Yaraşıqlı aktyor: Hər görüşdüyüm qıza aşiq olmamışam – FOTOSESSİYA

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 2 799
Səs ver:
(səs: 2)
O, Türkiyənin ən yaraşıqlı və xarizmatik kişilərindən biridir. Rol aldığı hər serial reytinq rekordları qırır. Reklamlardan milyonlar qazanır. Ancaq onu sevdirən, sadəcə, yaraşıqlılığı deyil. Qadın hüquqlarını müdafiə etməsi, əsl romantik olması da, onu qızların sevimlisinə çevirib. Söhbət son vaxtların ən populyar aktyoru Kərəm Bürsindən gedir. Gənc aktyor "Grazia” jurnalına müsahibə verib.
 
- Qısa müddətdə ölkəmizdə fenomenə çevrildiniz. Kərəm Bürsin olmaq necə hissdir?
- Fenomen olduğumu düşünmürəm. Mən insan həyatını xilas edənləri fenomen sayıram. Peşəmi sevirəm, öz bacarığımdan xəbərdaram, amma özümü layiq olduğumdan artıq dəyərləndirmək fikrim yoxdur.
 
- Aktyor olmağa necə qərar verdiniz?
- Universiteti Bostonda oxumuşam. Axırıncı semestrdə Los-Ancelesə getdim. Aktyor olmağa orada qərar verdim. O vaxt yaxşı imkanlar vəd edən iş təklifi gəlmişdi, amma qəbul etmədim. Riskli yolu seçdim. Görək, necə olacaq.
 
- Türkiyədə aktyor olmaq Hollivuddan daha asan olduğu üçün buraya gəldiniz?
- Yox. Buraya gəlməkdə məqsədim aktyor kimi fəaliyyət göstərmək deyildi. Türkiyəyə gələrkən ağlımda çoxlu sual işarələri var idi. Çünki aktyorluq karyerama başlamışdım, amma uğur əldə edə bilməmişdim. Buraya gəldim, çünki özümü kəşf etmək istəyirdim. Ən böyük üstünlüyüm türk olmağım idi.
 
- Türkiyəyə öyrəşmək çətin olmadı?
- Burada məni öz evimdəki kimi qarşıladılar. Anam da, atam da türkdür. Atamın peşəsinə görə, həyatım səyahətdə keçib. Mən 10 aylıq ikən buradan köçüblər. Türkiyəyə qayıtmağım həm özümü, həm də ölkəmi tanımaq baxımından faydalı oldu.
 
- İndoneziyadan tutmuş, Texasa kimi bir çox yeri gəzmisiniz, bəzi yerlərdə uzun müddət yaşamısınız. Bunun nə kimi üstünlükləri olub?
- Çox yer görüb, çox insan tanımaq xarakterimin formalaşmasında müsbət rol oynayıb. Dünyanı gəzmək çoxlarının xəyalı ola bilər. Ancaq dünyanı gəzməyin müsbət cəhətləri ilə yanaşı, mənfi tərəfləri də var. Məsələn, uşaqlıq dostun olmur. Ən yaxın dostum böyük bacım olub. Hər dəfə yaşadığın yerdən ayrılanda dostlarını, tanışlarını itirirsən. Hər dəfə həyata yenidən başlamalı olursan. Buna baxmayaraq, bu həyat tərzini sevmişəm.
 
- Yəqin ki, təkcə dostlardan ayrılmamısınız... Arxanızda qəlbiqırıq qızlar qalmayıb ki?
- Qalmadığına ümid edirəm. Görüşdüyüm qızların hamısına aşiq olduğumu deyə bilmərəm. İndiki dövrdə "eşq" sözü çox bəsitləşib. İnsanlar bir neçə ay görüşdüyün qızla bağlı "evlənməyi düşnürsünüzmü?”, - deyə sual verirlər.
 
- Evlənməyi düşünmürsünüz?
- Evlənmək istəyirəm. İstəyirəm ki, ailəm, uşaqlarım olsun. Amma indi deyil.
 
- Hazırda Türkiyənin ən gözəl qadınlarından biri ilə sevgilisiniz. Serenay Sarıkaya ilə münasibətiniz necə gedir?
- Bəli. Çox gözəl münasibətimiz var.
 
- Eşq sizin üçün nə ifadə edir?
- Eşq insanı oyandırır. Mənim üçün ilham mənbəyidir. Daha öncə ağlından belə keçməyənləri edirsən, normal vaxtda söyləmədiyin sözləri dilə gətirirsən. Öz üzərində işləmək, inkişaf etmək, eşqlə böyümək, daha yaxşı insan olmaq istəyirsən. Amma bunları özünü bəyəndirmək üçün etmirsən, özündən asılı olmadan, yaxşılığa can atırsan. Eşq yüz illərdir ki, saysız-hesabsız romana, şeirə, rəsm əsərlərinə mövzu olub. Bu təsadüfi deyil.
 
- Diqqətinizi çəkmək üçün bir qadın necə olmalıdır?
- Məncə, bu dünyada qadın olmaq çox çətindir. Məni qadının fikirləri, xəyalları, öz ayaqları üzərində dayana bilməsi cəlb edir. Təəssüf ki, dünyanın heç yerində qadın-kişi bərabərliyi yoxdur. Buna təhsilsizlik səbəb olur. Çox kədərlidir. Məncə, qadınlar kişilərdən daha dəyərli varlıqlardır. Biz onlar sayəsində varıq.
 
- Qadın hüquqlarının müdafiəsi üçün hansısa layihələrdə iştirak etmisiniz?
- "UN Women” və "AÇEV” ilə əməkdaşlıq etmişəm. Reklamında rol aldığım "Mavi” markası  "AÇEV” ilə əməkldaşlıq edir. Birlikdə xüsusi koftalar hazırlamışıq. Həmin geyimlərin satışından əldə edilən gəlirlə qadınların təhsilinə dəstək verilir. Amerikada yaşayarkən də qadın hüquqlarının müdafiəsi üçün müxtəlif layihələrə dəstək vermişəm.
 
- Bu mövzuda belə həssas olmağı sizə ananız təlqin edib?
- Həm anam, həm də atam bu mövzuda çox həssasdırlar. Atam balacalıqdan bəri mənə qadınlara hörmətlə yanaşmağı öyrədib.
 
- Atanızın ananıza qarşı olan rəftarı da yəqin ki, sizə nümunə olub.
- Onun da təsiri var. Ancaq təkcə bununla bitmir. Dinindən, dilindən, cinsiyyətindən asılı olmayaraq, insana hörmət etməlisən. Ailəm müxtəlif mədəniyyətlərə, adət-ənənələrə, dinlərə mənsub insanlarla yaşamalı olub. Məsələn, bəzi adət-ənənələr bizə qəribə gələ bilər, ancaq hörmət etməli olduğunu öyrənirsən. Mən də insanam, bəzən bu dediklərimə əməl etməyə bilərəm, amma həmişə insanlara hörmətlə yanaşmağa çalışmışam.
 
- Deyəsən, ananızla münasibətiniz çox yaxındır. Sizin üçün geyimləri o seçir?
- Əvvəllər elə idi. Anamla alış-verişə getməyi çox sevirəm. Ancaq indi valideynlərim Amerikadadırlar.
 
- Ananınızla zövqünüz üst-üstə düşür?
- Məni başa düşdüyü üçün zövqümü bilir. Rahat geyimləri xoşlayıram.
 
- Bundan sonra da Türkiyədə yaşayacaqsınız?
- Bilmirəm. Türkiyəni sevirəm. Həm də burada aşiq olduğum peşəmlə məşğul oluram. Burada yaşamağın bir üstünlüyü də ondadır ki, insanlar adımı deyəndə çətinlik çəkmirlər.
 
- Bu peşəyə niyə aşiqsiniz?
- Mənim üçün aktyorluğun ən böyük üstünlüyü insanı daim inkişafda saxlamasıdır. Məsələn, bir şirkətdə işləsən, yüksək vəzifə əldə edə və məqsədinə çatarsan. Ancaq aktyorluqda belə deyil. Hər dəfə yeni obraz yaratmaq, həmin obrazın psixologiyasını başa düşmək məcburiyyətindəsən. Həmin obrazla bütöv olursan və ondan öyrənməyə başlayırsan. Bu proses ölənə qədər davam edə bilər.
 
- Hollivudla bağlı xəyallarınız var?
- Əlbəttə. Ancaq ora bir növ çempionlar liqasıdır.
 
- Bir gününüz necə keçir?
- Səhər oyanan kimi idmana gedirəm. Bir ildir ki, boksla məşğul oluram. Bu idman növü insanı həm fiziki, həm də zehni baxımdan yorur. Boks zamanı dərhal düşünüb qərar verməlisən. Vaxt olduqca qaçıram. Aktyorluqla bağlı kurslara gedirəm, təhsilimi davam etdirirəm. Bir neçə gündən sonra Los-Ancelesə gedəcəm. Hazırda serialda rol almadığım üçün kitab oxumağa vaxtım olur.
 
- Axırıncı dəfə nə oxumusunuz?
- Sinə Ərgünün "Burası tekin değil” adlı kitabını oxudum. Türkcə kitab oxumağı sevirəm. Bu aralar ən çox real həyatdan götürülmüş hekayələri və özünüinkişaf kitablarını oxuyuram. Tarixi kitablar da xoşuma gəlir.

 

 

 

 

(səs: 2)
Şərhlər: 6
Baxılıb: 2 799
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri