Naxçıvan Muxtar Respublikası

Müəllif: Mr. OffiCeR
Şərhlər: 7
Baxılıb: 3 436
Səs ver:
(səs: 4)
Naxçıvan Muxtar Respublikası (1920-1923-cü illərdə Naxçıvan Sovet Sosialist Respublikası, 1923-1924-cü illərdə Naxçıvan Muxtar Diyarı, 1924-1990-cı illərdə Naxçıvan Muxtar Sovet Sosialist Respublikası, 1990-cı ildən bu günə kimi Naxçıvan Muxtar Respublikası) — Azərbaycan Respublikasının tərkibində muxtar dövlət. Şimalda və Şərqdə Ermənistan Respublikası (sərhəd xəttinin uzunluğu 246 km), Qərbdə Türkiyə Cümhuriyyəti (sərhəd xəttinin uzunluğu 11 km), Cənubda isə İran İslam Respublikası (sərhəd xəttinin uzunluğu 204 km) ilə həmsərhəddir.

Naxçıvan Muxtar Sovet Sosialist Respublikası 9 fevral 1924-cü ildə yaradılmışdır. Naxçıvan MR-in Ermənistan ilə təbii sərhəddini, əsasən Zəngəzur və Dərələyəz silsiləsinin suayırıcıları, Türkiyə və İranla sərhəddini isə Araz çayı təşkil edir. Ərazisi Şimal-Qərbdən Cənub-Şərqə doğru 158 km məsafədə uzanır. Muxtar Respublikanın Şimalda ən ucqar nöqtəsi Saraybulaq silsiləsinin Şərur rayonu ərazisindəki Kömürlü dağı (2064 m), ən cənub nöqtəsi isə Arazın sol sahilində 600 m yüksəklikdə yerləşən Zerəni dəmir yol stansiyasıdır. Şimaldan Cənuba doğru ən böyük məsafəsi 75 km-ə bərabərdir.

Qədim Azərbaycan torpağı olan Zəngəzurun 1920-ci ildə sovet rəhbərliyi tərəfindən Ermənistana verilməsi nəticəsində 44-45 km enində zolaq Araza doğru uzanaraq, Naxçıvan MR-i Azərbaycan Respublikasının qalan ərazisindən ayırmışdır. 1924-cü ildə Naxçıvan MSSR-də 3 qəza və 12 dairə təşkil olunmuş, 1925-ci ildə qəzalar ləğv edilmiş, dairələrin sayı 8-ə endirilmişdi: Baş Noraşen, Qıvraq, Tumbul, Əbrəqunis, Nərimanov, Culfa, Parağa və Ordubad dairələri. 1930-cu ilin birinci yarısında Şahbuz rayonu əlavə edilməklə Şərur, Naxçıvan, Culfa, Ordubad və Əbrəqunis rayonları yaradılmışdır. 1948-ci ildə Əbrəqunis rayonu Culfa rayonu ilə birləşdirildikdən sonra, Naxçıvan MSSR inzibati cəhətdən beş rayona (Naxçıvan (1978-ci ildən Babək), Şərur, Şahbuz, Culfa və Ordubad) bölünmüşdür. 1990-cı il 28 avqustda Azərbaycan SSR Ali Sovetinin fərmanına əsasən Türkiyə ilə həmsərhəd bölgənin sosial-iqtisadi inkişafını daha da sürətləndirmək və gücləndirmək məqsədi ilə, həmçinin ərazinin geostrateji mövqeyi nəzərə alınaraq, Sədərək kəndi və ona məxsus ərazilər əsasında Sədərək rayonu yaradılmışdır.

1929-cu il 18 fevralda Zaqafqaziya MİK totalitar inzibati-amirlik şəraitində Naxçıvan MSSR-in doqquz kəndinin – Şərur dairəsinin Qurdqulaq, Xaçik, Horadiz, Şahbuz nahiyyəsinin Oğbin, Sultanbəy, Ağxəç, Almalı, İtqıran kəndlərinin, Ordubad dairəsinin Qorçevan kəndinin, habelə Kilit kəndinin torpaqlarının bir hissəsinin, əkin sahələri və torpaqları ilə birlikdə Ermənistan SSR-ə birləşdirilməsi haqqında qərar qəbul etmişdir. Zaqafqaziya MİK-in Naxçıvanın sərhədləri məsələsinə baxması, Moskva müqaviləsi (1921) və Qars müqaviləsi (1921) sənədlərini imzalayan tərəflərin iştirakı olmadan Naxçıvan ərazisinin bir hissəsinin Ermənistana verilməsi beynəlxalq hüquq normalarının kobudcasına pozulması olmuşdur[3].

1 yanvar 2014-cü ilə olan vəziyyətə əsasən Muxtar Respublika inzibati cəhətdən yeddi rayona və Naxçıvan şəhər inzibati ərazi dairəsinə bölünmüşdür; bu inzibati vahidlərdə 5-i şəhər (Naxçıvan, Ordubad, Culfa, Şərur və Şahbuz), 8-i şəhər tipli qəsəbə, 206-sı kənd olmaqla toplam 219 yaşayış məntəqəsi yerləşir.[1][4] Muxtar Respublikanın inzibati mərkəzi qədim Naxçıvan şəhəridir.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 3 436
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri