Qızlar arasında qısqanclıq

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 6 548
Səs ver:
(səs: 0)
Həyatda bizim sevdiyimiz insanlar yalnız valideynlərimiz, ailə üzvlərimiz deyil. Sevdiyimiz insanlar sırasına məktəbdə, universitetdə bizlə birgə oxuyan həmyaşıdlarımızı, iş yoldaşlarımızı və s. aid edə bilərik. Onların hər birinin həyatımızda tutduqları yer bizim onlara verdiyimiz statusdan asılıdır. Kimisinə adi bir tanış, kimisinə yoldaş, kimisinə yaxın insan və s. adını verərik. Lakin vaxtımızı birgə keçirdiyimiz, sirlərimizi paylaşdığımız və ya yanımızda olmasa belə emosional bağlılığımız olan insanlar olur ki, biz onu "rəfiqə” adlandırırıq. Bəs rəfiqəmizlə konflikt yaşayırıqmı? Müşahidələr rəfiqələr arasında yaranan konfliktlərin əsas səbəbinin qısqanclıq olduğunu göstərir. Rəfiqə sözünün məhz qadınlara aid olduğunu, qadınların isə emosional, hislərə önəm verən biri olduğunu bilirik. Bu səbəbdən qadınların rəfiqəlik münasibəti qısqanclıq hissi olmadan ötüşmür. Bəs rəfiqələr arasında olan qısqanclıq hissi nədən yaranar? Ümumiyyətlə rəfiqələr arasında olan qısqanclıq normal hal hesab olunurmu?
• İtirmək qorxusu. Çox zaman qısqanclığın yaranma səbəbi kimi məhz itirmək qorxusu ön planda durur. Bəs həqiqətənmi qısqanclıq itirmək qorxusundan yaranır? Bu sualın cavabı qısqanclıq hissi keçirən insanın keçmişindən, yaşadıqlarından və bizə qədər olan rəfiqəlik münasibətlərindən də asılıdır. Əgər rəfiqəlik etdiyimiz şəxsin keçmiş rəfiqəsi ilə münasibətində itirmək qorxusu ilə bağlı travma yaranıbsa onun bizi aşırı dərəcədə qısqanması mümkün haldır. Bu mövzunu onunla müzakirə etməklə bu halı aradan qaldırmaq olar.
• Qısqanclıq, yoxsa paxıllıq? Qısqanclığın bir növü də məhz paxıllıq hissindən doğar. Rəfiqəmizin həyat tərzinə, onun əldə etdiklərinə və bir çox uğurlarına paxıllıq hissi ilə yanaşmaq bizim öz daxili dünyamızı məhv edər. İçimizdə rəfiqəmizə qarşı paxıllıq hissi varsa münasibətlərə göz gəzdirmək vaxtıdır. Onun bizim üçün əsl rəfiqə olması şübhə altındadır.
Ona paxıllıq edəcəyimiz zamanı özümüzə sərf edib daha böyük uğurlara imza
ata bilərik.
• Qibtə hissi. Əslində paxıllıq hissi heç də bütün hallarda neqativ mənalı olmur. Paxıllığın qarşımızdakı insana olan qibtə hissindən yaranması onu qısqanclıq formasında təzahür etdirər. Rəfiqəmizin ona olan qibtə hissimizi paxıllıq, yaxud qısqanclıq kimi anlamasından ehtiyat edərək onun uğurlarına və sevincinə şərik olduğumuzu ona hiss etdirək.
• Qısqanclıq sevginin ölçüsüdürmü? Rəfiqəmizi başqası ilə bölüşmək qorxusu, yaxud da bizə olan sevgisinin azalacağından narahat olmamız bizdə normal sayılan qısqanclıq yarada bilər. Lakin bu qorxu qarşımızdakı insanı bizdən bezdirməyə xidmət edərsə və insani münasibətləri öldürəcək həddə gəlib çatarsa burada sevginin ölçüsündən söhbət belə gedə bilməz.
• Qısqanclıq zəiflikdirmi? Bəli, əslində qısqanclıq bizim özümüzün özümüzə qarşı ən böyük zəifliyimizdir. Rəfiqəmizi başqasına qısqanmağa sərf etdiyimiz vaxtı onun həyatındakı yerimizi böyütməyə sərf etsək həm özümüzə güvənimiz artar, həm də onun üçün ən dəyərli insanlardan biri olarıq.
• Qısqanclığımızı nifrətə çevirməyək. İnsanın həyatımızdakı rolundan asılı olaraq ona duyduğumuz qısqanclığın bizdə yaratdığı əlavə hislər və həmin insana qarşı duyduğumuz münasibət fərqli olur. Məhz rəfiqəmizin bizlə eyni cinsdən olması qısqanclığımızın ona qarşı nifrət yaratmasına səbəb olar. Bu halda rəfiqəliyimizin pozitiv münasibətlər üzərində qurulmadığı aşkarlanar.
• Qısqandığımız insan həqiqətən rəfiqəmizdirmi? Əslində "rəfiqə” sözü nisbidir və hər kəs üçün müxtəlif mənalar kəsb edir. Qısqandığımız şəxsin bizim üçün hansı mənanı ifadə etdiyinə diqqət yetirək. Bəlkə rəfiqə dediyimiz insanla məcburiyyətdən, yaxud da vaxt keçirmək istəyindən münasibət qurmuşuq? Rəfiqəmizlə məhz nə üçün rəfiqə olduğumuzu düşünək, ilk tanışlığımızı xatırlamağa çalışaq. Əgər ona qarşı bəslədiyimiz hislər neqativdirsə və qısqanclıq bizə rahatlıq vermirsə, o zaman ondan uzaqlaşmağın vaxtıdır. Bunu tək onun üçün deyil, özümüz üçün də edək: həyatımızı sağlam münasibətlər üzərində qurmaq bizi daha xoşbəxt edər.

Müəllif: "Azərbaycan Uşaq Qaynar Xətt” xidmətinin psixoloqu

Mənbə: /Qadınlar.Biz/

(səs: 0)
Şərhlər: 6
Baxılıb: 6 548
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri