Bir
gün qərar verdi; nə olursa olsun, bu adanı tərk edib arzularının
ardınca gedəcək. Ona əziyyət verən hər şeyi, hər kəsi geridə buraxacaq.
Sonsuz okeana açılacaq, yeni dünya kəşf edəcək.
Adı Nəfəs idi. Sevmirdi adını. Sanki ömrü boyu arzu etdiyi havanı uda bilməyəcəyini hiss ediblərmiş kimi ona bu adı vermişdilər.
Çox
uzun zaman sahildə oturub gözünü okeanın sonsuzluğuna dikib gəmi
gözlədi. Gəlib keçənlər təhlükəli gəmilər idi, quldur gəmiləri idi… Amma
bir gün nəhayət ki, güvənli bir gəmi göründü. Əllərini yuxarı qaldırıb
tullanıb-düşməyə, - "Bura, bura!”, - deyərək qışqırmağa başladı. Gəmi
lövbər saldı. Nəfəs ona tərəf qaçdı. Təkcə bir nəfər vardı gəmidə -
sükanı idarə edən. O, sahilə endi.
- Salam. Adın nədir sənin? - dedi.
- Nəfəs. Sən kimsən?
- Adım Həyatdır. Mən azadlığımı qazanıb həyatımı xilas etməyə gedən, axmaq olmağa qərar verən biriyəm.
- Məni də apara bilərsən?
- Bəs sən necə, gedə biləcəksən?
- Bu dəfə mütləq gedəcəm, - dedi.
Nəfəs
qərarlı idi. Bir az vaxt istəyib adaya tərəf qaçdı. Evinə gəldi.
Vidalaşmaq istəyirdi. Hər tərəf ona həyatı boyu çəkdiyi sonsuz əziyyəti
xatırladırdı. Divardakı şəklinə baxdı; gözlərini məchul nöqtəyə zilləyib
bədbəxt ifadə ilə baxırdı…
Dərindən nəfəs aldı. Xurcununu götürdü, içini doldurdu. Həyətə düşdü. Çıxmaq istəyəndə ağaclar dilə gəldi:
- Bizi kim suvaracaq bəs?
- Yağış suları sizi sulayar.
- Axı bizə həmişə dupduru quyu suyu verdin, yağış suyu içməyə qoymadın.
Boğazı qurudu. Bir addım da atmışdı ki, sevimli pişiyi dilləndi:
- Məni kimi yedirəcək bəs?
- Bütün başqa heyvanlar kimi sən də yaşamaq uğrunda mübarizə aparacaqsan.
- Axı sən heç vaxt buna imkan vermədin. Özün ən ləzzətli yeməklərlə bəslədin məni. Bundan sonra nə edərəm mən?
Nəfəs
gözlərini bərk-bərk yumdu. Boğazında qəhər düyünləndi. Sürətlə
irəliləyib darvazadan çıxdı. Tozlu yolla qaçaraq sahilə tərəf getməyə
başladı. Birdən arxadan səs eşitdi:
-
Oğlum, məni hər gün sevimli dənizimə baxmağa kim aparacaq? Bilirsən,
axı sən əlimdən tutmayanda yeriyə bilmirəm, arıqlayıb taqətdən düşmüşəm.
Sahilə çatanda ayaqlarını güclə sürüyürdü. Həyat onu gözləyirdi. Nəfəs güclə:
- Mən gedə bilməyəcəm dedi.
Həyat
təəccüblənmədi, onun dodaqlarına Nəfəsin anlamadığı bir təbəssüm
qonmuşdu. Həyat gəmiyə döndü. Gəmi tərpəndi. Nəfəs ümidsizcəsinə
qışqırdı:
- Yenə gələcəksən?
- Sən indiyə kimi məni buralarda görmüşdün? Neçə il gözlədin məni?
Nəfəs tükənən səsi ilə:
- 35 il, - dedi. Bəs mən də sənin kimi azadlğımı qazanıb, həyatımı xilas etmək istəsəm, nə edəcəm?
-
Mənim buralardan çətin ki, yolum düşsün. Amma sən bir gün həqiqətən
həyatını dəyişmək istəsən, bir gün mütləq okeana açılacaqsan, inan mənə.
Həyat uzaqlaşdıqca Nəfəsin içində cəsarətin ilk toxumları cücərirdi... O, qurban deyildi...