Ailədə vəzifələrin bölünməsi

Müəllif: Pure Love
Şərhlər: 1
Baxılıb: 2 690
Səs ver:
(səs: 2)
Hətta ən kiçik mübahisələr belə vəzifələrin yerinə yetirilmədiyi hallarda meydana çıxır. "Xanım, bu köynəyin düyməsini niyə tikməmisən?" və ya "Hanı sifariş verdiyim şeylər, niyə almamısan?" sözləri ilə başlanan və mövzunun əhəmiyyətindən asılı olaraq, böyüyə bilən problemlərdir bunlar. 
Yaxşı, bəs ailədə kim hansı vəzifəni yerinə yetirməlidir? Ən əsası isə bunu nəyə görə müəyyən etmək olar? Yəni, xanım bəyinin köynəyinin düyməsini tikməlidirmi və ya bəy ev üçün sifariş olunan şeyləri almalıdırmı? Əslində bu mövzu olduqca həssas bir mövzudur. Bəlkə də, xanımlar mənimlə razılaşmaq istəməyəcəklər, ancaq nə edək. Dədədən-babadan qalmış adət-ənənələrimizi bir kənara ata bilmərik ki! 
Ailədə tərəflər tez-tez "həyat müştərəkdir" deyərək, həyat yoldaşlarından da onların işlərinə kömək etmələrini tələb edirlər. Xüsusilə, xanımlar, teleseriallarda gördükləri rolları bəylərinin də yerinə yetirməsini arzu edirlər. Məsələn, "uşağın altını niyə təkcə mən təmizləməliyəm", ya da "qabları mən yuyuramsa, o da silməlidir" deyə təkid edirlər. Beləliklə, ev işi kimi "ağır" bir vəzifəni hər ikisinin köməkləşərək yerinə yetirmələrini istəyirlər. Sağ olsun televizor! Evimizin ən hörmətli guşəsinə qoyduğumuz gündən milli-mənəvi nə varsa, alt-üst etmək üçün hamımıza dərs keçir. Boşanan ailələr də onun dərsindən yüksək qiymət alan şəxslərdir. 
İndi əlimizi vicdanımıza qoyub düşünək. Bir insanın öz xərcləri üçün aylıq nə qədər pul lazımdır, bir hesablayaq. Özünə maaşının cüzi bir hissəsi artıqlaması ilə çatdığı halda, kimin üçün işləyib qazanır o qədər pulu? İsti demir, soyuq demir, hər Allahın günü çöllərə kimin üçün düşür? Onun evə gətirdiyi maddi qazanc həyatın ağır yükünün bir parçası deyilmi? Bəli, istisnaları nəzərə almasaq, bir ailədə evin çöllə bağlı işləri bəyin, içəri ilə bağlı işləri isə xanımın çiyinlərinə düşür. Elə yaradılışımız da bu bölgüyə uyğundur. Bir xanımın əl qabiliyyəti, zövqləri, analıq duyğuları onun ev işlərini asanlıqla və sevə-sevə yerinə yetirmək üçün uyğundur. Həmçinin kişilərin ciddilikləri, lider ruhlu daxili dünyaları, bir yerdə uzun müddət qərar tuta bilməyən hərəkətli xarakterləri də onların evin içinə yox, çölünə uyğun olduqlarını göstərir. Bir bütöv kimi baxdıqda, kişinin həyatını daha rahat davam etdirməsi üçün qadına, qadının da kişiyə ehtiyacı var. Yəni, evlənən iki insan elə öz üzərlərinə düşən işləri yerinə yetirdikdə müştərək hərəkət etmiş olurlar. 
İndi axşam yorğun-arğın evə gələn həyat yoldaşınıza "həyat müştərəkdir, qalx bulaşıqları bir yerdə yuyaq" demək nə qədər düzgündür, siz deyin. Ya da "sənin köynəyinin düyməsini tikmək məcburiyyətində deyiləm" deyə mübahisəyə başlasaq, o da köynəyinin düyməsini tikmək üçün başqa birini tapsa, söz haqqımız ola bilərmi? 
Yuxarıda istisna hallarını nəzərə almamışdıq, indi də o məsələləri nəzərdən keçirək. Bir kişinin də yeri gələndə yemək bişirdiyi vaxtlar ola bilər. Xanımı xəstə olar, əlamətdar bir gündə xanımına sürpriz etmək istəyər, ona görə də mətbəxə keçib yemək də bişirər, yerinə gələndə qab da yuyar. Ancaq bu, istisna bir hal kimi qalmalı, xanım tərəfindən tələb edilməməlidir. Xanım da ailə büdcəsinin çətin olduğu dövrlərdə bəyinə kömək edər, bəlkə də, bir işdə işləyər, ancaq bu da bir vəzifə kimi yox, xüsusi yardımlaşma kimi qalsa, gözəldir. Çünki xanımın da, bəyin də cəmiyyətimizin strukturuna uyğun olaraq bölüşdüyü işlər özlərinin yerinə yetirə biləcəkləri ağırlıqdadır onsuz da... 
Bəs Əhməd bəy evə gələndə evi səliqə-sahmansız görürsə, bir boşqab isti yemək tapmırsa, ya da Fatma xanım günlərdir su axıdan krandan istifadə etmək məcburiyyətində qalırsa, nə etməlidir? Nə etməlidir ki, həm dava-dalaş çıxmasın, həm də işlər öz yolunda getsin. Əgər bu, ilk dəfə baş verən bir şeydirsə, səbirlə gözləməyi, dava-dalaş salmamaq üçün tələsməməyi tövsiyə edirəm. 
Görəsən, həyat yoldaşınız birdən-birə niyə belə davranmağa başladı? Bəlkə, sizin bilmədiyiniz bir şey var? Bəlkə, bununla sizə bir şey demək istəyir? Yox, əgər "gözləyə bilmirəm" deyirsinizsə, onda uyğun bir üslubla, həyat yoldaşınızı incitmədən, təhqir də etmədən soruşun. Görəsən, səbəb nədir? Yəni bir adam sözə "bu ev niyə belə səliqəsizdir?" deyə başlayarsa, qadın da ona "mənim vəzifəm deyil, sənin qulluqçun deyiləm?" deyə cavab verə bilər. Xanım da bəyinə "bir kranı düzəltməyi belə bacarmırsan" desə, baş verən mübahisədə ən azı həyat yoldaşı qədər günahkar olar. Bir sözlə üslub çox vacibdir. Necə deyərlər, şirin dil ilanı yuvasından çıxarar!.. 
(səs: 2)
Şərhlər: 1
Baxılıb: 2 690
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri