"Qadınların azad olması bizim kişilərə sərf eləmir”
90-cı illərdə ölkə Latın Amerikası seriallarının ritmiylə yaşayırdı. El içində əsas müzakirələr Migel Anhelin Mariya Lauranın özü ilə, yoxsa bacısı və ya anası ilə evlənəcəyi istiqamətində gedirdi.
Yaşlılar
seriallardakı "abırsızlıqlar"dan gen-bol gileylənsə də, serialın
başlamasına 15 dəqiqə qalmış ekran qabağında yerlərini gənclərdən tez
rahatlayırdılar. Sadəcə Mariyanın şəkilləri maşınların şüşələrini
bəzəyirdi, ərlər arvadlarına üzərinə Marianna yazılmış corabları hədiyyə
edirdi, evləri venesuelalıların, argentinalıların və braziliyalıların
şəkilləri olan təqvimlər bürüyürdü. O vaxtlarda teatrlar, kinoteatrlar,
kitabxanalar tamamilə boş qalmışdı. SSRİ-nin virtual sərhədləri
yarılandan sonra insanlar yad mədəniyyətlərə acgözlüklə tamaşa
edirdilər. Bu hal yerli televiziyaların efirini Türkiyə serialları və
evləri çanaq antennalar tam işğal edənə qədər davam elədi. Həmin dövrdə
heç ədəbiyyat da yaranmadı, SSRİ-nin sərhədləri daxilində belə özünə
pasport qazana bilməmiş milli kino da alt-üst oldu. 2000-ci illərdə
mətbuat tədricən sovetdənqalma hər şeyin itirildiyinin fərqinə varmağa
başladı. Mövcud siyasi sistemin 90-cı illərdə Milli Azadlıq Hərəkətanın
öncüllərinin təlqin etdiyi demokratik prinsiplər üzrə formalaşmadığı
gerçəyi də dərk olundu. Möhkəmlənmiş siyasi sistemi dəyişmək üçün tətbiq
olunan meydan mübarizəsi effekt verməyincə, dünyada "beyin işçiləri"
adlandırılan yazarlar hərəkətə keçdilər.
Bu gün həmin dönəmin
məhz "Alma" qəzeti ilə başladığı barədə fikirlərə tez-tez rast gəlinir.
Amma "Alma" tələbdən doğan bir gənclik qəzeti idi. Ona qədər inqilabın
şüurlarda edilməsi inancına sahib olan liberal düşüncəli fikir adamları
vardı ortada. Qəzet məqalələrindən başlanan azad fikirlər tədricən roman
və şer formasında kitablara yansıdı. Gəncliyin içində inqilabi
dəyişikliyə səsləyən, amma o qədər də populyarlaşmayan rok-qruplar
yarandı. Ardından da sosial şəbəkə... Bu gün artıq o proses
qarşısıalınmaz hala gəlməyə başlayıb. İnzibati ölçülər, qadağanlara
köklənmiş qanunlar, həbslər prosesin qarşısını almaq qüdrətində deyil.
Əslində Latın Amerikası seriallarından başlanan siyasi proseslərə
laqeydlik meyxana, ulduz yarışmaları, toy kral və kraliçalarının
seçilməsi, ekstrasenslər və etirafçıların gecə seansları, Polad Ələmdar
ritorikası ilə hardasa genişlənmişdi də. Nə qədər təzadlı görünsə də,
azad olmayan televiziya məkanındakı bayağılaşma prosesinə ilk etiraz da
elə televiziyanı nəzarətdə saxlayan elitadan gəldi. Prezident
Administrasiyasının rəhbərliyi, deputatlar tv-lərdəki rüsvayçılığa
etiraz etdilər. Musa Musayevlə Təranə Qumralın yataq əhvalatlarına "Ərəb
baharı" prosesindən 100 dəfə artıq maraq göstərən əhali, elə o qəbildən
olan məsələlərin ekrana çıxarılmasına etiraz etməyə cəhd göstərdi. Bir
tərəfdən hamı həsrətlə "Toy olsun", "Səni axtarıram", "Ay Zaur",
"Ulduzlu axşam" tipli verlişləri həsrətlə gözləsə də, o biri yandan
hesab edir ki, Röyanın alt paltarının, Rəqsanənin sevgilisi ilə intim
həyatının, Aygün Kazımovanın erotik görüntülərinin, Aşıq Tellinin ərə
getmək qayğılarının, seksual azlıqların, qız kimi əzilib-büzülən
oğlanların televiziyalarda reklamı milli-mənəvi dəyərlərimizə zərbədir.
Və ən qəribəsi də odur ki, milli televiziyaların, populyar internet
portalların bu qəbildən olan yayımlarını adamlara Avropa dəyərlərinin
ölkəyə gətirdiyi zərərlər kimi təlqin edirlər. Məsələnin bu cür qoyuluşu
bir tərəfdən Avropanın sivil və demokratik dəyərlərinin ölkəyə
gəlməsindən narahat olan hakimiyyətə sərf edirsə, digər tərəfdən də,
ölkəni dinin və şəriət idarəçiliyinin təsiri altına sürükləmək istəyən
qüvvələrin işinə yarayır.
İndi iş elə gətirib ki, "gender
bərabərliyi", "qadın azadlıqları" kimi sözlər "Dubay fahişəxanaları"
sözünün sinonimi kimi səslənir. Azərbaycan sekulyarizmlə din,
sovetdənqalma vərdişlərlə Avropa inteqrasiyası, mühafizəkar ailə modeli
ilə modern ailə, məxfi intim münasibətlərlə azad seks, qadın azadlıqları
ilə hicab, milliliklə kosmopolitizmin arasında vurnuxma mərhələsinə
gəlib çatıb. Azad yazarlardan ibarət azsaylı kəsim, müasir gəncliyin və
ziyalıların kiçik bir hissəsi sekulyarizmi, Avrointeqrasiyanı,
modernləşməni, azad münasibətləri, kosmopolitizmi tərcih etsə də,
mühafizəkar əksəriyyət buna inadla qarşı çıxmaqdadır. Əksəriyyətdə
ölkədəki problemlərin kökündə demokratikləşmənin, hüquq və azadlıqlar
tələbinin, yad mədəniyyətlərin mənimsənilməsinin dayandığı düşüncəsi
var. Son vaxtlar xüsusilə sosial şəbəkələrdə mühafizəkar kəsimdən
eşidirik ki, gül kimi milli-mənəvi dəyərlərimiz vardı, amma Avropanın
təbliği bu dəyərləri məhv edir. Yaxud deyirlər ki, postmodernist
yazarlar azad seksi, düşüncələrin açıq ifadəsini təbliğ etməklə, dinə
qarşı çıxmaqla camaatımızı pozur.
Bəs gerçəkdə nə baş verir?
Tanınmış fikir adamlarından biri, kulturoloq Elmir Mirzəyev bu
məsələləri Fikir Fabrikinə şərh edərkən deyib: "Azərbaycanlılar
istənilən halda Avropa xalqıdır. Azərbaycan anlayışını yaradan adam
bizim ilk yazarımız Mirzə Fətəli Axundov olub. İstəsək də, istəməsək də
xalqı ədəbiyyat yaradır. Axundov 19-cu əsrdə yaşayıb yaradanda
Avropadakı ümumi təmayülə uyğun olaraq ateist idi. O vaxt ateizm
Avropada bir növ intellektualların inanc yeri kimi idi. Ateist olmayana
sanki qeyri-adi baxırdılar, o, dinsiz kimi bir şey idi. O vaxtlar hətta
Tolstoy və Dostoyevski ekzotik görünürdülər. Çünki hər ikisi çıxış
yolunu dində axtarırdı. Bizimkilərin Avropa bizi pozur söhbətinə
gəldikdə isə, Avropa Rəhman Bədəlovun sözü ilə desək, kontinent deyil,
dəyərlər sistemidir. İstənilən halda bizim cəmiyyət inkişaf edib bu
dəyərlərə gəlib çatacaq. Yüz il əvvəl bizim heç ağlımıza gəlməzdi ki, bu
günkü cəmiyyətə gəlib çata bilərik. Yüz il əvvəl başqa şeylərin davası
gedirdi. Tutaq ki, teatrın səhnəsinə qadın çıxa bilərmi, çıxa bilməzmi,
qadın çadrasız gəzməlidir, ya yox, uşaqları oxutmuram, əl çəkin və s.
İndi isə biz Avropalıyıq. Gəlin baxaq, Avropaya qarşı çıxanlar kimlərdi?
Avropanın yaratdığı maşından, texnikadan, incəsənətdən, bir sözlə
Avropanın yaratdığı hər şeydən yararlanan adamlar. Onlar nəinki sadəcə
istehlakçı olmaları ilə razılaşırlar, hətta deyirlər ki, biz
alternativik. Sən necə alternativ ola bilərsən ki, son beş yüz ildə
Yaxın Şərq bəşəriyyətə heç bir sahədə heç bir yenilik verməyib. İstər
incəsənətdə, istər təbabətdə, istər elmdə, istər ədəbiyyatda, istər
məişətdə. Biz hazırkı dövrdə yalnız Avropanın yaratdığı dəyərlərin
istehlakçısıyıq. Avropalıların yaratdığı maşınlardan, cihazlardan,
filmlərdən, parfümlərdən, paltarlardan istifadə edək, amma deyək ki,
dövlət, cəmiyyət modelini biz özümüz yaradırıq. Bu mümkün deyil axı!".
E.Mirzəyev
qadın hüquq və azadlıqları barədə tələblərin əxlaqsızlığa təşəbbüs və
dəyərlərin aşınması kimi improvizə edilməsinə də qarşıdır: "Götürək
avropalı qadınla bizim qadının fərqini. Bizim qadın tamamilə asılı
vəziyyətdədir. Sırf zənginlik mənasında götürsək, sosial iyerarxik
pillənin yuxarısında olan qadın sadəcə öz ailəsinə tabe olur, məcbur
olur ki, öz ailəsinin dedikləri ilə hərəkət etsin. Amma aşağı
təbəqələrdə olan qadınlar arasında fahişəliyin səviyyəsi yüksəkdir.
Çünki bizdə qadın heç bir mənada azad deyil. Avropalı qadın heç zaman
hansısa basqının altında seksual kontakta getməyəcək. Çünki o azaddır.
Onun öz işi, təhsili, bank hesabı, maliyyəsi, azadlığı var. Qadınların
azad olması bizim kişilərə sərf eləmir. Bizim cəmiyyətdə reqressiya
faktoru kimi mən qadınları deyil, kişiləri görürəm. Cəmiyyətimizdə əsas
konservativ təbəqə kişilərdir. Əgər Avropadakı model tətbiq olunacaqsa,
hər bir qadının azad təhsil hüququ olacaq. əgər o adam yaxşı təhsil
alırsa, həyatı sığortalanıbsa, hərtərəfli təminatı varsa, öz işi ilə
məşğuldursa, onun kişilərdən asılılığı sırf estetik, bioloji səbəblərdən
ola bilər. Başqa bir səbəb yoxdur. Bizim qadınlar isə çox ağır
şərtlərlə kişilərdən asılıdırlar. Həm iyerarxik, həm sosial, həm maddi.
İstənilən halda cəmiyyətdə kişilərin ağır dominantlığı, basqısı var.
Gərək qadınlar öz haqları uğrunda üsyan etsinlər."
Kulturoloq kosmopolitizm əleyhdarlarına da ritorik suallar ünvanlayıb və hesab edir ki, bizim milliliyimiz özünü heç nədə ehtiva etmir: "Kosmopolit nəyə deyirlər? Mən gəlmişəm "28 Mol"a, kofe içəcəm, Braziliya kofesidir, sonra gedib filmə baxacam, Amerika və ya Yapon istehsalıdır, əlimdəki telefon Koreya istehsalıdır, qulaqcıq bir başqa ölkənindir, əynimdəki paltar Türkiyə istehsalıdır. Biz necə kosmopolit olmaya bilərik? İndiki dünyada 2-3-4 dil bilməyən adam, özünü rahat hiss edə bilmir. Milli deyəndə, əlbəttə ki, xarakterdə nəsə var. Məsələn, fransızlarda özünəməxsus yüngül xarakter var, almanlar bir qədər ciddi xalqdılar və s. Bu özəlliklərdir və bu özəllikləri qabardıb onunla fəxr eləmək, yalnız onunla yaşamaq olmaz! Düzdür, dünyada kinoda var ki, milli xüsusiyyətləri bəzən yumoristik dillə qabardırlar. Ona qalsa bizim milliliyimiz alınmayıb. Sovet vaxtı kinemotoqrafda milliliyi gürcülər göstərə bildilər. Amma bizim kinemotoqrafda alınmadı. Milliliyin əsas göstəricisi incəsənətdir. Biz də onu ortaya qoya bilmədik. Belə olan təqdirdə, biz onunla necə fəxr eləyə bilərik? Əksinə bu bizim zəif yerimiz olduğu üçün, üstünü vurmamağa çalışmalıyıq. Ermənilərin kinosu o qədər də güclü deyildi. Sergey Paracanov Tiflis ermənisi idi, onu əvvəl ermənilər qəbul etmirdilər. Sonra görəndə ki, brenddir, İrəvanda onun adına yalandan muzey düzəltdilər. Baxmayaraq ki, o heç vaxt İrəvanda yaşamayıb. Paracanov regional millilik estetikası yaratmışdı. Lakin bizdə heç bu da olmayıb." Son zamanlarda Azərbaycanda dinin təsirinini güclənməsini isə E.Mirzəyev belə şərh edib: "İnsanları divara dirəyəndə, onların heç bir ümid yeri qalmayanda, cəmiyyətdən əli üzüləndə, əlbəttə gedib mütləq həqiqətə istinad etmək istəyəcək."///ffi.az/