilə qazandığı pula yemək alardı.
Ehtiyacından artıq qalanı isə fəqirlərə verərdi.
Bir
gün yenə səhrada ibadətlə məşğul ikən gözü bir tülküyə sataşdı.
Tülkünün ayaqları kəsilmişdi, sürünə-sürünə yeriyirdi. Dərviş öz-özünə
fikirləşdi: "Görəsən, bu tülkü nə
ilə dolanır? Bütün vəhşi heyvanlar ov etməyin hesabına yaşayırlar. Ov
etmək üçün heyvana iti qaçan ayaqlar lazımdır. Bu biçarənin ayaqları
yoxdur. Görəsən, Allah bunun ruzisini hansı yolla yetirir?”
Dərviş
bu fikirdə ikən gördü ki, uzaqdan bir aslan ovladığı ceyranı dişində
sürüyərək gətirir. Aslan ceyranın leşini yerə qoyub parçaladı və yeməyə
başladı. Doyandan sonra leşin qalıqlarını orada qoyub uzaqlaşdı.
Bayaqdan bəri onu güdən tülkü sürünə-sürünə gəldi, ceyranın ətindən
yeyib qarnını doyurdu.
Dərviş bu işə məəttəl qalmışdı. Aslanın əli ilə tülkünü bəsləyən Allaha həmd etdi. Sonra ağlına belə bir fikir gəldi: "Əgər
bu tülkü ruzi qazanmaq üçün heç nə etmədiyi halda Allah-təala onun
ruzisini yetirirsə, nədən mənim ruzimi yetirməsin? Mən ibadətə ayırdığım
vaxtdan kəsib işləməyə həsr edirəm. Halbuki, həmin saatlarda da Rəbbimə
ibadət edib savab qazana bilərəm. Bundan sonra daha işləməyəcəyəm.
Şikəst tülkünün yemini aslanın əli ilə yetirən Allah mənim də ruzimi bir
yolla yetirər”.
Həmin
gündən dərviş işləməyin daşını atdı. Gecə-gündüz özünü ibadətə verdi.
Amma nə qədər gözləsə də, ruzisi gəlmədi. Nə qapısını açan oldu, nə də
bir qarın yemək verən. Dərviş gün-gündən zəiflədi, bir dəri-bir sümük
qaldı.
Günlərin birində dərviş qeybdən bir səs eşitdi: "Sənə
sağlam bədən, güclü əl, iti ayaq verdim. Amma sən özünü şikəst bir
tülküyə bənzətdin. Niyə özünü aslana yox, tülküyə tay tutursan? Niyə
başqalarının qabağından qalan artıqlara göz dikirsən? Özünü şikəst tülkü
kimi miskin vəziyyətə salmaq sənə yaraşarmı? Qalx, aslan kimi çalış,
özünə ruzi qazan. Başqasının artığına göz dikmə, qoy əlsiz-ayaqsızlar
səndən yardım umsunlar. Öz ruzini özün əldə et, həm özün ye, həm də
ehtiyaclılara yedizdir”.
Dərviş
etdiyi hərəkətdən utandı, tövbə edib yenidən əvvəlki həyatına döndü.
Əlinin zəhməti ilə ruzi qazandı, başqalarına yük olmaq fikrindən
birdəfəlik əl çəkdi.