Bakı Metropolitenində erotik təbliğat - ARAŞDIRMA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 4
Baxılıb: 5 747
Səs ver:
(səs: 3)

Bu günlərdə dünyanın aparıcı KİV-lərində bir xəbərə geniş yer verildi. Söhbət Kolumbiyanın Gigante şəhərində bir kişinin dozadan artıq cinsi gücü artıran həblər qəbul etməsi və nəticədə cinsi orqanını itirməsindən gedir. Nəticədə kişinin cinsi orqanında irinləmə, qanqrena (çürümə) başlayıb və həkimlərin cinsi orqanı amputasiya etməkdən başqa əlacları qalmayıb. Həmin vaxt aparıcı KİV-lərdə çıxış edən həkimlər də xəbərdarlıq etdilər ki, həkim tövsiyəsi olmadan belə həblərdən istifadə yolverilməzdir.

 

 

Səhiyyə Nazirliyi susur, Bakı Metropoliteni qidamıza "əlavə” edir

 

 

Azərbaycanda isə vəziyyət tamam fərqlidir. Bu həbləri istehsal edən şirkətlərin KİV-lərdə reklamı bir yana, dövlət qurumu olan, hər gün kişi, qadın, yaşlı, cavan, uşaq, bir sözlə, mütləq əksəriyyətin qatarlarının sərnişini olduğu Bakı Metropoliteni İdarəsinin stansiyalarında "Tongkat Ali Max”,  "Bisatibo” və digər belə vasitələr böyük reklam lövhələrində təbliğ olunmaqdadır. Reklamlarda həblərin cinsi zəifliyi yaradan səbəbləri aradan qaldırdığı, qəbulunun təhlükəsiz olduğu, yəni həkim məsləhətinə ehtiyac duyulmadığı qeyd edilib. "Reklam haqqında”, "Əczaçılıq fəaliyyəti haqqında” və "Dərman vasitələri haqqında” qanunlara əsasən, reseptsiz buraxılan dərman preparatlarının reklamı Səhiyyə Nazirliyinin icazəsi ilə həyata keçirilməlidir.  Məsələni araşdıran Lent.az öncə bu sahədə qanunvericiliyin tələblərinə nə dərəcədə riayət olunduğu ilə maraqlanıb.

 

Qanunvericiliyin tələblərini və insan sağlamlığının qorunmasının ən vacib məsələ olduğunu nəzərə alaraq, Lent.az məsələni araşdırıb, bununla bağlı Səhiyyə Nazirliyi və  Bakı Metropoliteni İdarəsinə rəsmi sorğular göndərilib. Sentyabrın 4-də Səhiyyə Nazirliyinə ünvanlanan rəsmi sorğuda nazirlikdən aşağıdakı sualların cavablandırılması xahiş edilib:

 

 

 - Mövcud qanunvericiliyə uyğun olaraq Bakı Metropoliteni İdarəsi  "Tongkat Ali Max” və "Bisatibo” dərman vasitələrinin Bakı Metropoliteninin stansiyalarında reklamı ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edib?

 

- Səhiyyə Nazirliyi "Tongkat Ali Max”  və "Bisatibo” dərman vasitələrinin Bakı Metropoliteninin stansiyalarında reklamına nə vaxt müvafiq icazə verib?

 

Ancaq təəssüf ki, ötən bir ay ərzində sorğuya cavab almaq mümkün olmayıb. Hətta media nümayəndələrinin telefonlarına çox nadir hallarda cavab verən Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Anar Qədirli ilə bu arada bir dəfə əlaqə saxlamaq xoşbəxtliyinə nail olsaq da, sorğumuzun cavablandırılmasını xahiş etsək də, bir nəticə hasil olmadı.

 

Lent.az Bakı Metropoliteni İdarəsinə "Mövcud qanunvericiliyə uyğun olaraq Bakı Metropoliteni İdarəsi "Tongkat Ali Max” və "Bisatibo” dərman vasitələrinin reklamı ilə bağlı Səhiyyə Nazirliyinə müraciət edərək müvafiq icazə alıbmı” sualını da ünvanlayıb.  

Bakı Metropoliteni İdarəsindən baş müdir Hacıyev Y.A. adından Lent.az-a ünvanlanan rəsmi cavabda qeyd edilir ki, məktubda adı çəkilən "Tongkat Ali Max” və "Bisatibo” məhsulları dərman vasitəsi deyil. Səhiyyə Nazirliyi Respublika Sanitariya-Karantin Müfəttişliyinin verdiyi sanitar-epidemioloji rəydə bu məhsullar "Qidaya bioloji əlavə” olaraq göstərilib: "Bu məhsullar dərman vasitəsi olmadığı üçün "Dərman vasitələri haqqında” qanunun tələbləri məktubda yazdığınız məhsullara şamil edilmir”.

 

 

Ancaq "Tongkat Ali Max” və "Bisatibo” dərman vasitəsi deyil, qidaya bioloji əlavədirsə, reklamlarda bu həblər cinsi zəifliyi yaradan səbəbləri aradan qaldıran vasitə kimi niyə təqdim olunur? Axı qidaya bioloji əlavələr müəyyən xəstəliklər zamanı təzahürləri aradan qaldıra bilər, xəstəliyin səbəblərini yox! 

 

 

Vəziyyətimiz yaxşı deyil...

 

 

Professor Adil Qeybulla isə Lent.az-a açıqlamasında deyib ki, hər bir dərman vasitəsi təyinatından asılı olaraq həkim tərəfindən xəstələrə təyin olunur. Bu sahədəki əsas problemlərdən biri də Azərbaycanda dərman vasitələrinin dövlət reyestrinin olmamasıdır. Əslində həkim də xəstəyə dövlət reyestrinə salınmamış dərman vasitəsi təyin etməməlidir. Lakin Azərbaycanda dərman vasitələrinin dövlət reyestri yoxdur və sadəcə, Səhiyyə Nazirliyində Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzi yaradılıb, bu qurum dərman vasitələrini yoxlayır, istifadəsinə icazə verir: "Ancaq dərman vasitələrinin tam tədqiqi aparılmalıdır. Nəzərə alınmalıdır ki, dərman təhlükəsizliyi milli təhlükəsizliyimizin tərkib hissəsidir. Almaniya,  İngiltərə, İsveç kimi ölkələrdə dərmanların tərkibini tam dəqiqliklə müəyyən edən laboratoriyalar var, Azərbaycandakı laboratoriyalar o səviyyədə deyil. Buna görə də Azərbaycanda sınanmış dərman vasitələrindən istifadə zəruridir.  Bunun üçün Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) reyestrinə daxil edilən dərmanlardan istifadə etmək lazımdır. ÜST-nin reyestrinə daxil olmayan dərman vasitələrinin kütləvi tətbiqinə icazə verilməməlidir”.

 

 

Professor deyir ki, ekstraktlar, bitki və heyvani mənşəli dərmanlar,  "Tongkat Ali Max”, "Bisatibo” kimi həblər də bura daxildir, ÜST-nin reyestrində yer almayıb: "Bu dərman vasitələrinin Azərbaycanda tətbiqinə tələsməməliyik. Biz ilk növbədə ÜST-nin reyestrində yer alan dərman vasitələrindən istifadə etməliyik. Təəssüf ki, ölkəyə dərman vasitələri gətirən şirkətlər qanunlardakı boşluqlardan istifadə edir, müəyyən nüfuzların qarşısında belə vəziyyət yaranır. İctimai rəy, mətbuat belələrinin əl-qolunu bağlaya bilər”.  

 

 

Adil Qeybulla onu da qeyd etdi ki, reklamlarda vurğulandığı kimi "Tongkat Ali Max”, "Bisatibo” kimi vasitələr xəstəliyin səbəblərini aradan qaldıra bilməz. Onun sözlərinə görə, bunlar sintematik müalicəyə, yəni xəstəliyin təzahürlərinin aradan qaldırılmasına hesablanıb, xəstəliyin səbəblərini müalicə etmir. Başqa sözlə, cinsi zəifliyi müvəqqəti gücləndirir, cinsi zəifliyi yaradan səbəbləri aradan qaldırmır: "Bu reklamların yaradacağı bir ciddi fəsadı da nəzərə almaq lazımdır. Sintematik müalicəyə hesablanmış bu dərmanlar müəyyən yaşlı adamlara lazım ola bilər, bu, başqa məsələdir. Lakin belə dərmanlar cavan və orta yaşlı adamlar üçün ziyanlı ola bilər”.

 

"Adamı həbs edərlər”

 

Məsələnin mənəvi aspekti də diqqətdən kənarda qala bilməz. Azərbaycan Avropa və Asiya, Qərbə Şərq arasında bir körpüdür. Ancaq Azərbaycan xalqının milli-mənəvi dəyərlərini, mentalitetini, əhalinin əksəriyyətinin sitayiş etdiyi islam dinini nəzərə alsaq, bir dövlət qurumunun dövlətin imkanlarından istifadə edərək bu cür reklam fəaliyyəti ilə məşğul olması normal qarşılana bilməz. Yuxarıda da qeyd etdiyimiz kimi, o metro stansiyalarına qız, oğlan, qadın, kişi, yaşlı, cavan, uşaq, ailəli, subay - hər kəs gəlir. Həm də günün istənilən vaxtında. Hətta telekanallarda belə müəyyən filmlərlə bağlı yaş senzi, yaxud nümayiş etdirilmə vaxtı ilə bağlı məhdudiyyətlər yer alırsa, Bakı Metropoliteni İdarəsi reklam siyasətində niyə məsələnin bu aspektinə diqqət yetirmir.

 

Yeri gəlmişkən, dövlət qulluqçularının etik davranış qaydalarını nəzərə alaraq,  Lent.az Bakı Metropoliteni İdarəsinə "Cinsi zəifliklə əlaqədar dərman vasitələrinin reklamı Bakı Metropoliteni İdarəsinin Nizamnaməsinə nə dərəcədə uyğundur?” sualı da ünvanlayıb. Bu suala cavabdan isə biganəlik duyulur: "Digər sualınıza cavab olaraq nəzərinizə çatdırırıq ki, Azərbaycan Respublikası ərazisində reklam fəaliyyəti "Reklam haqqında qanun”a görə tənzimlənir və sözügedən reklamların məzmunu bu qanunla ziddiyyət təşkil etmir. Bakı Metropoliteninin Nizamnaməsinə hər hansı bir reklam eskizinin məzmununun aidiyyatı yoxdur...”.

 

Professor Adil Qeybulla isə deyir ki, Şərqi bir kənara qoyaq, Avropada, məsələn, Almaniyada bu cür dərmanlar belə kütləvi reklam olunsa, həmin adamı həbs edərlər: "ABŞ-da isə ümumiyyətlə, resept olmadan heç bir dərman buraxılmır...”.

 

Yeri gəlmişkən, reklamların səhv məzmunu da cinayət məsuliyyəti doğurur və Azərbaycanda səhv məzmunlu, istehlakçıya yanlış məlumat verən, yönəldən reklamlardan istifadəyə görə tez-tez İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən hansısa iş adamlarına iş qaldırıldığı, onların cərimələndiyi barədə xəbərlərə rast gəlirik. Ümid edirik ki, kütləvi şəkildə qidamıza edilən bu əlavə ilə bağlı istehlakçıların hüquqlarını müdafiə etməli olan Xidmət nəhayət, öz üzərinə düşən işi görəcək...

(səs: 3)
Şərhlər: 4
Baxılıb: 5 747
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri