Ailədə müasirliyin və ənənəviliyin toqquşması

Müəllif: Diablo
Şərhlər: 2
Baxılıb: 2 399
Səs ver:
(səs: 0)
Uzun müddətdir ki, dünyada, xüsusilə Qərbdə ailə institutu ciddi aşınmalara məruz qalıb və böhran keçirir. Bu köşədən yazdığım yazılarda Qərbdən fərqli olaraq Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanıldığını hər fürsətdə dilə gətirmişəm. Lakin bununla belə son dövrlər boşanma hallarının sürətlə artması insanı düşünməyə vadar edir. Ölkəmizdə boşanmaların səbəb olduğu mənfi məqamlar daha ciddi bir sosial problem olma mərhələsinə gəlib çatmayıb. Ancaq boşanmalarda son illərdəki artımı bu prosesin ölkəmiz üçün də ciddi bir sosial problemə çevriləbilmə ehtimalının mövcud olduğunu göstərir. Bugünkü yazımda ümumi rəqəmlərdən daha çox boşanmaya səbəb olan və bir çox halda nəzərdən qaçan faktorların təhlilini aparmağa çalışacam.

İlk növbədə onu qeyd edim ki, müasir dövrdə Azərbaycan ailələrində boşanmalara səbəb olan faktorların ciddi təhlil olunmasına böyük ehtiyac duyulur. Belə ki, bu gün boşanmaların əhəmiyyətli bir hissəsi geniş ictimaiyyətə təqdim olunan formada yalnız maddi problemlər və yaxud qısqanclıq və xəyanət kimi ənənəvi səbəblər ucbatından baş vermir. Bu prosesdə əksər hallarda diqqətdən kənar qalan, lakin əhəmiyyətli olan bir çox yeni məqamlar meydana gəlib. Burada xüsusilə ər-arvad arasındakı münasibətlərdə özünü büruzə verən problemlər haqqında danışmaq lazımdır. Əvvəlki illərdə ailələrin uzunömürlü olmasını təmin edən şərtlərdən biri də bir çox məsələdə cütlərin bir-birinə güzəştə getməsilə bağlı idi. Bu tərəflərin və daha çox qadının həyat yoldaşına güzəştə getməsi bir çox xırda məişət məsələsinin böyük ailə probleminə çevrilmədən üstündən keçilməsi ilə səciyyələnirdi. Necə deyərlər tərəflərdən biri od olanda, digəri su olurdu. İndiki gənclər də məhz bu cür münasibət formasının hökm sürdüyü ailələrdə böyüyüb başa çatıblar. Lakin müasir dövrdə bu cür davranış modeli tədricən yerini inada, höcətləşməyə verib. Hər iki tərəf də münaqişəyə səbəb olan məsələdə özünün haqlı olduğunu xüsusi bir cəhdlə sübut etməyə çalışır və nəticədə xırda bir məsələ şişir və böyük bir ailə dramına çevrilir. Modernləşmənin fərdin şəxsi maraqlarını və eqosunu təmin etməyə çalışan bir insan modeli yaratma tendensiyasının bu prosesə təsiri az deyil. Nəticədə həlli mümkün olmayan vəziyyət yaranır. Belə olan halda isə boşanmaq vəziyyətdən tək çıxış yolu kimi qəbul olunur. Bunu apardığımız tədqiqatların nəticələri də göstərir. Evlilik yaşında olan gənc qızlar gənc əkscinslərindən fərqli olaraq bir-birlərini başa düşməyən cütlərin, hətta övlad sahibi olsalar belə, boşanmalarını ən düzgün seçim olduğunu qeyd edirlər. Gənclər arasında boşanmaya qarşı bu cür rahat münasibətin formalaşması ciddi şəkildə düşünməyə vadar edən vacib məsələdir.

Evdə münaqişəyə səbəb olan bir başqa məsələ də ailədaxili rol bölgüsü ilə əlaqədardır. Belə ki, əvvəlki illərdə ev işləri və uşağın qulluğu məsələləri hətta bir işdə çalışsa belə qadının öhdəsində idi. Amma müasir qadın bu vəziyyətə etiraz edir və həyat yoldaşının da onunla birgə bu məsuliyyəti bölüşməsini tələb edir. Ailə başçısı olan gənc isə bu cür davranış modelinə hazır deyil. Çünki yenə də onun böyüyüb başa çatdığı ailədə bütün ev işlərini evin xanımı olan anası yerinə yetirib və həmin gənc öz həyat yoldaşından da eyni cür davranışı gözləyir. Eynilə evin gəlini olan gənc xanım da böyüyüb başa çatdığı ailədə evin bütün maddi təminatını atasının çiynində olduğunu görüb. Bəzi “müasir” gənc ailə başçılarının çalışmaq istəməməsi, hər şeyi valideynlərindən gözləməsi isə bu dəfə də evin xanımını bu vəziyyətə etiraz etməsinə səbəb olur. Burda da yenə ənənəvi davranış modeli ilə müasirlik arasında münaqişə faktı özünü büruzə verir. Başqa bir ifadəylə müasir və ənənəvi düşüncə tərzinin toqquşması baş verir. Hətta düşüncə tərzində meydana gələn bu fərqlilikdən ötrü bəzi gənc xanımlarımız son zamanlar əcnəbi kişilərlə ailə qurmağa üstünlük verdiklərini vaxtaşırı qeyd edirlər.

Bütün bu qeyd olunan məsələlərdən sonra istər-istəməz belə bir sual ortaya çıxır: Necə olur ki, müasir gənclərin bir hissəsi (daha çox kişilər) ailə daxilində ənənəvi davranış modelinə üstünlük verdikləri halda, digər bir hissəsi (qadınlar) öz qurduqları ailədə böyüdükləri ailədən fərqli davranış modelləri nümayiş etdirirlər? Məsələ burasındadır ki, əgər əvvəlki illərdə gənci ailə həyatına hazırlayan yalnız öz ailəsi idisə, müasir dövrdə başqa qeyri-formal institutların gənclərin ailə həyatı haqqında fikirlərinin formalaşmasına təsir etdiyi nəzərdən qaçmır. Burda televiziyanın rolunu xüsusi qeyd etmək lazımdır. Belə ki, gənc qızın tamaşa etdiyi serialın qəhrəmanı və ya kumiri olan müğənni bütün günü gözəllik salonunda, əyləncə mərkəzində, rəfiqələri ilə birlikdə özünə vaxt ayırmaqla keçirir. Ev işlərini isə onun əvəzinə ya evin qulluqçusu görür, ya da ən yaxşı halda həyat yoldaşı ilə birgə həyata keçirirlər. Həmin serial qəhrəmanı öz karyerasını da yeri gələndə ailə maraqlarından üstün tutur. Bunun təsiri altında olan gənc xanım eyni həyat tərzini öz ailəsində də tətbiq etmək istəyir və nəticədə insident baş verir. Eyni zamanda bu prosesə gender probleminin cəmiyyətdə qabardılması da təsirsiz ötüşmür. Yeri gəlmişkən, onu da qeyd edim ki, qadınların müasir həyat tərzini mənimsəmələri və onlara uyğun davranış modelləri nümayiş etdirmələri kişilərdən daha sürətlidir.

Bu məsələdə valideynlərin də münasibətlərində əvvəlki illərdən fərqlənən bir çox cəhətlər özünü büruzə verir. Belə ki, əgər əvvəlki illərdə bu cür hallarda valideynlər daha çox barışdırıcı mövqedə çıxış edirdilərsə, müasir dövrdə onların da öz övladlarını haqlı çıxaran və tərəfini saxlayan bir mövqe nümayiş etdirdikləri müşahidə olunur.

İlk baxışdan xırda görünən bu məsələlər bugün Azərbaycan ailəsini təhdid edir. Lakin bu arzuolunmaz prosesin əvvəlcədən qarşısını almaq olar. Bunun üçün birinci növbədə valideynlərin öhdəsinə böyük məsuliyyət düşür. Birinci növbədə onlar öz övladlarını ailə həyatına hazırlamalıdırlar. Bərkə-boşa düşəndə hərəkət sxemini onlara aşılamaları lazımdır.

Eyni zamanda bu prosesdə müasir üsullardan da istifadə etmək vacibdir. Bu baxımdan evlənmə yaşında olan gənclər üçün xüsusi kursların təşkil olunması məqsədəuyğundur. Bu təcrübədən bir çox ölkədə istifadə olunur. Yuxarıda qeyd olunan və müasir həyat tərzindən irəli gələn problemlərin öhdəsindən gəlmənin yolları ixtisaslı mütəxəssislər tərəfindən xüsusi məşğələlərlə gənclərə aşılanır. Bu məşğələlərdə ailədə meydana gələn böhran ən xırda təfərrüatına qədər təhlil olunur, böhranın idarə olunması və ondan çıxış yolları öyrədilir. Bu sahədə qardaş Türkiyənin təcrübəsindən istifadə etmək olar. Orda bu cür kurslar mütəmadi olaraq təşkil olunur və gənclər çox həvəslə bu cür kurslarda iştirak edirlər.

Sonda bir fikri xatırlatmaq istəyirəm: “Ailə bir dövlətdir, onu qorumaq hamımızın borcudur”.
Əbülfəz Süleymanlı
(səs: 0)
Şərhlər: 2
Baxılıb: 2 399
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri