Doğuşdan sonrakı simptomlar

Müəllif: Sweet Candy
Şərhlər: 3
Baxılıb: 2 426
Səs ver:
(səs: 0)
Doğuşdan sonrakı simptomlar doğuşdan sonra yavaş-yavaş özünə gələn qadın orqanizminə xasdır. Doğuşdan sonrakı bərpa mərhələsini daha tez keçmək üçün sizdən öz üzərinizdə işləmək, istirahət etmək tələb olunacaq və qısa müddətdə siz özünüzü xeyli yaxşı hiss edəcəksiniz.

Postnatal (doğuşdan sonrakı) simptomlara bir qədər narahatlıq və yorğunluq hissi, həmçinin doğuşdan sonra yüngül qanaxmalar aid edilir. Bütün bunlar normal hesab olunur və sizi qorxutmamalıdır.

Lakin elə hallar da olur ki, doğuşdan sonrakı ilk günlər və həftələr ərzində qadının sağlamlığı üçün həqiqətən, təhlükə kəsb edən ağırlaşmalar inkişaf edir. Belə hallarda dərhal tibbi yardım üçün müraciət etmək çox vacibdir. Vəziyyətinizin daha da pisləşəcəyini gözləməyin. Orqanizmi ən qısa müddətdə bərpa etmək məqsədilə ilk simptomlardan dərhal sonra tədbir görmək lazımdır.

Yadda saxlayın
Uşaq dünyaya gəldikdən sonra bu cür ağırlaşmalar yarandığı hallarda necə hərəkət etmək və tibbi yardım üçün haraya müraciət etmək lazım olduğunu həkiminizdən soruşun. Aldığınız məlumatı bir yerə qeyd edin və hamiləliyinizin gedişinin qeyd olunduğu sənədləri təhlükəsiz yerə qoyub bu barədə yaxınlarınıza bildirin. Zərurət yarandıqda bu, tibbi yardım briqadasına dərhal müvafiq müalicəyə başlamağa kömək edəcək.

Təxirəsalınmaz yardım tələb edən postnatal vəziyyətlər

Aşağıdakı simptomlardan ən azı biri yarandıqda dərhal həkimə müraciət edin.

1. Qan laxtaları (doğuşdan sonrakı qanaxma) daxil olmaqla, qəfil və ya daimi güclü qanaxma
Bu vəziyyət sürətli ürək döyüntüsü, başgicəllənmə, güclü tərləmə və ürəkbulanma kimi şok əlamətləri ilə müşayiət oluna bilər. Əgər qanaxma güclənirsə, siz saatda birdən artıq bez istifadə edirsinizsə və ifraz olunan laxtaların ölçüsü 50 qəpiklik sikkədən böyükdürsə, yubanmadan təcili yardın çağırın.

2. Güclü və ya daimi başağrıları
Başağrısı epidural və ya spinal anesteziyanın yan təsiri ola bilər. O, özünü oturaq və ya ayaqüstü vəziyyətdə olduğunuz zaman şiddətlənən güclü miqren kimi biruzə verə bilər.

Həkimə elə həmin gün müraciət edin ki, o, sizinlə əvvəlcə telefonla danışa bilsin və lazım olduqda sizi qəbula yazsın.

Buna baxmayaraq, doğuşdan sonra ilk 72 saat ərzində bulanıq görmə, ürəkbulanma və qusma ilə birgə güclü başağrılarının yaranması preeklampsiyanın əlaməti ola bilər. Əgər sizdə başağrısı ilə yanaşı, bu simptomlar da varsa, həkiminizə və ya təcili yardım xidmətinə zəng edin.

3. Arterial təzyiqin yüksəlməsi
Siz doğuşdan sonra ilk altı saat ərzində arterial təzyiqinizi ölçməlisiniz. Əgər aşağı rəqəm (diastolik) 90-dan yuxarıdırsa, sizdə preeklampsiya, həmçinin onun yaranması riski ola bilər. Dörd saatdan sonra digər simptomlar olmadıqda, təzyiqinizi təkrarən ölçün.

Eyni zamanda, əgər sizdə preeklampsiyanın digər əlamətləri, məsələn, başağrısı, bulanıq görmə və ya süstlük yaranırsa, dərhal təcili yardım çağırın.

4. Qarnın yuxarı hissəsində ağrılar
HELLP sindromu – nadir vəziyyətdir. Bu vəziyyət sizin son 48 saat ərzində doğuş həyata keçirdiyiniz halda və siz:
güclü yorğunluq
ürəkbulanma və qusma
qarnın yuxarı hissəsində həssaslıq və ağrı hiss etdikdə müşahidə olunur.

HELLP sindromu qara ciyərin fəaliyyətinə və qanın laxtalanmasına təsir göstərir, həmçinin qrip öncəsi vəziyyət hissini yaradır. Bu simptomları dərhal yoxlamaq lazımdır, buna görə də müalicə həkiminizə müraciət edin və ya ən yaxın təxirəsalınmaz müalicə şöbəsinə yollanın.

5. Nəfəs darlığı
Nəfəs darlığı, adətən, aktiv fəaliyyət zamanı, məsələn, dağa qalxanda yaranır. Lakin siz güclü nəfəs darlığı keçirirsinizsə və bu hiss hətta istirahət zamanı da sizi tərk etmirsə, deməli, təcili tibbi yardım tələb olunur. Bütün bunlar sizin ağ ciyərlərinizin qan damarındakı trombdan irəli gələ bilər (ağ ciyər emboliyası). Daha da pisləşməmək üçün elə həmin gün həkimə müraciət edin.

6. Sinədə ağrılar
Sinədə ağrı hissi tənəffüs yollarının yaxud doğuş zamanı gərilmiş əzələlərin infeksiya əlaməti ola bilər. bu vəziyyətə tam ciddiyyətlə yanaşmaq lazımdır, belə ki, bu, ağ ciyərlərin emboliyasından xəbər verə bilər. Buna görə də əgər siz nəfəs darlığı hiss edirsinizsə və ya sizdə qanlı öskürək əmələ gəlirsə, o halda həkim çağırın və ya ən yaxın xəstəxanaya gedin.

7. Baldırda ağrılar
Baldırda ağrı, şişkinlik və ya həssaslıq dərin venaların trombozundan (DVT) irəli gələ bilər. DVT əzələdəki dərin venada tromb əmələ gəldiyi zaman yaranır. Bu, xəstənin həyatı üçün təhlükəli ola bilər. Xüsusilə, ayağın arxa hissəsində, diz oynağından aşağıda qızartı müşahidə oluna bilər, həmçinin trombun əmələ gəldiyi yerdə ağırlıq və ya istilik hissi ola bilər. bu simptomlar baş verdikdə elə həmin gün həkimə müraciət edin.

8. Yuxusuzluq və ifrat qıcıqlanma kimi maniakal davranış
Doğuşdan sonra bəzi analar özlərinin emosional və ruhi vəziyyətlərində böyük dəyişiklik hiss edirlər. Buna görə də əsəb pozğunluğu, ifrat qıcıqlanma və sayıqlama doğuş sonrası psixoz adlanan nadir vəziyyətin yaranmasından xəbər verir. Belə əsəb pozğunluğunun zəif əlamətləri bir neçə saat ərzində güclü ruhi xəstəliyə çevrilə bilər, buna görə də təxirəsalınmaz tibbi yardımı təmin etmək və müalicə kursu təyin etmək son dərəcə vacibdir. Elə həmin gün öz həkiminizə zəng edin.

9. Çox yüksək hərarət (38 °С və daha yüksək)
Yüksək hərarət titrətmə ilə müşayiət oluna bilər və orqanizmdə infeksiyanın əlaməti sayılır. İnfeksiyanın müalicəsinə doğuşdan dərhal sonra başlamasanız, bu, ciddi xəstəliyə səbəb ola bilər.

Ən çox yayılmış infeksiya ocaqları uşaqlıq yolu və rektal dəlik (aralıq), qeysər kəsiyinin yarası, sidik-cinsiyyət sistemi və ya bətn (uşaqlıq) nahiyəsində cəmləşir. İnfeksiya uşaqlıqda olduqda qarında ağrılar hiss oluna və ya uşaqlıq yolunda kəskin iyli ifrazat (loxiya) ola bilər. Dərhal tibbi yardım üçün müraciət edin.

10. Doğuşdan sonra altı saat ərzində sidiyəgetmənin olmaması
Əgər uzun müddət ərzində sidiyəgetmə baş vermirsə, buna səbəb onun tutulması ola bilər. Əgər sizin doğuşunuz xəstəxanada baş veribsə, tibb bacıları sizin gün ərzində neçə dəfə tualetə getdiyinizə nəzarət edəcəklər. Əgər siz evdəsinizsə, onda isti vanna və ya duş qəbulu sizə kömək edə bilər. əgər buna baxmayaraq, sidiyə getmirsinizsə, o zaman dərhal həkimə müraciət edin.

Sizdə aşağıdakı simptomlar müşahidə edildikdə, mümkün qədər tez zamanda müalicə həkimi ilə əlaqə saxlayın:

1. Uşaqlıq yolundan ifrazatlar kəskin iyə malik olduqda.
Bu, uşaqlıqda və ya uşaqlıq yolunda infeksiyanın olmasından xəbər verə bilər.

2. Qarnın həssaslığı. Bu da infeksiya əlaməti ola bilər və sizə qeysər kəsiyi edildikdə sizin qarın nahiyəsində əməliyyat sonrası tikişlərinizin ətrafında hiss oluna bilər. Həssaslıq ciftin ayrıldığı uşaqlığın daxilində də hiss oluna bilər, çünki onun yerində hal hazırda yara var və o, sağalmalıdır. Uşaqlıqdakı infeksiyanı müalicə etməsəniz, güclü qanaxma (doğuşdan sonrakı qanaxma) riski arta bilər, buna görə də həkimə müraciət etmək lazımdır.

3. Babasil düyünlərinin sallanması. Babasilin xeyli yayılmış hal olduğuna baxmayaraq, uşaq doğulduqdan sonra o, kəskinləşə və sizə ağrı verə bilər. Babasil anusun daxilində varikoz venalardır, lakin onlar bayıra çıxa bilər (babasil düyünləri). Əgər sizdə kəskin babasil, babasil düyününün sallanması əmələ gələrsə və rektal dəlikdən qanaxma müşahidə olunarsa, siz dərhal həkimə müraciət etməlisiniz.

4. Bir neçə gün keçməyən doğuşsonrası depressiya. Doğuşdan bir neçə gün sonra qəmginlik, ağlağanlıq, yorğunluq və ya narahatlıq – adi haldır. Bu simptomlar çox vaxt bir neçə saatdan və ya gündən sonra keçir. Lakin əgər siz özünüzü son dərəcə sarsılmış hiss edir və ana olmanızdan məmnunluq duymursunuzsa, çox ehtimal ki, siz doğuşsonrası depressiyadan əziyyət çəkirsiniz. Ailəniz və həkiminizlə söhbət edin, onlar sizə kömək edə və ehtiyac duyduğunuz məsələdə dəstək ola bilərlər.

5. İntihar haqqında fikirlər. Əgər sizi pis fikirlər bürüyürsə və ağlınıza intihar haqqında fikirlər gəlirsə, o zaman dərhal kömək üçün müraciət edin. Belə fikirlər sizin pis ana olduğunuz və ya bu haqda kiməsə danışsanız, uşağı sizdən alacaqları mənasına gəlmir. Həkiminizlə əlaqə saxlayın və ya ailə dostunuz yaxud ailə üzvünüz ilə bölüşün ki, onlar sizə kömək etsinlər. O zaman özünüzə baxmaq və uşağınıza qulluq etmək üçün sizinehtiyac duyduğunuz dəstəyi göstərəcəklər.

6. Qasıqda kəskin ağrılar, sidiyəgetmə zamanı göynətmə, sidikdə xoşagəlməz qoxu. Bu, tikişlərdə və sidik-cinsiyyət sistemində infeksiyanın nəticəsi, həmçinin uşaqlıq yolunun toxumalarında qanın yığılması (hematoma) və ya böyük qançırla əlaqədar ola bilər. Həkim və ya tibb bacısı sizi müayinə etməli və qasıq nahiyəsinin normal sağaldığına əmin olmalıdırlar.

7. Anal dəlikdən ifrazat. Uşaq doğulduqdan sonra tualetə tələsmək – təbii haldır. Lakin əgər siz hələ tualetə girməmişdən ifrazat aşkar edirsinizsə və defekasiyanı nəzarətdə saxlaya bilmirsinizsə (nəcisi saxlamama), mümkün qədər tez zamanda həkimə müraciət edin.

8. Qəbizlik. Doğuşdan bir neçə gün sonra siz defekasiyaya qəfləti çağırışlar hiss edə bilərsiniz. Əgər siz üç gün ərzində nəcis ifraz etməmisinizsə və qarnınızda narahatlıq və qəbizlik hissi artırsa, o zaman bunun daha da pisləşməsinə yol verməmək üçün həkiminizlə məsləhətləşin.
(səs: 0)
Şərhlər: 3
Baxılıb: 2 426
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri