Ağoğlan türbəsi — Sədərək rayonunun Sədərək kəndinin şimalında ziyarətgahdır. Yerli əhalinin məlumatına görə, Seyid Pərinin qəbri üzərində tikilmişdir. Seyid Pəri və onun oğlu Ağoğlanla bağlı xalq arasında əfsanə vardır. Əfsanəyə görə, Ağoğlan bədniyyətli dərvişi öldürərək əhalinin firavan yaşayışını və rahatlığını təmin etmişdir. Bu ərazi xalq tərəfindən müqəddəs sayılaraq ziyarət edilir. Qəbirüstü abidə günbəzlə tamamlanan çoxüzlü prizma formasındadır. Türbənin girişi cənubdandır. Üzlərində tağşəkilli pəncərələri var. Ziyarətçilər dilək tutaraq şam yandırıb türbənin divarlarında oyuqlara qoyurlar. Türbənin ətrafındakı bulağın da suyu müqəddəs və şəfaverici hesab edilir.