Zəngilan haqqında

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 5 468
Səs ver:
(səs: 0)
1993-cü ilin 29 oktyabr tarixində - düz, 16 il əvvəl Azərbaycanın dilbər guşələrindən olan Zəngilan rayonu ermənilər tərəfindən işğal olundu. Üç tərəfdən mühasirəyə alınan zəngilanlılar həmin günü Araz çayını keçərək İrana, oradan isə respublikamızın müxtəlif bölgələrinə səpələndilər. Talelərinə qaçqın kimi yaşamaq düşən hər bir zəngilanlının bu gün ən böyük arzusu yenidən öz doğma torpaqlarına qayıtmaqdır. Son zamanlar Dağlıq Qarabağ ətrafında yerləşən rayonların işğaldan azad olunması ilə bağlı aparılan intensiv danışıqlar, deyəsən, öz bəhrəsini verməkdədir. Danışıqlar prosesində böyük irəliləyişin olduğu ən yüksək səviyyədə - ölkə başçısı tərəfindən də bəyan edildi. Aralarında Zəngilanın da olduğu işğal edilmiş 5 rayonun ermənilər tərəfindən boşaldılacağı barədə ilkin razılaşmanın olmasını Prezident İlham Əliyev də təsdiqlədi. Ölkə başçısının bu açıqlaması bu gün Zəngilan həsrəti ilə yaşayan on minlərlə zəngilanlı üçün bir müjdə, bir ümid işığı oldu. 16 ildir Zəngilan həsrəti ilə yaşayan bu insanlar bütün çətinliklərə baxmayaraq, doğma torpaqlarının işğaldan azad olunacağı günü indi daha artıq səbirsizliklə gözləyirlər.
“Zəngilansız illər“ onların sevgisini azalda bilməyib
İşğalın 16-cı ildönümü ərəfəsində Zəngilan rayonundan olan məcburi köçkünlərin məskunlaşdıqları Dövlət Neft Akademiyasının tələbə yataqxanasında olduğumuz zaman bir daha şahid olduq ki, aradan keçən Zəngilansız illər taxta və şifer parçalarından tikilmiş baraklarda və hər an uçub-dağılmaq təhlükəsi ilə üz-üzə qalan yataqxana binalarında yaşayan zəngilanlıların doğma torpaqlarına olan sevgisini azalda bilməyib. Paytaxtın mərkəzində yerləşən “qaçqın düşərgəsi“nin sakinləri ilə söhbət etdiyimiz zaman onların hamısı bir nəfər kimi bildirdilər ki, düz 16 ildir Zəngilana qayıdacaqları günü səbirsizliklə gözləyirlər. “Buradakı vəziyyətin nə qədər dözülməz olduğunu siz də görürsünüz. Doğma torpaqlarımıza geri dönəcəyimizi bildiyimiz üçün bu cür dözülməz şəraitdə yaşamağa razı olmuşuq“,- deyən Hacı adlı həmsöhbətimiz onu da qeyd etdi ki, bu gün Neft Akademiyasının tələbə yataqxanasında məskunlaşan bütün məcburi köçkünlər son zamanlar işğal olunmuş torpaqların azad olunması ilə bağlı aparılan danışıqları diqqətlə izləyir: “Açığını deyək ki, əvvəllər torpaqların azad olunacağı ilə bağlı deyilənlərə o qədər də inanmırdıq. Amma indi daha çox inanırıq“.
“Hər dəqiqə Zəngilana
qayıdacağımız günü gözləyirik“
“Zəngilanın işğalından danışmaq mənim üçün çox çətindir“,- deyən Milli Məclisin deputatı, yazıçı-jurnalıst İmamverdi İsmayılov bizimlə söhbətdə bildirdi ki, Zəngilanın itirilməsi bütün zəngilanlılar kimi ona da əzab verir: “İnsanın doğulub boya-başa çatdığı torpaqlardan ayrı yaşamasından, o yerlərə gedə bilməməsindən ağır nə ola bilər? Ən yaxın insanlarımızın məzarları o torpaqlarda qalıb. Biz oranı necə unuda bilərik? Hər an, hər dəqiqə Zəngilana qayıdacağımız günü gözləyirik“. Dağlıq Qarabağ ətrafında yerləşən 5 rayonun işğaldan azad olunması ilə bağlı ilkin razılığın olması barədə ölkə prezidentinin səsləndirdiyi bəyanata münasibət bildirən deputat qeyd etdi ki, təkcə onda deyil, zəngilanlıların əksəriyyətində torpaqların tezliklə işğaldan azad olunacağına dair böyük inam var. İmamverdi müəllimə verdiyimiz: “Torpaqlarımız işğaldan azad olunarsa, Zəngilanda yaşamağa və işləməyə razı olarsınızmı?“ - sualına: “Heç fikirləşmədən“,- deyə cavab verdi.
“Zəngilanın işğaldan azad olunması xəbəri
mənim eşidə biləcəyim ən xoş xəbər olacaq“
“Mənim və ailəmin ən böyük arzusu yenidən o torpaqlara qayıtmaqdır. Zəngilanın işğaldan azad olunması ilə bağlı xəbər mənim eşidə biləcəyim ən xoş xəbər olacaq“,- deyən tanınmış telejurnalist Zəminə Əliyevanın sözlərinə görə, onun həyatının ən mənalı və heç vaxt unuda bilməyəcəyi anları Zəngilanla bağlıdır. “Əminəm ki, mənim kimi bütün zəngilanlılar da o torpaqlara qayıdacaqları günü səbirsizliklə gözləyirlər. O yerlərdə əzizlərimizin, yaxınlarımızın məzarları qalıb. Dəfələrlə o torpaqlarla bağlı süjetlər hazırlayıb, efirə vermişəm. Zəngilan işğaldan azad olunarsa, ora ilk gedənlərdən biri də yəqin ki, mən olacağam“. Bunları da Zəminə xanım söylədi.
“Zəngilanın işğaldan azad
olunması üçün hər şeyə hazırıq“
Zəngilanın işğaldan azad olunacağı günü səbirsizliklə gözləyənlərdən biri də keçmiş döyüşçü, “zəngilan.com“ internet saytının təsisçisi Novruz Məmmədzadədir. “Çiyin-çiyinə döyüşdüyüm insanlar yanımda şəhid oldular. Müharibədə ölmək bizə qismət olmadı. Bu gün yaşayırıqsa, deməli, Zəngilan üçün də nəsə etməliyik“,- deyən həmsöhbətimiz Zəngilanın işğaldan azad olunması üçün hər şeyə hazır olduqlarını bildirdi: “Əgər müharibə olarsa, əlimizə silah alıb, yenidən döyüşməyə hazırıq. Yox, əgər torpaqlar danışıqlar yolu ilə geri qaytarılacaqsa, o zaman da Zəngilanın yenidən qurulmasında, abadlaşdırılmasında öz əməyimizi əsirgəməyəcəyik“. Müsahibimiz Zəngilanda görüləcək tikinti-abadlıq işləri ilə bağlı arzularını da bizimlə bölüşdü: “Zəngilan işğaldan azad olunarsa, ilk işimiz orada məscid tikmək olmalıdır. Bunun üçün rayon mərkəzindəki keçmiş ticarət mərkəzinin ərazisi ən münasib yerdir. Zəngilanın təbii sərvətləri çoxdur. Ən qısa müddətdə rayonun əvvəlki görkəmini bərpa edə bilərik“.

Ərazisi: Zəngilan rayonu şimaldan Qubadlı və Cəbrayıl, cənubdan və şərqdən İran İslam Respublikası, qərbdən Ermənistan Respublikası ilə həmsərhəddir. Rayon ərazisi Kiçik Qafqaz dağlarının cənub tərəfində Arazboyu hissədə yerləşir. Sahəsi 0,71 min kvadratkilometr olan Zəngilan rayonunda əsasən dağlıq ərazilər üstünlük təşkil edir. Dağlıq hissələrdə sıx meşələr yayılıb. Rayonun ərazisi müalicə əhəmiyyətli bitkilərlə və bulaqlarla zəngindir. Ərazidə zəngin tikinti daşı, gil, mərmər və s. materiallar var.
Əhalisi: mərkəzi Zəngilan şəhəri olan rayonda bir şəhər, bir şəhərtipli qəsəbə, bir qəsəbə, 81 kənd var idi. Rayon əhalisinin sayı 1989-cu ildə 31 330 nəfər, 1993-cü ildə - işğal ərəfəsində 35 350 nəfər və Dövlət Statistika Komitəsinin 2007-ci ildə açıqladığı son məlumata görə isə, 38 min nəfər olub. Əhalinin əksəriyyətini (99,92%) azərbaycanlılar təşkil edir. Hazırda Bakıda və respublikamızın digər rayonlarında məskunlaşan zəngilanlılar erməni təcavüzü nəticəsində 200 nəfərdən çox şəhid veriblər, 50-dən çox insanın taleyindən bu günə qədər bir xəbər yoxdur, 12 800 uşaq zərər çəkib, 395 uşaq yetim qalıb, 127 nəfər isə müharibə nəticəsində əlil olub.
Tarixi: Zəngilan rayonu 1930-cu ildə təşkil edilib. 1828-ci ilə qədər bölgənin qərb hissəsi Naxçıvan, şərq hissəsi isə Qarabağ xanlığının tərkibinə daxil olub. 19-cu əsrin əvvəllərində Rusiyanın Qafqazı işğal etməsindən sonra yeni ərazi-inzibati bölgüsü aparılıb və 1868-ci ildə Yelizavetpol quberniyası təsis olunub. İndiki Zəngilan rayonunun ərazisi də bu quberniyanın tərkibinə daxil edilib.
XIV əsrdə yaşamış məşhur coğrafiyaşünas və tarixçi Həmdullah Qəzvininin yazdığına görə, Zəngilanın əsası 636-cı ildə qoyulub. Rayonun ərazisində aparılan arxeoloji qazıntılar zamanı e. ə. IV -II əsrlərə aid edilən sikkələr aşkar edilib. Bunların əksəriyyəti isə Makedoniyalı İsgəndərin adına zərb olunan sikkələrdir.
İqtisadiyyatı: Əsasən kənd təsərrüfatı - taxılçılıq, tütünçülük, kartof əkini, meyvəçilik, bostançılıq və baramaçılıq inkişaf edib. Rayonda konserv, mərmər, çınqıl zavodları fəaliyyət göstərirdi. Zəngilan rayonu tikinti daşı, əhəng xammalı, əhəng daşı, molibden, qızıl, qranit və digər yerüstü və yeraltı ehtiyatlarla da zəngindir.
Zəngilanda nələr qaldı? - Konserv, çınqıl, asfalt zavodları, toxuculuq kombinatı, kimyəvi təmizləmə və mərmər sexi, barama və tütün qəbulu və qurutması məntəqəsi, 68 orta məktəb, 46 uşaq bağçası, 39 mədəniyyət evi, 70 kitabxana, 9 muzey kompleksi, 4 musiqi məktəbi, 19 kino-klub, 64 səhiyyə obyekti, 42 rabitə obyekti və onlarla, yüzlərlə bu cür müəssisələr.
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 5 468
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri