Əvvəlcə həyəcan verici olduğunu düşünsək də evliliyə qərar vermək heç də
asan deyil. Düzgün insanla həyatınızı birləşdirdiyinizdən əmin olsanız
belə, bir çox problemlə qarşı-qarşıya qalmaq ehtimalınız var. Bu
müddətdə ailənizdən başlayaraq bütün evli cütlüklər evlilik
təcrübələrini sizinlə bölüşmək üçün can ata bilərlər. Ancaq bəzən bu
tövsiyələri həyatınızda tətbiq etmək heç də yaxşı nəticələr verməyə
bilər.
Evliliyə qərar verərkən
evliliyinizin ilk illərində tez-tez eşidəcəyiniz məsləhətlərlə
münasibətinizi yönləndirməyiniz xəta ola bilər. Bəzən çevrənizdən
eşitdiyiniz tövsiyələrə qulaqlarınızı bağlamaq ən doğru qərardır. Çevrədəkilər tərəfindən yeni evlənəcəklərə ən çox edilən yanlış tövsiyələri sizin üçün sıraladıq:
"Uşaq evliliyin təməlidir”
Evləndiyiniz gündən etibarən
ailələriniz başda olmaqla bütün çevrəniz sizdən nə zaman uşaq sahibi
olacağınızı soruşa bilər. Eyni şəkildə uzun müddətdir evli olan
insanlardan bir an öncə uşaq sahibi olmağın vacib olduğunu və bunun
evliliyin təməli olduğunu tez-tez eşidə bilərsiniz. Ancaq erkən yaşda
çevrənin təsiri ilə valideyn olmaq istəməyiniz doğru bir qərar olmaya
bilər. Övlad sahibi olmağın evlilikdəki problemləri həll etmək, ya da
münasibəti gücləndirmək üçün edilən bir şey olmadığını və sadəcə
həqiqətən hazır olduğunuzda belə bir qərar verməli olduğunuzu unutmayın.
"Elə biri ilə evlən ki, o, səni daha çox sevsin”
Evlilik qərarı vermək mərhələsində
xüsusilə qadınların çevrələrindən ən çox eşitdiyi məsləhətlərdən biri də
"səni sənin onu sevdiyindən daha çox sevən biri ilə evlən” cümləsi
olur. Əlbəttə, bunun arxasında özünü daha rahat hiss etmək və əl üstündə
tutulmaq kimi istəklərin olması çox açıqdır. Ancaq sizi nə qədər
sevərsə sevsin, yetərincə sevmədiyiniz biriylə xoşbəxt evlilik sürdürməyiniz çox çətindir.
"Sənə bənzəməyən biri ilə evlən”
Əks qütblərin bir-birini çəkməsi
mövzusundan əlavə, bir-birlərinin çatışmayan cəhətlərini örtəcək
insanların birlikdə olmasının yaxşı nəticə verəcəyi ilə bağlı inanclar
var. Hər nə qədər başda doğru və hətta sizi tamamlayacaq birinin varlığı
çox maraqlı gəlsə də, həyatınızı sizdən bu qədər fərqli biriylə
keçirməyin çətinlikləri çox ola bilər. Evlənəcəyiniz şəxslə hər şeydən
öncə çox yaxşı dost ola bilməlisiniz. Bunun üçün ortaq zövqləri və
problemləri paylaşa bilmək çox önəmlidir.
"Onu xoşbəxt etsən, sən də xoşbəxt olarsan”
Əlbəttə ki, bütün münasibətlərdə
qarşınızdakı insanı xoşbəxt edə bilməyiniz çox önəmlidir. Ancaq onun
xoşbəxtliyini öz xoşbəxtliyinizin önünə qoymağınız, hətta öz
xoşbəxtliyinizi tamamilə onun xoşbəxtliyinə bağlamağınız heç də məsləhət
edildiyi kimi xoş nəticələr verməyə bilər. Hətta uzun müddətdə onun
üçün bəzi şeylər etməkdən yorulmağınıza və bu səbəbdən də hər iki
tərəfin üzülməyinə səbəb ola bilər. Bunun yerinə ilk öncə özünüzü
xoşbəxt etmək üçün nələrsə etməlisiniz. Özü xoşbəxt olmayan birinin
başqasını xoşbəxt etməsi isə elə də mümkün bir hal deyildir.
"Evlilikdə ən önəmli şey sevgidir”
Bir
çoxlarının xəyalı romantik bir sevgi evliliyi olsa da, təəssüf ki,
evlilikdə ən az sevgi qədər önəmli olan bir çox şey vardır. Həqiqətən
sevdiyiniz biri ilə evlənməyiniz əlbəttə çox gözəldir, ancaq bəzən
sevginin gözümüzü kor edə biləcəyini və yanlış qərarlar verməyimizə
səbəb ola biləcəyini də düşünməlisiniz. Evlilikdə
sevgidən daha çox hörmət, sədaqət, güvən kimi anlayışların ön planda
olması həyəcan verici görünməsə də, daha sağlam bir evlilik qurmağınızı
təmin edə bilər.