Ailəliyin ilk illərində gənc ailəni hansı çətinliklər gözləyir?
Uşaqlıqda sevimli nağıllarımız belə qurtarardı: sevgililər əzablı
yollardan keçib, 40 gün, 40 gecə toy çaldırırlar və xoşbəxt yaşayırlar.
Bir az böyüdük, nağılları seriallar əvəz etdi. Sonuc eyni idi: nigah
mərasimi və xoşbəxt həyat.
Zaman ötdü, sevimli nağıllarıımız reallığa çevrildi: ağ paltar, fata,
Mendelson marşı. Bu reallaşmış nağılın 1 – ci hissəsi idi, əsas 2 – ci
və çətin hissə isə qabaqdadır: bir yerdə xoşbəxt yaşamaq.
*Evliliyin 1 – ci ili seçdiyiniz insanın yeni, bəzən də xoş olmayan
tərəflərinin aşkarlanması ilidir. Toya qədər o, ideal idi: xeyirxah,
mehriban, qayğıkeş. Bütün çatışmazlıqlar (əgər onlar var idisə) elə
xırda və mənasız görünürdü ki...
İndi isə... İndi hər şey əksinədir, yoldaşınızın davranışındakı
xoşagəlməzlik o qədərdir ki, ağlınıza mənfi fikirlər gəlir: " bəlkə, mən
düzgün seçim etməmişəm?". Vahiməyə düşməyin, statistikaya əsasən, gənc
cütlüklərin böyük əksəriyyəti ailə həyatının ilk ilində bir – birindən
narazı olurlar.
Yadınızda saxlayın, həyat yoldaşınızda sevdiyiniz yaxşı keyfiyyətlər
itirilməyib. Siz indi onun ideal olmayan tərəflərini tanımağa
başlayırsınız. Axı ideal insan olmur! Özünüz üçün siyahı tutun və
sevgilinizin xasiyyətindəki neqativ təzahürləri pozitivlə tutuşdurun.
Onların sayının bərabər olduğunun şahidi olacaqsınız.
Yoldaşınızın xoşagəlməz adətlərini korrektə etmək mümkündür. Amma bunu
dərhal toydan sonra etməyin. Əgər o, 20 il ərzində corablarını çıxarıb
ora – bura atırdısa, çətin ki, 2 günə hər şey düzələ.
*Tədricən romantikanın dərəcəsi aşağı düşür. Toydan qabaq o, sizin hər
görüşünüzü bayrama çevirərdi, indi isə hisslərini demək olar ki, ifadə
etmir.
Bu ilk növbədə sosial rolların dəyişməsilə bağlıdır. İndi siz onun
görüşdüyü qız yox, həyat yoldaşısınız. Yəni indiki statusunuz sizə olan
münasibəti dəyişdirib. Kişi sadə bir şeyi anlamır, siz ondan nə
gözləyirsiniz? O, hər gün yanınıza qayıdır, dostları ilə keçirdiyi xoş
vaxtlardan əl çəkib, hətta hər gün zibili də atır. Sizə başqa nə lazım
ola bilər ki? Romantik sevgi etirafları və gül dəstələri onun üçün artıq
keçilmiş mərhələdir.
Bu vəziyyəti dəyişmək mümkündür. Öz şəxsi nümunənizdə sevgilinizə
hisslərinizi bildirin. İş həftəsinin sonunda romantik şam yeməyi
hazırlayın. O da buna cavab olaraq sizə sürpriz hazırlayacaq.
*Adi günlər işləyirsiniz, istirahət günləri bir yerdə olursunuz.
Əvvəllər bu cədvəl sizi qane etsə də, vaxt keçdikdən sonra nigah
bağlamaqla tilsimə düşdüyünüzü fikirləşirsiniz. Bu tilsimdə siz və ondan
başqa heç kim yoxdur. Toydan qabaq hərənizin öz maraq dairəsi olub.
Onları yenidən canlandırın. Çalışın ki, həftənin bir gününü şəxsi
işlərinizə sərf edəsiniz. Axşam isə olanları şam yeməyi zamanı birlikdə
müzakirə edin.