Allahın ən sevimli bəndəsi – Həzrəti Muhəmməd (s.ə.s.)

Müəllif: Pure Love
Şərhlər: 4
Baxılıb: 2 298
Səs ver:
(səs: 0)
Bildiyiniz kimi, Uca Allah varlığını və təkliyini insanlara çatdırmaq üçün müxtəlif zamanlarda peyğəmbərlər göndərmişdir. Bu peyğəmbərlərin arasında Həzrəti Muhəmmədin (s.ə.s.) müstəsna bir yeri vardır. Bütün peyğəmbərlər və rəsullar onu mücdələyiblər. Bütün səmavi kitablarda ondan söz açılıb. Yəni bütün elçilər onun mücdəçiləri, nazil olunan kitablar da onun peyğəmbərlərinin şahidləridir.

O, imansızlığın, əxlaqsızlığın, zülmün və cəhalətin bəşəriyyəti bürüdüyü bir zamanda bir hidayət şöləsi kimi gəlmişdir. Peyğəmbərlik qapısı onunla bağlanmış və möhürlənmişdir. O, həm insanlığın, həm də peyğəmbərliyin zirvəsidir. Heç bir qələm onu təsvir, heç bir dil onu vəsf edə bilməz. Daşıdığı "Muhəmməd" adı belə onu vəsf edir. Allah şəxsən onu tərif edərək yaratmışdır. O, "həbib", yəni sevgili məqamındadır.

Allahı tapmaq və Onu tanımaq Həzrəti Muhəmməd (s.ə.s.) və onun getdiyi yol vasitəsilə mümkündür. Yəni Allaha gedən yol Həzrəti Muhəmməddən (s.ə.s.) keçir. Muhəmmədsiz (s.ə.s.) məhəbbət ola bilməz. Necə ki, Qurani-Kərimdə buyurulur: "De: "Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah bağışlayandır, mərhəmətlidir" (Ali-İmran, 31).

O, zahirən ümmi olmuş, yazıb-oxumaq bacarmamışdır. Əslində isə o, "ummu'l-kitab" idi. Elm dəryası idi. Ona kim müəllimlik edə bilərdi ki?! Kim ona nəyi və necə öyrədə bilərdi?! Bəli, mövcüd olan məxluqatın heç biri ona müəllimlik edə bilməzdi. Çünki onun müəllimi, ustadı şəxsən əzəli və əbədir olan Allah idi. O, bütün elmləri əhatələmişdi.

O, başqa peyğəmbərlər kimi bir qövmün, bir millətin deyil, bütün bəşəriyyətin peyğəmbəridir. Cahanın yol göstərənidir. Mömin olan da, kafir olan da onun ümmətidir. Onun missiyasından xəbərdar olub ona boyun əyənlər necə də bəxtiyardılar! Ona "Muhəmmədun Rəsulullah" deyil, sadəcə "Abdullahın oğlu Muhəmməd" kimi baxanlar isə məhvə məhkumdurlar.

Onun həyatı ədəb, nəzakət, yaxşılıq, təmizlik, sevgi, şəfqət, mərhəmət, səmimiyyət, vəfa, dürüstlük və başqa fəzilətlərlə dolu bir həyatdır. Allah-Təala da onu bəşəriyyətə təqdim edərkən: "Şübhəsiz ki, sən böyük bir əxlaq üzərindəsən!" (Nun, 4) buyurmuşdur. Bəli, o, aləmlərə rəhmət olaraq gəldi, sevgi ilə nəzər saldı, mərhəmətlə sinəsini açdı.

İki cahanın günəşi Hz Muhəmməd Mustafanı (s.ə.s.) şəxsən Allah sevmiş, ondan razı olmuş və onun özünü də razı edəcəyini vəd etmişdir. Duha surəsinin 5-ci ayəsində buyurulur: "Həqiqətən, Rəbbin sənə bəxş edəcək və sən razı qalacaqsan". Bu da axirətdə ona məqami-mahmudun, yəni şəfaət məqamının veriləcəyinə işarədir. Bir hədisdə Rəsulullah belə buyurmuşdur: "Rəbbim mənə "Razı qaldınmı?" buyurana qədər şəfaət edəcəyəm". Bundan böyük, bundan yüksək bir mərtəbə ola bilərmi?

Belə bir peyğəmbərin ümməti olmaq nə böyük bir bəxtiyarlıq və nə böyük bir şərəfdir. Onun yolu ilə getməyən həmişə ziyan içərisində, fəlakət içərisində olacaqdır. Bəşəriyyətin əbədi səadətə qovuşması ancaq o böyük insanı hər zaman və hər yerdə örnək almaqla mümkündür. O, bizim hidayət səbəbimizdir, xilaskarımızdır. İslamın həqiqətini, həyatın və ölümün zövqünü bizə o öyrətmişdir. Könlümüzdə həmişə ona yer olmalıdır. Onsuz necə yaşaya bilərik? Allah hamımıza onun şəfaətini nəsib etsin.

Aqil HACIYEV
(səs: 0)
Şərhlər: 4
Baxılıb: 2 298
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri