++++++++++++Kölgə və azadlıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 0
Baxılıb: 2 555
Səs ver:
(səs: 0)
KÖLGƏ VƏ AZADLIQ

Qapı çırpılanda kölgə həyatında ilk dəfə qaydanı pozub sahibinin ardınca getmədi. Pəncərə şüşəsinə sığınıb dərindən nəfəs aldı. Azadlığın mehi başını gicəlləndirdi. "Mən kiməm?” – deyib səssizlikdən cavab gözlədi. Səs gəlmədi. Balaca, bapbalaca kölgə qəfildən başa düşdü ki, heç kimdir, heç kim... Yazıqlaşdı... Nə üçünsə sahibi geri qayıtdı. Kölgə anasını itirən uşaq kimi qaçıb ona sığındı...

DOĞMALIQ


Dərdim böyük deyil, belə baxanda elə də balaca deyil. Nə böyük, nə də kiçik olmayan dərdimi yerə qoydum yer götürmədi, göyə uzatdım göy sahib durmadı. Dərdim asılıb qaldı havada. Baxdım, baxdım dərdimə yazığım gəldi. O da mağmın-mağmın üzümə baxıb qollarını geniş açdı. Mən də onu qucaqladım. Gördüm bir-birimizə çox yaraşırıq... 

YOXLUQ


Ömründə hər şey qıtıydı. Sevgi, məhəbbət, qayğı, nəvaziş. Olmayanların hamısını xəyalda tapırdı. Bir gün xəyal da qurtardı. Yoxluqda bir kölgə göründü. Arıq, miskin, ölüvay bir kölgə. Kölgə titrəyə-titrəyə güldü:
– Bir azdan mən də olmayacam...

ƏMANƏT


Qəlbi heç vaxt belə kimsəsiz olmamışdı. Bom-boş idi, lap Atakama səhrası kimi. Belə yavan qəlblə hara getmək olardı?
Yenə də özünü o yerə qoymadı. Ümidə oxşar nə isə tapmağa çalışdı. Hara üz tutdusa, əliboş qayıtdı. Birtəhər oldu. Peşmanladı. Bir zamanlar onun xəyalları göylərdə uçurdu. İçi okeanlar kini aşıb-daşırdı. Demə bunların hamısı məhəbbətdən imiş... 
Məhəbbət onun qəlbinə neçə il əvvəl, ilıq bir may günündə düşmüşdü. O vaxtacan məhəbbətin nə olduğunu bilməzdi. Çatana çatırdı, çatmayana da bir daş qolazlayırdı. Amma məhəbbətin əsiri olduğu günün səhəri əməlli-başlı adam olmuşdu. Həyat gözəl idi, daşlar da, çınqıllar da, nənəsinin ayağındakı zəhləsi getdiyi qoz boyda fır da... Bütün bunlar məhəbbətdən sonra baş vermişdi. Ürəyinə düşən düşmüşdü. O baxışlar, o gözlər, o gülüş, o səs...
Əmin idi ki, ürəyinin qapısını döymədən içəri keçən elə məhəbbətin özüdür. Həyəcandan meh vuran ot kimi titrəyirdi...
...Görüşdülər. Həyat düzənlikdə axan çay kimi səssiz, ulduzlar kimi işıqlı idi Məhəbbətdə naşılığı aydınca görünürdü. Qırıq-qırıq kəlmələr, utancaqlıq və bir də, bir də çırpınan, döyünən ürək...
Yenə görüşdülər... Sonra ayrıldılar. O, and içdi ki, tezliklə qayıdacaq, mütləq qayıdacaq. Getdi. Ürəyi də özü ilə apardı... Ürəksiz qaldı...
...Sərasər illər keçdi. Ürəyini çalıb gedən çox-çox uzaqlara getmişdi. Əl yetmirdi. O, isə unutmuşdu əmanəti. Unutmuşdu hər şeyi...
Bir yaz günü ayrıldılar, bir payız günü qarşılaşdılar. İllər üz gözlərinə əməlli-başlı əl gəzdirmişdi. Amma vaxtın bu cızma-qarası heç nəyi dəyişdirə bilməzdi. Ürəyini verən daha həyəcanlı görünürdü. O isə susurdu. Böyük sevgini də, özü ilə apardığı ürəyi də deyəsən unutmuşdu. 
Səbri çatmadı, ürəyini geri istədi. O, əvvəlcə özünü itirdi. Sonra ciblərini eşələdi, tiftiklərin içindən toz basmış, köhnəlmiş, təravətini itirmiş, qanı qaçmış ürəyi tapıb barmaqlarının ucunda geri qaytardı...
Ovcunda ürəyin zəif döyüntüsünü hiss etdi. Bir zaman çırpınan, sevincindən yerə-göyə sığmayan ürəkdən əsər-əlamət qalmasa da, ovcunu sinəsinə sıxıb o yerdən uzaqlaşdı...
Günlərlə ürəyi göz yaşı ilə təmizlədi, əzizlədi, xəlvətə salıb başına da dolandı. Amma xeyri olmadı. Bir səhər oyananda gözlərinə inanmadı. Ürək məhəbbətsiz keçinmişdi...

(səs: 0)
Şərhlər: 0
Baxılıb: 2 555
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri