Bir çox hallarda insanlarda qəbizliyin səbəbi düzgün olmayan qidalanma olur.
Ağ çörək, ağ undan bişirilmiş müxtəlif un məmulatları (bulka və s.),
yağlı ət və balıq bulyonları, qızarmış, duzlu qidalar, tünd çay,
şokolad, makaron məmulatları və s. kimi qidaların daim qəbulu insanda
qəbizliyə səbəb ola bilər. Əksinə isə meyvə-tərəvəz, süd məhsulları,
sıyıqlar, quru meyvələr, yaşıl çay, çobanyastığı dəmləməsi qəbizliklə
mübarizədə insana çox yaxşı kömək edir.
1. Səhər acqarına 1 çay qaşığı bal əlavə olunmuş 1 stəkan ilıq su için.
Bu bağırsaqların motorikasını (fəaliyyətini) yaxşılaşdırır. Ümumillikdə
qəbizliyi olan insan çoxlu maye içməlidir - yaşıl çay, adi təmiz su,
müxtəlif kompotlar (dükanlarda alınan yox!). Qara çay, qazlı limonadlar,
cola əks-göstərişdir.
2. Qarabaşaq, qəhvəyi düyü, yulaf ("herkules") və darı yarmalarından
hazırlanmış sıyıqlar çox yaxşı effekt verir. Sıyıqları süddə yox, suda
bişirmək lazımdır. Sıyığı çox bişirmək lazım deyil. 10-15 dəqiqə ərzində
bişirin, sonra oddan götürün və dəsmala bükün. Sıyığı qəbul edtikdə ona
1 çay qaşığı zeytun yağı əlavə edin.
Sıyıqlara təzə və qurudulmuş meyvələri (alma, ərik, qara qavalı, əncir,
kişmiş) də əlavə etmək olar. Misal üçün: kişmişi axşamdan isti suda
isladın. Səhər yulaf yarmasından sıyıq bişirin. Sıyığa axşamdan
isladılmış kişmiş əlavə edin.
3. Müxtəlif tərəvəz salatları bağırsaqları yaxşı işlədir.
Çuğunduru bişirin, sürtgəcdən keçirin, xırda doğranmış qara qavalı qurusunu və zeytun yağı əlavə edin.
Kök, kələm, alma (hamısı çiy vəziyyətdə), göyərti doğrayın, zeytun yağı və 1/2 limon şirəsini əlavə edin.
Bolqar bibəri, xiyar, pomidor, göyərti doğrayın, xırda doğranmış yağı az olan ağ pendir və zeytun yağı əlavə edin.
4. Yağı az olan süd məhsulları (kefir, yoqurt, xama və s.) bağırsaqların
fəaliyyətini yaxşılaşdırır. Bu süd məhsulları sizin menyunuzda hər gün
olmalıdır. Uzunsürən qəbizlik zamanı ən təsirli vasitələrdən biri - 1
stəkan kefir + 1 xörək qaşığı zeytun yağı. Qarışdırın və yavaş-yavaş
için.
5. Əncir, qara qavalı, ərik quruları, kişmiş qəbizliklə mübarizədə çox yaxşı effekt verir.
Meyvə quruları axşamdan isti suda isladın, səhər isə sıyıqlara əlavə edin. Alınmış şirəni isə için.
Meyvə quruları termosda dəmləmək daha yaxşıdır. Hərəsindən 5 dənə
olmaqla qara qavalı, əncir, ərik qurusu, 1 ovuc kişmiş götürün və
2-litrlik termosda qaynar su ilə dəmləyin. Dəmləmə çox dadlı alınır. Bu
dəmləməni içdikdə ora 1 çay qaşığı bal əlavə etmək olar.
6. Çobanyastığı dəmləməsi bağırsaqlara çox yaxşı təsir edir, köpdən və
qazlardan xilas edir. 1 xörək qaşığı çobanyastığı otu 1 stəkan qaynar
suda dəmləyin, süzün və axşam yatmazdan əvvəl 1/2 stəkan olmaqla için.
Dəmləməyə 1 çay qaşığı bal da əlavə etmək olar. Çobanyastığı dəmləməsi
həm də insanın sinir sisteminə müsbət təsir edir, sakitləşdirir.
Nəzərinizə çatdıraq ki, qəbizlik isə bir çox hallarda insanlarda stresin
fonunda inkişaf edir.
7. Buğda kəpəyi bağırsaqların fəaliyyətinə çox müsbət təsir edir. 1
xörək qaşığı buğda kəpəyi axşamdan 1 stəkan suda isladın, səhər
qarışdırın və için. Buğda kəpəyini həmçinin müxtəlif salatlara, suplara
əlavə etmək olar.