Arvadının çılpaq fotolarını başqa kişilərdə görən kişi...

Müəllif: Mr. OffiCeR
Şərhlər: 3
Baxılıb: 12 288
Səs ver:
(səs: 8)
Sədaqət Füzuli rayonundan ailəsi ilə birgə qaçqın düşüb Bakıda yataqxanaların birində məskunlaşıblar. Anası vərəm xəstəsi olduğu üçün yataqxanadakı şəraitsizliyə davam gətirə bilməyib dünyasını dəyişir. Bir müddətdən sonra atası ailəni dolandıra bilmədiyi üçün Rusiyanın Tümen vilayətinə gedir. Sədaqət qoca nənəsinin və özündən böyük iki qardaşının ümidinə böyüyür. Doqquzuncu sinifdən sonra təhsilindən geri qalır. Sədaqətin bacıları ailə həyatı qurur. Yaşlı nənəsi ilə tək qalan Sədaqətin həyatı dəyişir. Yaxın məhəllələrdən olan Səid adlı oğlanla tanış olur. Onuncu sinifdə oxuyanda Səid onu inandırır ki evlənəcəklər. Sədaqət ona aldanıb cinsi əlaqəyə girir. 3 ay sonra hamilə olduğunu anlayır. Nənəsi onun hamilə olmasından şübhələnən kimi döyüb evdən qovur. Sədaqətin həmin gündən həyatı alt-üst olur. 

O, küçələrə düşür... 

Kimsəsiz qızcığaz Səidgilə gedib hamilə olduğunu deyir. Səidin anası onu qapıdan qovur. Onlar həmin gündən görüşmürlər. 
Sədaqət küçələrə düşür. Gecələmək üçün gəldiyi kafedə uzaq qohumlarının oğlu ilə rastlaşır. Rəşad onu evlərinə aparır. Sədaqət yetkinlik yaşına çatmadığı üçün orqanizmi baş verənlərə tab gətirmir və uşağını itirir. Rəşadın anası bir aydan sonra Sədaqətin onlardan çıxıb getməsini tələb etsə də, Rəşad Sədaqətlə evlənməyə qərar verir. Rəşadın anası nə qədər çalışsa da, alınmır. O, fikrindən daşınmır. Nəhayət, ana da razılığa gəlir. Sədaqətlə Rəşad evlənirlər. Sədaqət bir anın içində düşdüyü çirkabdan, yoxsul həyatından qurtulur. Türkiyədə işləyən Rəşad bir ayın yarısını Bakıda, digər 15 günü isə İstanbulda keçirir. 

Bir ilə yaxın zaman keçir. Sədaqət Rəşadın tez-tez xaricə getməsindən narazılığını bildirməyə başlayır. Münasibətlər soyuyur. Rəşadın İstanbulda olduğu ərəfədə Sədaqət şəhərdə Səidlə qarşılaşır. Onun köhnə hissləri oyanır. Səid onu kafeyə dəvət etsə də imtina edir. Telefon nömrəsini ona verib ayrılır. İki gün sonra Səid Sədaqətə zəng edir. Sədaqət əvvəl etiraz etsə də görüşə gəlir. Bir həftənin içində hər şey dəyişir. Səidlə münasibətləri əvvəlki vəziyyətinə qayıdır. Mütəmadi olaraq görüşməyə başlayırlar. Sədaqətlə ərinin münasibəti getdikcə kəskinləşir. Rəşadın İstanbulda olduğu yay aylarını Sədaqət Səidlə keçirir. 
Oktyabr ayında Rəşad Bakıya dönür. Sədaqət ərinə boşanmaq qərarını deyir. Rəşadla aralarında böyük dava olur. Rəşad evdən çıxan kimi Sədaqət Səidə zəng edib deyir ki, onlar bir də görüşməyəcək. O, boşanmaq fikrindən daşınıb. 

Həmin gecə hirsli ər dostları ilə içki məclisinə gedir. Həmin məclisdə təsadüfən Səid də olur. Sədaqətdən hirsli olan Səid Rəşadın kimliyini bilmədən görüşdüyü qızlardan danışır. O qızların şəkillərini dostlarına göstərir. İçkili kişilər Səidin telefonundakı qız şəkillərinə baxırlar. Rəşadın gözü birdən telefondakı şəkillərə sataşır. O, şəkillərin içində arvadı Sədaqətin çılpaq, bilyard masasının üstündəki fotosunu görür. Rəşadı dəhşət bürüyür. Səiddən bu qızı haradan tanıdığını soruşur. O isə köhnə sevgilisi olduğunu, indi də görüşdüklərini deyir. Rəşad sakitcə məclisdən ayrılıb evə gəlir. Evə girən kimi Sədaqətin boğazından yapışıb haqq-hesab tələb edir. Sədaqət etdiklərini etiraf edir. Səidə zəng edib bir daha görüşməyəcəklərini də deyib. 
Rəşad ikinci dəfə onu bağışlayır. 

Həmin gündən onların həyatı dəyişir. Sədaqət Səidin etdiyi alçaqlıqdan sonra ona nifrət edir. Sədaqət Rəşada bağlanır. Onu sevməyə başlayır. 
Rəşad isə heç nəyi unutmur. Onu daxilində yaşatdığı qısqanclıq sakit buraxmır. O, narkotikaya qurşanır. Bu gediş aylarla davam edir. Sədaqət hamilə qalır. Hamiləliyinin üçüncü ayında Rəşad evə ərzaq almaq adı ilə evdən çıxır. Onu qonşular səhəri gün binanın bloklarının birindən ölmüş tapırlar. Həkim-ekspert onun yüksək dozalı narkotikadan dünyasını dəyişdiyini deyir. Sədaqət yenicə sevməyə başladığı ərini itirir. Rəşad öləndən sonra dəfələrlə intihara cəhd edir. Lakin sağ qalır. Həkimlər onu qurtarır. Rəşadın anasının köməkliyi ilə qızını dünyaya gətirir. Qızı iki yaşına çatanadək Rəşadın anasının maddi dəstəyi ilə yaşayır. Sonra özü iş axtarmağa başlayır. Rəşaddan ona ev, bağ, maşın və bir qədər pul qalsa da, qızını böyütmək üçün işləmək qərarına gəlir.

Sədaqət deyir ki, Rəşad öləndən sonra çox peşman olur. Qızı Nərgizin atasız böyüməyi ona pis təsir edir. Özünü bağışlaya bilmir. Səhvlərini bir daha təkrarlamamağa söz verir. İran mallarının satışı firmasında işə düzəlir. Dörd ay sonra yaxşı gəlir əldə etməyə başlayır. İşlədiyi firmanın iranlı  sahibəsi ilə münasibətləri sıxlaşır. Bir müddət sonra Sədaqət özü də satış üçün vəsait qoymağa başlayır. Qadın onu İrana-öz evinə qonaq dəvət edir. Sədaqət qızını da götürüb İrana gedir. 

Sədaqət İranda yaşadığı günlərini xatırlayınca gözləri dolur. Deyir ki, iranlı Seyran adlı qadın onu evinə dəvət edəndə heç vaxt ağlına gətirməzdi ki, yaşadığı əziyyətlərin üstünə İranda yeniləri əlavə olunacaq. Sədaqət bir həftəlik qonaq getdiyi Rəştdən qayıtmaq istəyəndə Seyran ona icazə vermir. Deyir ki, xəbərlərdə baxıb ki, Azərbaycanda vəziyyət təhlükəlidir. İxtişaşlar yaranıb. Bir həftə də qalıb sonra geri qayıdar. Sədaqət ona inanır. Onun xəbəri olmur ki, İranda olduğu vaxt işlərini idarə etmək üçün etibarnamə verdiyi Seyranın azərbaycanlı ortağı Nail onun hər şeyini əlindən çıxarmaqla məşğuldur. Sədaqət bir həftə keçdikdən sonra Azərbaycana getmək istədiyini deyəndə Seyran ona deyir ki, o bir də Azərbaycana gedə bilməz. Çünki onun passportunu cırıb. Sədaqət Seyranın hərəkətlərini anlaya bilmir. Aralarında mübahisə yaranır. Seyran Sədaqəti bərk döyür. 

Dava Sədaqətin körpə qızı Nərgizin gözü qarşısında olur. Uşaq keçirdiyi həyəcandan bir daha danışa bilmir. Seyran Sədaqətin Rəşaddan qalan hər şeyini əlinə keçirdikdən sonra onu zorla yaşlı kişiyə ərə verir. Sədaqət tanımadığı, dilini bilmədiyi yerdə nə edəcəyini bilmir. Uşağını da götürüb zorla Taha adlı kişinin evinə köçür. Sədaqətə bu evdə yaxşı baxılsa da, İranın ağır şərtlərinə dözə bilmir. Hər gün yaşlı ərinə yalvarıb onu Azərbaycana göndərməsini istəyir. Nəhayət, iki ildən sonra Sədaqətin sənədlərini düzəltmək mümkün olur. 

Sədaqət Bakıya qayıdanda isə evində başqalarının yaşadığını görür. Evin yeni sakinləri Nailin həmin evi onlara satdığını deyir. Nail Sədaqət Azərbaycana qayıdana qədər Rəşaddan qalan evi, maşını və bağı satır. Sədaqətlə qızının qalmağa yeri olmur. Hər şey əvvəlki vəziyyətinə qayıdır. Sədaqət illər sonra yataqxanalarda atasını, bacılarını axtarmağa başlayır. Nəhayət, atasını Ağcabədi rayonunda sınıq-salxaq daxmada tapır. Atası şüurunu itirdiyinə görə onu tanıya bilmir. Sədaqət yaşlı və xəstə atasının yanında yaşamağa başlayır.

Sədaqətin qızı Nərgiz yaşadığı stresslərdən sonra hələ də danışa bilmir. Sədaqət isə atasının yanından bir dəqiqə də ayrılmır. Ağcabədidə həyətyanı sahədə əkib-becərdiklərinin pulu ilə yaşayır. Bakıya yalnız qızını müalicə üçün gətirir. Sədaqət Bakıdan qorxur...
Əziz oxucu, Sədaqətin səhvlərlə dolu qarmaqarışıq həyatı mənə bunları dedi: Səhvsiz insan yoxdur, ancaq səhvi səhvə calamaq və başqalarına zərər vermək bəlkə də günahların ən böyüyüdür.

Günay Muradlı
(səs: 8)
Şərhlər: 3
Baxılıb: 12 288
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri