Ərinin əmisini öldürən Aygün: "Mənə əxlaqsız təklif etdi"

Müəllif: Pure Love
Şərhlər: 6
Baxılıb: 2 610
Səs ver:
(səs: 1)
Bakı Ağır Cinayətlər Məhkəməsində əslən Şəmkir rayonundan olan, 1984-cü il təvəllüdlü Aygün Ələkbərovanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Qadınlar.biz virtualaz.org-a istinadən bildirir ki, prosesə hakim Əlövsət Abbasov sədrlik edib.

İttihama görə, Aygün Ələkbərova 27 yanvar 2016-cı ildə Bakı şəhəri, Xətai rayonu, Turşu küçəsi 25 ünvanında onunla qonşuluqda yaşayan keçmiş həyat yoldaşının əmisi Hökməli Fətəliyevin əxlaqsız təkliflər etməsindən əsəbiləşərək, ona bıçaqla zərbələr endirib. Törətdiyi əməldən peşmançılıq keçirən A.Ələkbərova elə həmin andaca qonşuları köməyə səsləyib, təcili yardıma zəng vurub, yaralının xəstəxanaya aparılmasına köməklik göstərib. H.Fətəliyevə tibbi yardım göstərilib, əməliyyat olunub. Amma hadisədən 15 gün sonra xəstəxanada dünyasını dəyişib.

Törətdiyi cinayət əməlinə görə A.Ələkbərovaya Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb və barəsində həbs-qətimkan tədbiri seçilib.

Şizofreniyadan əziyyət çəkən Aygünün evlilik macərası

Təqsirləndirilən şəxs qismində dindirilən Aygün Ələkbərova ona elan olunmuş ittihamla özünü təqsirli bilib. O, ifadəsində Elşən Fətəliyevlə 2000-ci ildə ailə həyatı qurduğunu, birgə nikahdan iki övladları olduğunu göstərib. A.Ələkbərovanın ifadəsinə görə, birinci övladı dünyaya gəldikdən sonra onda depressiv xəstəliklər yaranıb, həkimlərə müraciət edib. Şizofreniyaya bənzər psixoz və depressiv nevroz diaqnozu ilə 2 saylı Ruhi-Əsəb Xəstəxanasında müalicə alıb. Bir müddət sonra isə həyat yoldaşından ayrılıb: "Elşən ailəsinin istəyi ilə başqa bir qadınla ailə qurdu. Bir neçə ildən sonra yenidən barışdıq, münasibətlərimiz qaydasına düşdü, bir yerdə yaşamağa başladıq, hətta bir qızımız da oldu. Amma bu münasibət uzun sürmədi, 2009-cu ildə yenidən ayrılmalı olduq. O vaxtdan etibarən azyaşlı qızımı da özümlə götürüb evdən çıxdım, Xətai rayonu, Turşu küçəsi 25-də yerləşən idarədəki otaqlardan birində yaşamağa başladım".

Ailə üzvləri tərəfindən atılan keçmiş məhbus

Həyat yoldaşından rəsmi qaydada ayrılan A.Ələkbərova 2013-cü ildə Əjdər Hüseynovla mülki nikaha girir. Ailə qurduqdan sonra ərinin tələbi ilə qızını baxmaq üçün uşağın doğma atasına verir. Həmin ərəfələrdə Elşənin əmisi, həbsxanadan yenicə çıxmış Hökməli Fətəliyev Aygünün qonşuluğundakı mənzillərin birində məskunlaşır: "Keçmiş qayınatam Fətəlinin qardaşı Hökməli narkotik vasitələrdən istifadə etdiyinə görə həbs olunmuşdu. Hökməli vərəm idi, ailəsi ona yaxın durmurdu, ona görə də idarədə yerləşdirmişdilər. Hökməlinin heç kimi olmadığına görə ona qonşular köməklik edirdi, kimisi paltarlarını yuyur, kimisi yemək bişirib verirdi. Ona "əmi" deyə müraciət edirdim".

"Əsəbimdən əsirdim"

Təqsirləndirilın şəxs hadisə baş verən gün Hökməlinin ədəbsiz təklifindən, təcavüz etmək istəməsindən əsəbiləşdiyini, bu səbəbdən də onu bıçaqla vurduğunu deyib: "Xəstə olduğuma görə yenə də həkimə getmişdim. Evə gələndə yolüstü aptekdən həm öz dərmanlarımı, həm də Hökməlinin xahiş etdiyi dərmanları aldım. Mənzilə keçib sobanı yandırdım. Bu vaxt Hökməlinin məni çağırdığını eşitdim. Dərmanları vermək üçün onun yaşadığı otağa gəldim. Hökməli biləyimdən yapışıb məni özünə tərəf çəkdi, yaxınlıq etmək istədiyini dedi. Onun belə təklif etməsindən əsəb keçirtdim. İndi qayıdacağımı deyib otaqdan çıxdım. Əsəbdən əsirdim, Elşənə zəng vurub əmisinin əxlaqsız təkliflər etdiyini, onu "yığışdırmasını" dedim. Elşən isə "məni narahat etmə" deyib telefonu qapatdı".

"Onu öldürmək istəmirdim"

A.Ələkbərova törətdiyi əməldən peşmançılıq çəkdiyini, Hökməlini öldürmək niyyəti olmadığını deyib: "Hökməlini cəzalandırmaq istəyirdim. Stolun üstündən götürdüyüm bıçağı paltarımda gizlətdim, Hökməlinin otağına keçdim. Bıçaqla çiynindən vurdum. Otaqdan çıxıb təcili yardıma zəng vurdum. Hökməli xəstəxanaya aparıldıqdan sonra Xətai Rayon Polis İdarəsinə gedərək törətdiyim cinayəti etiraf etdim".

"Keçmiş gəlinimlə mərhum qardaşım qonşu idilər"

Zərərçəkmiş şəxs qismində dindirilən Fətəli Fətəliyev ifadəsində qardaşı Hökməlinin xasiyyətcə mülayim insan olduğunu, çoxsaylı xəstəliklərdən əziyyət çəkdiyini deyib: "Hökməli dəfələrlə məhkum olunmuşdu. Vərəm xəstəsi olduğundan ayrı mənzildə tək yaşayırdı. Bizim evdə körpə uşaqlar vardı deyə, həkim icazə vermirdi. Oğlumun keçmiş həyat yoldaşı Aygün qardaşımla qonşu idi. Ona qulluq edir, çay-çörək verirdi. Aygünlə onun arasında heç vaxt dava-dalaş, narazılıq olmayıb.

Amma Hökməli Aygünün ayrı-ayrı maşınlarla gəlib-getməsindən xoşlanmırdı. Oğlumla boşanmasına səbəb də Aygünün belə hərəkətləri olub. Aygün başqa şəxslərlə mülki nikaha girmişdi, evdən gedəndə kiçik uşağı da özü ilə aparmışdı. Lakin sonradan uşağa baxa bilmədiyinə görə onu gətirib bizə vermişdi".

"Aygünün əsəbləri pozulmuşdu"

Şahid qismində dindirilən Elşən Fətəliyev ifadəsində Aygünlə evlənəndən onda əsəb xəstəliyi yarandığını göstərib: "Aygün ailəsi ilə birgə bizim qonşuluğumuzda kirayədə yaşayırdı. Öz razılığı ilə onu qaçırtmışdım. Evləndikdən sonra Aygündə əsəb problemləri yaranmışdı. Münasibətlərimiz pozulmuşdu deyə Aygünü anası öz evlərinə aparmışdı. Barışdıqdan sonra Aygün yenə evdə oturmur, qaçıb anasıgilə gedir, özünə yaşamaq üçün başqa oğlanlar tapırdı. Amma onlarla yaşaya bilmir, yenidən geri qayıdırdı.

Hadisə baş verən gün Aygün zəng vurub əmimin ona təcavüz etdiyini dedi. Əmim yataq xəstəsi idi. Onun sözlərinə inanmayıb telefonu söndürdüm".

"Onu uşaqlara görə qəbul etmişdik"

Məhkəmədə Aygün Ələkbərovanın qaynanası Püstəxanım Fətullayeva şahid qismində dindirilərkən nəvələrinin səhhətində problem yarandığını, onların Heydər Əliyev Fondunun köməkliyi ilə sanatoriyaya yerləşdirildiyini deyib: "Keçmiş gəlinim olub, dəfələrlə evdən gedib, yenə uşaqlara görə qəbul eləmişik. Oğlum əsəbiləşməsin deyə çox şeyi ona demirdim. Hadisədən bir ay əvvəl Aygünün təzə əri zəng vurub bizi hədələdi. Mən evdə iki qız nəvəsi böyüdürəm. Xahiş edirəm, bizi bu şəxsdən qoruyun".

Bundan sonra məhkəmə istintaqı tamamlanıb. Dövlət ittihamçısı çıxışında A.Ələkbərovanın 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

"Öz balalarına strees yaşadırdı"

Zərərçəkmiş şəxsin hüquqi varisi F.Fətəliyev keçmiş gəlininin hiyləgər biri olduğunu, hamını aldatdığını deyib: "Tez-tez zəng vurub uşaqları narahat edir. Uşaqları bizim əlimizdən alıblar. Çünki biz onları saxlaya bilmədik. Hər dəfə Aygün ərə gedəndə onları oğurladır, körpələrə stress yaşadırdı. İndi uşaqlar müalicə olunurlar. Onlara qəyyumluğu da atası edir. Aygün çox hiyləgər adamdı, hamını aldada bilir. Axı xəstə adam ona necə təcavüz edə bilərdi? Müstəntiq də demişdi ki, təcavüzdən söhbət gedə bilməz".

Vəkili müdafiə etdiyi şəxsin mərhumu öldürmək niyyətində olmadığını, onu qorxutmaq istədiyini deyib: "İki uşaqdan sonra Aygün depressiya keçirib, hazırda da müalicə alır, əxlaqsız təklif edəndə hirslənib, onu qorxutmaq istəyib. Hadisədən sonra özü təcili yardıma zəng vurub".

"Ona öz atam kimi qulluq edirdim, bacarırısınızsa məni bağışlayın"

Təqsirləndirilən şəxs məhkəmədə son söz söyləyib. O, məhkəmədən xəstəliyi ilə bağlı müalicəyə göndərilməsini və uşaqlarına görə yüngül cəza verilməsini xahiş edib: "Əsəbiləşəndə özümdə olmuram, elə bilirəm yuxudayam. Heç vaxt heç kimə pislik etməmişəm. Hökməliyə köməklik edirdim, ona öz atam kimi qulluq göstərirdim, "əmi" deyirdim. Bacarırsınızsa, məni bağışlayın, onu öldürmək istəməmişəm".

Məhkəmənin psixatrik ekspertizasının rəyində göstərilib ki, A.Ələkbərovada psixi xəstəlik aşkar olunmayıb, psixatrik müalicəyə ehtiyacı yoxdur, hərəkətlərini ölçüb-biçmək iqtidarındadır. Ona görə də onun əməli 21-ci maddənin təsiri altına düşmür.

Məhkəmənin hökmü ilə A.Ələkbərova 6 il müddətinə azadlıqdan məhrum edilib.

Hökm oxunduqdan sonra A.Ələkbərova üzünü hakimə tutaraq ona təşəkkür etməyi də unutmayıb: "Çox sağ olun!".
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 610
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri