Perfeksionizm başqa sözlə mükəmməlliyətçilik – bu mövqeni ilk baxışdan
qüsursuzluq kimi qavrayırıq. Əslində mövcud olan qüsurları gizləmək
üçün " dəridən qabıqdan çıxmaq”, o cümlədən sahib olmaq istəyib də ola
bilmədiyimiz keyfiyyətlərin şəxsiyyətin strukturunda yaratdığı
boşluqları doldurmaq üçün istifadə edilən cəhdlərin adıdır.
Potensialından daha artığına sahib olmaq istəyi insanlarda müxtəlif
davranışlar şəklində özünü göstərir. İstənilən mühitdə şəxslərarası
münasibətdə insan daim öz mövqeyinin toxunulmazlığı uğrunda
mübarizədədir. Adətən, ilkin təəssürat xarakterik xüsusiyyətlərin
aşkarlanması istiqamətində mühüm informasiya mənbəyi olduğundan əsasən
yeni tanışlıqlar zamanı çatışmazlıqlarımızı gizləməyə çalışırıq.
Mükəmməlliyətçi olmaq bir növ rütubətli divara boya çəkməklə mövcud
nəmi gözlərdən gizlətmək kimidir və daim boyalanmağı tələb edir.
Perfeksionizmin kökündə qarşısını almaqda çətinlik çəkdiyimiz və aşkar
olduqca özgüvənimizi minimuma endirən çatışmazlıqlarımızdır. Hər zaman
qüsursuzluğa can atmaq , əslində kiçik nöqsanların belə öhdəsindən
gələcək qədər gücə sahib olmamağın nəticəsidir. İnsan istənilən
situasiyada tənqidə açıq olmalıdır. Nöqsanların qəbul edilməsi onların
aradan qaldırılmasını tezləşdirir. Öz davranışının analizini apararkən
qarşı tərəfin də baxış prizmasını nəzərə almaq daha obyektiv
qiymətləndirməyə səbəb olur. Hər halda məsələyə dörd gözlə baxmaq daha
səmərəlidir nəinki iki gözlə. Ümumiyyətlə, nöqsanları görməzdən gəlmək,
laqeyd münasibətlə onu həll etmədən ört-basdır etməyə çalışmaq, yaxud
üzə çıxmaması üçün daxildə emosiyalarımızın müharibəsini aparmaq mövcud
fəaliyyətin gedişatının ləngiməsini surətləndirir. Daha dəqiq desək,
keyfiyyətlər strukturunda natamamlıq mövcud olduqda özgüvənin aşağı
enməsi müşahidə olunur. Və bu enişi gizlətmək, yaxud stabil vəziyyətə
gətirmək üçün səylər ortaya qoyulur. Beləki, ünsiyyət zamanı tez-tez
"mən”, "ümumiyyətlə”. " mümkün deyil”, "heç vaxt”, "daima”, "
bütünlüklə” və s kimi kəskin və net məna daşıyan sözlərdən istifadə
edilir. İstənilən sahədə qüsursuzluğa can atmaq effektivliyi artırsa
da, mövcud qüsurlarla mübarizə aparmaq da mübət keyfiyyətlər
sırasındadır. Özünü olduğu kimi deyil olmasını istədiyi kimi təqdim
etmək perfeksianizmin digər adıdır. Qarşı tərəfdə "qüsursuzluq aşiqi”
təəssüratını yaratmaq cəhdi əslində qarşı tərəfin tuta biləcəyi nöqsana
dözümsüzlüyün göstəricisidir. Eynən müdafiə mexanizmi kimi.
Perfeksionist olmaq sahibi tərəfindən "Mən hər şeydə mükəmməlliyi
sevirəm” , " Ya tam olsun ya heç olmasın” kimi ifadə olunsa da qarşı
tərəfdən "Mən nöqsanlarımı əslində sözlərlə gizləməyə çalışıram”, "
Tənqidləri qəbul edə bilmərəm”, "Sahib ola bilmədiyim keyfiyyətləri sizə
sezdirməməyə çalışıram” kimi qəbul edilməlidir. Xarakterik cəhətdən ən
güclü, hər işdə detallarına kimi dəqiq olan şəxsiyyət tipi kimi
qavradığımız mükəmməlliyətçi insan, əslində qüsurlarına görə tənqid
olunmağa tam hazır olmayacaq dərəcədə dözümsüzdür və bu səbəbdəndir ki,
onu sözlərlə, müəyyən davranışlarla aşkarlamamağa çalışır. Nəticə
etibarilə mükəmməlliyətçilik orta stabil mövqedən "kəsə yolla” daha
yüksək pilləyə irəliləmək istəyidir. Hər addımda qarşılaşdığımız
manelərlə mübarizə aparmadan onlardan yayınmaq, zamanla sahib
olacağımız statusun fundamental quruluşunda defisitlər yaranmasına
şərait yaradır. Və bu saxta yönəlişlik zamanla əldə etdiyimiz yüksək
mövqenin "ağırlığına” tab gətirməz vəziyyət alır. Bu səbəbdəndir ki,
çatışmazlıqlarımızdan qaçmamaq, onların mövcudluğuna göz yummamalıyıq,
ən əsası mükəmməlliyətçilik pərdəsi altında gizlətməməliyik. Başqa
sözlə, başımız ağrayan zaman ağrıkəsici atmaqla kifayətlənmək ağrının
kökünə enməkdən qaçmaqdır ki, bu da istənilən halda çıxış yolu deyil,
çünki o ağrı ən müdafiəsiz vaxtımızda bizi " qarşılaya” bilər.
Zümrüd Səfərova.