Karib adalarından yağlı kökələr

Müəllif: Pure Love
Şərhlər: 3
Baxılıb: 4 344
Səs ver:
(səs: 2)

Bu ləzzətli çörəklərin resepti lap uzaqlardan, Karib Adalarından gəlir. Əvvəllər Karib adaları mətbəxi haqqında çox təsəvvürüm yox idi, o vaxta qədər ki,  indi virtual da olsa rəfiqəm olan Cynthianın Tastes Like Home bloquna rast gəldim. Cynthianın reseptləri, şəkilləri, və Karib mədəniyyəti və mətbəxi haqda bloqa yerləşdirdiyi yazılar mənim oralara olan marağımı artırdı. Çox maraqlı mətbəxləri var - Çin, Hindistan, Afrika, Ərəb ölkələri və başqa yerlərin Karib mətbəxində  izini görmək olar.

Bu yaxınlarda Cynthia ilk kitabını nəşr edib. Bir nüsxəsini də mənə göndərib. Kitab biri-birindən maraqlı reseptlərlə doludur. Onlardan biri də bu yağlı kökələrdir. Kökələr Cynthianın vətəni olan Quyana adasındandır. Kökələr balaca çörəklər kimidir, amma içlərində bir sirr daşıyırlar - bu sirr də kökələrin içində gizlənən kərə yağıdır. Kökələr sobada  bişdikcə, yağ əriyir və kökələri dadlandırır. Cynthiaya bu reseptə görə təşəkkürlər. Sizə isə nuş olsun.


 

Quyana (Karib Adası) Üsulu Yağlı Kökələr
"Tastes Like Home: My Caribbean Cookbook” (Cynthia Nelson) kitabından adaptə edilmişdir

Qeyd - Orijinal reseptdə kökələri sobadan çıxardan kimi onların üstünü yağlamaq məsləhət görülür. Düzü, mən onları üstü yağsız daha çox bəyəndim.


12-18 kökə üçün

Tərkibi:

1 stəkan yarım ilıq su
2 xörək qaşığı şəkər tozu
1 xörək qaşığı toz maya
4 stəkan un
Dörtdə üç çay qaşığı duz
2 xörək qaşığı duru yağ (bitki yağı kimi)
Təxminən 200 qram kərə yağı - otaq hərarətində yumuşaldırılmış


Hazırlanışı:

Şəkər tozunu bir kasaya qoyun, üstünə suyu töküb qarışdırın ki, şəkər həll olunsun. Mayanı əlavə edin. Kasanı mətbəx streçi ilə örtüb kütlənin qabarması üçün 10 dəqiqəlik kənarda isti yerə qoyun.

Ayrı iri qabda un və duzu qarışdırın. Ordasında çuxur açıb oraya mayalı qarışığı və duru yağı əlavə edin. Qarışdırın. Xəmiri kasadan çıxardıb yapışmaması üçün masaya un səpib xəmiri təxminən 3-4 dəqiqə ərzində yoğurun. Xəmir bərk olmalı amma çox deyil və eyni zamanda elastik olmalıdır. İri qabın içini bir az duru yağla yağlayın.  Xəmiri buraya geri qoyub o tərəf bu tərəfə çevirin ki, üstü bir az yağlansın. Xəmirin üstünü örtüb gəlməsi üçün  isti yerə qoyun - təxminən 1 saat 15 dəqiqəlik. Xəmir ən azı iki-qat şişməlidir.

Gəlmiş xəmiri bir-iki dəqiqə yoğurun, yarı bölün. Hər yarını ən azı 6 hissəyə bölün (bəzən daha da çox alınır). Hər parçanı kündələyin. Hər kündəni unlanmış yerdə oxlovla diyametri 7-8 santimetr olan dairə şəklində açın. Kərə yağından qaşıqla təxminən 1-2 çay qaşığı götürüb dairənin ortasına yaxın. Kənarlarına deyil. Dairəni yarım-ay şəklində bükün. Sonra isə yenə bükərək üçbucaq əldə edin. Üçbucaqları 2 ədəd listə yerləşdirin (listləri yağlamayın!)


 

Listlərin üstünü çay dəsmalıyla örtüb isti yerə qoyun ki, üçbucaqlar gəlsin, 1 saat ərzində. Bu müddət bitməzdən 10-20 dəqiqə əvvəl sobanı 205C-dək qızdırın.

Listlərin birini sobanın yuxarı digərinini isə aşağı rəfinə yerləşdirin. Üçbucaqları 18-20 dəqiqə və yaxud üstləri bir az qızaranadək bişirin. Kökələrin içindəki yağın bir hissəsi listə çıxacaq - narahat olmayın, bu normaldır. İçində qalan yağ isə çörəyin içinə yayılacaq. Kökələri sobadan çıxardıb alt-üst  edin ki, içlərindəki yağ hər tərəfə yayılsın. İstəyə görə kökələrin üzərini listdəki yağla yağlaya bilərsiniz. Kökələr isti ikən və ya otaq hərarətində ikən süfrəyə verilir.


/Mənbə: Fəridənin yemək kitabı/
(səs: 2)
Şərhlər: 3
Baxılıb: 4 344
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri