Bildiyimiz kimi imanın altı əsası vardır. Bunlar - Allaha, Onun
mələklərinə, kitablarına, elçilərinə, Axirət gününə, qədərin xeyrinə və
şərinə qəti inanmaqdır. Hər bir müsəlman bu altı əsasa iman
gətirməlidir. Allahın peyğəmbərlərinə və elçilərinə iman gətirmək bu
əsaslardan biri hesab olunur. Uca Allah buyurur: "Peyğəmbər Rəbbi
tərəfindən ona nazil edilənə (Qurana) iman gətirdi, möminlər də (iman
gətirdilər). Hamısı Allaha, Onun mələklərinə, kitablarına və elçilərinə
iman gətirdilər. (Onlar dedilər): "Biz Onun elçiləri arasında fərq
qoymuruq!” (əl-Bəqərə, 285). Bu ayədə Uca Allah elçilərə olan imanı
imanın digər əsasları arasında qeyd edir və elçiləri qəbul etməkdə
aralarında fərq qoymamağı buyurur. Uca Allah buyurur: "Allahı və Onun
elçilərini inkar edənlər, Allahı Onun elçilərindən ayırmaq istəyib: "Biz
o elçilərin bəzisinə inanır, bəzilərinə isə inanmırıq!"– deyənlər və
bunun arasında bir yol tutmaq istəyənlər – məhz onlar əsl kafirlərdir.
Biz kafirlər üçün alçaldıcı bir əzab hazırlamışıq. Allaha və Onun
elçilərinə iman gətirən və onlardan heç birinin arasında fərq
qoymayanlara Allah öz mükafatlarını verəcəkdir. Allah Bağışlayandır,
Rəhmlidir” (ən-Nisə, 150-151). Bu ayələrdən aydın olur ki, əgər insan
Allahın elçilərinə iman gətirməzsə və ya onların arasında fərq qoyarsa,
bəzilərini qəbul etsə belə o, əsl kafir hesab edilir. Quran insanları
bütün elçilərə iman gətirməyə çağırır, lakin onların hamısının eyni
dərəcədə olduğunu və bəzisinin digərlərindən üstün olmadığını güman
etmək doğru deyildir. Əksinə, Allah hər bir elçisini bir çox mömin
bəndələrindən üstün tutaraq layiq olduğu dərəcəyə yüksəltmişdir. Uca
Allah buyurur: "Biz o elçilərin bəzisini digərlərindən üstün etdik.
Onlardan bəzisi ilə Allah danışmış, bəzisini isə dərəcələrə
yüksəltmişdir. Biz Məryəm oğlu İsaya açıq-aydın dəlillər verdik və onu
müqəddəs Ruh (Cəbrail) ilə qüvvətləndirdik. Əgər Allah istəsəydi,
onlardan sonra gələnlər özlərinə açıq-aydın dəlillər gəldikdən sonra
bir-biriləri ilə vuruşmazdılar. Lakin onlar ixtilaf etdilər. Onlardan
kimisi iman gətirdi, kimisi də inkar etdi. Əgər Allah istəsəydi, onlar
bir-biriləri ilə vuruşmazdılar. Lakin Allah istədiyini edir” (əl-Bəqərə,
253). Qurani Kərimdə aşağıdakı iyirmi beş peyğəmbərin və elçinin adı
qeyd olunur: 1. Adəm 2. Nuh 3. İbrahim 4. İsmail 5. İshaq 6. Lut 7.
Yəqub 8. Yusuf 9. Musa 10. Hərun 11. Davud 12. Suleyman 13. İlyas 14.
Əlyəsə`ə 15. Yunus 16. Əyyub 17. Zəkəriyyə 18. Yəhyə 19. İsa 20. İdris
21. Hud 22. Zulkifl 23. Şueyb 24. Salih 25. Muhəmməd Bəzi ayələrdə bu
peyğəmbərlərin adları sıra ilə qeyd edilir: "Biz Nuha və ondan sonrakı
peyğəmbərlərə vəhy etdiyimiz kimi sənə də vəhy etdik. Biz İbrahimə,
İsmailə, İshaqa, Yaquba və onun nəslinə, İsaya, Əyyuba, Yunusa, Haruna
və Süleymana da vəhy etdik. Davuda da Zəburu verdik” (ən-Nisə, 163).
"Bunlar, öz qövmünə qarşı İbrahimə verdiyimiz dəlillərimizdir. Biz
istədiyimiz kəsi dərəcə-dərəcə ucaldarıq. Şübhəsiz ki, Rəbbin Müdrikdir,
Biləndir. Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola
yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən
olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı
əməl sahiblərini belə mükafatlandırırıq. Zəkəriyyanı, Yəhyanı, İsanı və
İlyası da. Hamısı əməlisalehlərdən idilər. İsmaili, Əlyəsə`i, Yunusu və
Lutu da. Hamısını aləmlərdən üstün etdik” (əl-Ənam, 83-86). Qurani
Kərimdə bu böyük şəxsiyyətlərlə yanaşı Loğman, Zülqarneyn və Üzeyr kimi
əməlisalehlərin adları da qeyd edilir. Bəzi İslam alimləri onların da
peyğəmbər olduğunu hesab edirlər. Həmçinin, Qurani Kərimdə bəzi
peyğəmbərlər haqqında danışılır, lakin onların adları çəkilmir. Buna
misal olaraq əl-Kəhf surəsindəki Musanın qissəsini gətirmək olar. Həmin
qissədə Xıdır peyğəmbərdən söhbət gedir, lakin adı çəkilmir. Onun adı
Peyğəmbərin hədislərində qeyd olunur. Allahın elçilərinin sayı yalnız
bütün bu deyilənlərlə məhdudlaşmır. Uca Allah buyurur: "Biz səndən əvvəl
də elçilər göndərmişdik. Onlardan bəziləri haqqında sənə danışmış,
bəziləri haqqında isə danışmamışıq. Heç bir elçi Allahın izni olmadan
hər hansı bir ayə gətirə bilməzdi. Allahın əmri gəldikdə isə ədalətlə
hökm verilər və yalan danışanlar orada ziyana uğrayarlar” (Ğafir, 78).
Bu ayə açıq-aydın dəlalət edir ki, elçilərin əksəriyyəti Quranda qeyd
olunmamışdır. Tək Allaha ibadət etmək və Ona şərik qoşmaqdan çəkinmək
prinsipi bütün elçilərin dəvətinin əsasını təşkil etmişdir. Allah
buyurur: "Biz hər ümmətə: "Allaha ibadət edin, Tağutdan (Allaha şərik
qoşmaqdan) çəkinin! – deyə peyğəmbər göndərmişdik" (ən-Nəhl, 36).
Onların hamısı vahid bir dini təbliğ etmiş və onlar bir əqidəyə sahib
olmuşlar. Onlar insanlara Allahın buyuruqlarını çatdırır və doğru yolu
göstərirdilər. Buna baxmayaraq onların gətirdikləri qanunlar fərqli
olmuşdur. Bu qanunlar onların yaşadığı dövrə və göndərildiyi xalqa uyğun
gəlirdi. Uca Allah buyurur: "Sizlərdən hər biriniz üçün bir şəriət və
bir yol təyin etdik" (əl-Maidə, 48).