Klaster (ingilis sözü olub "cluster” – "dəstə”sözündəndir) baş ağrıları – yalnız kişilərin "imtiyazıdır” və buna görə də onu bəzən "kişi miqreni” də adlandırırlar. Klaster
baş ağrıları, adətən, 20-30 yaşında olan kişilərdə baş verir. 60-65
yaşlarında isə, adətən, keçib gedərək, bir daha təkrarlanmayır.
Mütəxəssislər hesab edirlər ki, klaster baş ağrılarından işləyən
kişilərin böyük əksəriyyəti əziyyət çəkir.
Klaster
baş ağrılarının səbəbi sona qədər aydınlaşdırılmamışdır. Ancaq məlumdur
ki, belə baş ağrıları streslə, siqaret çəkilməsi, qaydasız şəkildə qida
qəbul edilməsi, yuxusuzluqla bilavasitə əlaqəlidir. Klaster baş ağrısı
tutmaları istilik, soyuq, iqlim dəyişikliyi, kifayət qədər yatmamaq,
sublinqval (dilin altına qoyulmaqla) şəkildə nitroqliserin qəbul
edilməsi və s. səbəblər nəticəsində də baş verə bilər.
Klaster
tipli baş ağrıları əksər hallarda gecə saatlarında başlayır. Ağrılar
hədsiz dərəcədə güclü, üzücü, sanki deşici, yandırıcı, pulsasiyaedici
olması ilə xarakterizə olunaraq başın və sifətin bir yarısına iztirab
verir. Bir çox hallarda ağrı göz, qaşüstü, gicgah, alın və təpənin bir
hissəsini əhatə edərək, bəzi hallarda qulağa və aşağı çənəyə də yayılır.
Bu zaman göz yaşarır və qızarır, yuxarı göz qapağı bir qədər aşağı
enir, dəri xırda tər damcıları ilə örtülür, burun yolu tutulur.
Bu
halda, ağrılar davam etmə müddətinə görə nisbətən qısa olsalar da, ağrı
bir neçə gün və ya həftə ərzində müəyyən fasilələrlə müntəzəm olaraq
təkrar olunur. Ağrı iztirabı 30 dəqiqədən 2 saata qədər davam edərək,
gün ərzində 2-3 dəfə təkrar oluna bilər. Sonra ağrılar tam şəkildə yox
olaraq, 6 aydan 2-3 ilədək olan müddət ərzində xəstəni narahat etməyə
bilərlər.
Klaster
baş ağrısı insult və ya damarlarda olan digər fəsadların baş verməsi
ilə təhlükəli deyil. Ancaq bu ağrılar insana xeyli dərəcədə əzab-əziyyət
verir. Ona görə də bu ağrılara düçar olanlar hər vasitə ilə onları
provakasiya edən faktorların təsirindən özlərini qorumalıdırlar.