İnsanlar niyə zombilərə çevrilirlər?

Müəllif: Mr. OffiCeR
Şərhlər: 6
Baxılıb: 3 150
Səs ver:
(səs: 1)
Son dövrlərdə mobil telefonların funksiyalarının getdikcə çoxalması istifadəçilərin ona olan marağını daha da artırıb. Bu gün bir faktdır ki, insanlar telefondan yalnız danışıq vasitəsi kimi deyil, internetdən istifadə, musiqiyə qulaq asmaq, müxtəlif oyunlar, kitab oxumaq və s. məqsədlərlə istifadə edirlər. Lakin bütün bunlarla bağlı istifadəçilərdə telefona həddindən artıq aludəçilk yaranması, onların müxtəlif problemlər yaşamasına gətirib çıxarır.
 
Bu istiqamətdə mövcud problemlərlə bağlı bəzi ölkələrdə aparılan araşdırmalar da bunu bir daha təsdiq edir. Yaponiyanın paytaxtı Tokioda küçədə gedərkən ağıllı telefondan istifadə edən vətəndaşların zombilərə çevrildiyini göstərmək üçün insanlar kameraya çəkiliblər. Qırmızı işıqda gözləyərkən "ağıllı” telefondan istifadə edənlərin yaşıl işıq yandıqda qarşı tərəfə keçməsi və bu zaman bir telefona və bir də yola baxmaları anbaan qeydə alınıb. İnsanların zombiləri xatırladan bu görüntüsündə "ağıllı” telefonların insanları sosial həyatdan necə ayırdığı göz önündədir. Eyni zamanda bu onu göstərir ki, uzaqda olanlarda danışmaq, onlara mesaj yollamaq, musiqi dinləmək kimi imkanları təqdim edən mobil telefonlar "ağıllı” hala gəldikdə internetin istənildiyi kimi istifadə edilməsi, yüksək keyfiyyətdə oyunlar, görüntülü danışma, yüksək keyfiyyətli şəkil çəkmə, bank əməliyyatları və s. telefonlar vasitəsilə həyata keçirilməsini seçən istifadəçilərin zaman keçdikcə telefona olan asılılığı artmağa başlayıb. Lakin bunu özlərinə deyərkən onlar telefondan asılı olduqlarını qəbul etmirlər. Statistikaya nəzər salsaq, Tokioda son 4 ildə 122 insan telefon istifadə edərkən düşdüyü qəza səbəbilə xəstəxanalıq olub. Bundan başqa, telefonuna baxarkən dəmir yolundan qarşı tərəfə keçmək istəyən bir adam qatarın gəldiyini hiss etmədən həyatını itirib.

Bu gün Tokio, London, Nyu-York, Honkonq kimi inkişaf etmiş şəhərlərdə "ağıllı” telefonlardan daha sıx istifadə edildiyi bildirilir. Tokioda velosipedlə və piyada gedərkən baş verən qəzaların 41 faizi telefon istifadəsindən qaynaqlanır. Digər tərəfdən, bir insanın telefondan istifadə edərkən nə qədər görüş imkanına sahib olmasını araşdıran Yaponiyanın ən önəmli mobil firmalarından biri aşkarlayıb ki, bu zaman insan cəmi 5 faiz ətrafını hiss edir. Bu mövzuda kompüterdə simulyasiya zamanı məlum olub ki, 1500 insanın getdiyi bir yolda 446 nəfərin toqquşduğu, 103 insanın yıxıldığı, 21 insanın isə telefonunu saldığı müşahidə edilib və bu vəziyyətin xüsusilə də uşaqlar üçün çox təhlükəli olduğu bildirilir. Yaponiyada "ağıllı” telefon istifadəçilərinin sayının daha da çoxaldığı və xüsusilə məktəbə gedən şagirdlərin də "ağıllı” telefondan istifadə etdiyi, günbəgün onların sayının artdığı bildirilir.
 
İstədiyi məlumata böyük bir sürətlə çatan adam eyni sürətlə onu unudur
Hazırda ölkəmizdə hər 100 nəfərə düşən mobil abunəçilərin sayı 110-a bərabərdir. Əhali ən son funksiyaya malik mobil telefonları almağa cəhd edir. Hətta mobil telefondan istifadə edən əhaliyə diqqət etdikdə onların da bir çoxunun bəzən cəmiyyətdən təcrid olunduğunu görmək mümkündür.
 
Həkim-psixoloq Səbinə İsgəndərova mobil telefondan hədsiz dərəcədə istifadə insanlarda əvvəlcə fərdi sərhədlərin ortadan qalxmasına, özlərini sosial-psixoloji mənada müdafiəsiz qoymalarına, konsentrasiya itkisinə bağlı olaraq performansın düşməsinə səbəb olur: ""Ağıllı” telefonlarla, bir tərəfdən, məlumatı anında əldə edə bilmək imkanı yaransa da fiziki və psixoloji problemlərə də səbəb olur. "Ağıllı” telefonların fiziki və zehni sağlamlığa əhəmiyyətli ölçüdə təsir etdiyi bildirilir. Davamlı ekrana baxmaq baş ağrısı və göz problemlərinə, davamlı əldə daşıyaraq edilən hərəkət isə zamanla baş barmaqda oynaq xəstəliklərinə yol aça bilir. "Ağıllı” telefonlarla gün içində davamlı e-mail adresləri və ictimai medianı təqib etmək bir çox insanlarda şüurxarici bir davranış, bir asılılıq halına gəlir. Bu vəziyyət isə insanlarda bir-biri ilə əlaqə qurmaq bacarığını zəiflədərək asosial, daxilə qapanma, sanki mexanikləşən bir insan modeli meydana gətirir”.

"Ağıllı” telefon texnologiyasıyla insan yaddaşının zəiflədiyini deyən S.İsgəndərovanın sözlərinə görə, istədiyi məlumata böyük bir sürətlə çatan adam eyni sürətlə də onu unudur: "Davamlı bir əlçatanlıq və hər şeydən xəbərdar olmaq istəyi insanda stress yaradır. Yuxu nizamı pozuqluğu, depressiya və daha çox psixoloji problemlərə zəmin hazırlayır".
 
Mobil telefondan, ən az danışıq vasitəsi kimi istifadə olunur
Sosioloq Əhməd Abbasbəyli isə bildirdi ki, müasir texnologiyaların cəmiyyətin gündəlik həyat tərzinə çevrilməsi müsbət təsirləri ilə yanaşı, mənfi amillərə də gətirib çıxarır:

"Bunlardan biri də insanların həddən artıq telefona aludə olmasıdır. Son dövrlər telefondan xüsusən gənclər arasında əsasən danışıq vasitəsi kimi istifadə edilmir. Yəni telefon danışıq vasitəsi kimi istifadə edilməlidir, ancaq müasir telefonlar musiqi qurğusu, oyun mərkəzi, internetdən istifadə kimi imkanlara malik olduğuna görə insanlar daim telefondan asılı vəziyyətdə qalırlar. Çoxşaxəli imkanlar insanları telefondan asılı vəziyyətdə saxlayır. Bu gün müasir gənc özünü telefonsuz təsəvvür edə bilmir. Hətta telefon ən az danışıq vasitəsi kimi istifadə olunur. Daha çox musiqi, oyun mərkəzi, yaxud sosial şəbəkələrlə bağlı istifadə edilir. Bu mənada demək olar ki, vaxtlarının böyük bir hissəsini telefonla keçirirlər. Bu o deməkdir ki, insanlar yaxın qohum-əqrəba, dostlarla telefon vasitəsilə ünsiyyətdə olurlar. Bunun mənfi təzahürləri var. Bu da ondan ibarətdir ki, məsələn, son dövrlər məşhur bir hadisə olmuşdu. Belə ki, qulağında qulaqcıq olan oğlana uçan binadan qışqırırlar ki, kənara çəkilsin, bina uçur, ancaq o eşitmir. Yaxud qızlar qulaqcıqla yolda hərəkət edirlər, bu zaman yol qəza hadisəsi baş verir. Bu gün bir gənc qızla oğlan görüşərkən oturub söhbət etmir, masada hər biri telefonla məşğul olurlar. Bunlar ünsiyyət qurmalıdırlar ki, bir-birinin xasiyyətini öyrənə bilsinlər. Eləcə də dostlar arasında bu baş verir”.

Sosioloq deyir ki, sürücülər üçün sükan arxasında telefonla danışmaq adi hala çevrilib. İnzibati Xətalar Məcəlləsində 50 manata qədər cərimə nəzərdə tutulsa da telefonla danışmağın onlar üçün adi bir hala çevrildiyini deyən Ə.Abbasbəylinin sözlərinə görə, bizim əhalinin sevdiyi bahalı telefon və bahalı maşınlardır:

"İnsanlar öz sağlamlığını düşünmürlər, ancaq çalışırlar ki, bunları kreditlə də olsa alıb hamıya göstərsinlər. Düzdür, telefonla istədiyin yerdə danışa, məlumat alıb-verə bilirsən. Bu, zamanın tələbidir. Telefondan imtina etmək mümkün deyil. Sadəcə olaraq ondan əsas məqsəd üçün istifadə etmək lazımdır. Davamlı olaraq elektromaqnit dalğalarının təsiri altında olmaq heç də yaxşı hal deyil”.
 
Mobil telefondan istifadə psixoloji asılılıqdır
Psixoloq Elnur Rüstəmov isə bildirdi ki, istər avtomobil idarə edərkən, istər piyada yol gedərkən telefondan istifadə ilk növbədə diqqət dağınıqlığı yaradır:

"İnsan mobil telefonda hansısa bir musiqiyə qulaq asırsa, yolu keçərkən problem yaradır. Telefonlar bu gün ancaq danışmaq üçün istifadə edilmir. Kitab oxumaq, musiqi dinləmək, internetdən yararlanmaq üçün istifadə edilir, hər hansı videonun izlənməsi insanların aludə olması, ona təsir göstərməsinə gətirib çıxarır. Ətrafda nə baş verdiyinin fərqində olmur. Onlara qarşı təhlükələr yaranır. Bu cür hallara qarşı tədbirlər görülməsi çox vacibdir. Avtomobil idarə edərkən telefondan istifadəyə görə İnzibati Xətalar Məcəlləsində cərimə nəzərdə tutulur. Diqqətə almaq lazımdır ki, telefonda nəyisə oxuyarkən, izləyərkən müsbət təsirlərlə yanaşı, əhval-ruhiyyəyə mənfi təsirlər də alırıq. Çalışmalıyıq ki, uşaqları bu cür hallardan uzaq tutaq. Çox təəssüf ki, uşaqlar əllərində telefon gedərkən yola da baxmırlar. Bunu məhdudlaşdırmaq lazımdır ki, problem yaranmasın”.

Psixoloqun fikrincə, bugünkü problemlərdən biri də insanların ifrat komforta düşkün olmalarıdır:
"Məsələn, istəyirlər ki, mobil telefonla musiqiyə qulaq assınlar. Adam ətraf üçün problem yaratsa da öz dünyasında rahatdır. Ona görə də təhlükəyə atılsa da özünü yaxşı hiss edir. Xüsusilə avtomobil idarə edərkən sürücülər diqqətli olmalıdırlar, çünki mobil telefonlar həyəcan verir, evdə, yaxud işdə problem yaranır. O insanın avtomobil idarə etməsi həm özü, həm də insanlar üçün çox təhlükəlidir. İnsan var ki, evdən çıxarkən görür ki, telefonu evdə unudub və özünü çox diskomfort hiss edir. Mobil telefondan istifadə psixoloji asılılıqdır”.
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 3 150
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri